(1936 – 1985)
Qulamhüseyn Ələsgər oğlu Saedi 1936 – cı il yanvarın 14 – də Təbriz şəhərində anadan olmuşdur.İlk və orta təhsilini Təbrizin ” Bədr” və “Mənsur” məktəblərində başa vuran Saedinin təhsil aldığı vaxtlarda ilk hekayələri “Daneşamuz” həftəlik dərgisində,”Yıxılmayanlar” romanı isə ” Kəbutəre solh”dərgisində nəşr olunub. İctimai – siyasi fəaliyyətinə görə şah rejimi tərəfindən həbs edilir.Bir neçə aylıq istintaqdan sonra fəaliyyətində qanuna zidd heç bir şey tapmadıqlarından onu həbsdən azad etmək məcburiyyətində qalırlar.
20 yaşında Təbriz Universitetinin Tibb fakültəsinə qəbul olunan Qulamhüseyn Saedi təhsil aldığı müddətdə yazıçı – pedaqoq Səməd Behrəngi, Behruz Dehqani, Məftun Əmini, Kazım Səadəti və digərləri ilə dostluq edir.
O, ölkəni gerilikdən qurtarmaq haqqında keçirilən müzakirələrdə fəal iştirak edir.
Nümayişlərdə, tələbə hərəkatlarında fəallıq edən Qulamhüseyn Saedi 1961 – ci ildə Təbriz Universitetini bitirib psixoloq ixtisası alaraq həkimlik fəaliyyətinə başlamaq istəyir.Lakin həkim kimi işə başlaya bilmir.Onu əsgəri xidmətə cəlb edərək Tehran şəhərinə göndərirlər.Hərbi xidmətdə olarkən əsgərlərin həyatından bəhs edən üç qısa hekayə yazır. Bu hekayələr ölümündən sonra ” Kilk” adlı jurnalda nəşr edilir.
“Qohər Murad” ləqəbi ilə ilk olaraq şeirlə ədəbiyyata gələn Qulamhüseyn Saedi publisistikada, nəsrdə, dramaturgiyada, həmçinin tərcümə sahəsində də qələmini sınayır.1965 – 1975 – ci illərdə 80 əsər, o cümlədən pyes,hekayə, pantomim, roman yazır və tərcümələr edir.
1964 – cü ildən Cəlal Al – Əhmədin rəhbərlik etdiyi İranın Tədqiqat və İctimai Araşdırmalar Mərkəzində çalışmağa başlayan Qulamhüseyn Saedi “Keyhan”,” Ettelat”,”Ayəndeqan”,” Azadi”, “Rəhayi” və s.qəzet, jurnallara məqalələr yazır, “Əlifba” jurnalını nəşr edir.
Araşdırmalar mərkəzindəki işi ilə bağlı səfərlərə çıxan Q.Saedi Azərbaycanın bir çox şəhər və kəndlərini, İranın cənub bölgələrini qarış – qarış gəzib dolaşır, xarici ölkələrdə olur.
Səfər təəssüratlarını və topladığı etnoqrafik materialları ” Xiyav, ya Meşkin şəhr”, ” İlxıçı”,”Qaradağ”,” Körfəz kənarında xoş bir kölgə”,”Sadə havaşünaslıq”,” Ah – nalə” adlı kitabda çap edilir.
O, 1965 – ci ildə yazmış olduğu səkkiz hekayəni bir yerə toplayaraq Tehranda” Bəyəldə yas” adı altında çap etdirir.Bundan sonra gənc yazıçının cəmiyyətdəki nöqsanları tənqid etməsini dövlət əleyhinə aparılan təbliğat kimi qiymətləndirib həbs edir, ağır işgəncələr verirlər.
1979 – cu ildə İranda İslam inqilabı qələbə çaldıqdan qısa müddət sonra inqilabın ümidlərini doğrultmadığını görən Qulamhüseyn Saedi yenidən müxalifətə qoşulur.İran Yazıçılar Cəmiyyətini yaradanlardan biri olur.
Rejimin müxalifətə qarşı təqib və təzyiqləri artdığı üçün Q.Saedi dözülməz şəraitdən cana doyub 1982 – ci ilin sonlarında Fransaya gedir.Parisdə olarkən Bədr Lənkərani adlı xanımla ailə qurur.
O illərdə” Otello qəribə məmləkətdə”,” Nurlu qəlblər”,” Doktor əkbər” və ” Renessans” ssenarilərini və Dariyuş Mehrcuyi ilə birlikdə “Ev təmiz olmalıdır” hekayəsi əsasında ” Molus -Korpus” ssenarisini yazır.
Parisdə olan müddətdə yenidən ” Əlifba” jurnalının nəşrinə başlayan Qulamhüseyn Saedi dörd ilə jurnalın yeddi sayını çap etdirə bilir.Qulamhüseyn Saedi ” Şəhərdə bir qərib”,” Top,”Gülər üzlü tatar” romanlarını tamamlasa da, ” Ölüm yeri”Sınıqçı” əsərlərini tamamlayıb nəşr etdirə bilmir.
Qulamhüsey Saedi 1985 – ci il noyabr ayının 23 – də 49 yaşında Parisdə dünyasını dəyişir və Perlaşen qəbristanlığında dəfn edilir.
Təqdim etdi:G.İ.
Müəllifi Guləddin İsmayilov
Azərbaycan Jurnalistlər Birliyinin üzv