آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

Milli hüquq mübarizəsi və onun gələcək prespektivləri

İran İslam respublikası konstitusiyasının 15-ci maddəsinə əsasən İranda yaşayan milli etniklərin dillərindən mətbuat və kütləvi informasiya mərkəzlərində istifadə etmək, habelə onların ədəbiyyatlarını məktəblərdə tədris etmək azaddır. Bəhmən inqilabından 35 il keçməsinə baxmayaraq konstitusiyasının bu maddəsi xalqın xeyrinə olan bir çox başqa maddələr kimi, o cümlədən, siyasi, ictimai, mədəni cəmiyyət və partiyaların azadlığı nəinki, icra olunmamışdır, bəlkə də bilərəkdən onlara göz yumulmuşdur.

Cənab Həsən Ruhani, Prezident seçkilərindən öncə üçüncü bəyanatında İranı “Müxtəlif din və etniklərin ətirli bağı” adlandıraraq, öhdəlik götürdü ki, əgər prezident seçilərsə, İran millətləri arasında olan ayrıseçkiliyə və ədalətsizliyə son qoyacaq. Bu bəyanatın ən mühüm qismi millətlərin öz dilində məktəb və universitetlərdə təhsil alması, yəni 15-ci maddənin icrası, habelə onların mədəniyyət və ədəbiyyatlarını qoruyub, inkişaf etməklə İranın əski mədəni irsini saxlamaq məsələləri idi. Sonralar bu öhdəliklərə əməl etmək üçün o, cənab seyd Məhəmməd Xatəminin təhlükəsizlik naziri olmuş Əli Yunisini “milli və dini azlıqların işi üzrə” prezidentin xüsusi müşaviri təyin etdi. “Milli və dini azlıqların işi üzrə” prezidentin müşaviri öz çıxış və müsahibələrində milli partiyalar, ana dilində tədris və bu kimi məsələlər haqda nitq söyləmişlər. Cənab Yunisi bu mühüm və həyatı məsələlərin həllində münasib şəxs olub-olması və yaxud belə məsələləri çözməyə İslam hökuməti qadir olub-olması sualına gələcək cavab verəcəkdir.

İran İslam Respublikasının planlaşdırma proqramında İlk dəfə olaraq “Etniklər və İranın inkişafı” mövzusu 1381-ci ildə(2002) ölkənin dördüncü inkişaf proqramında bir məsələ olaraq ortaya qoyuldu. Həmin ilin dey ayında Cənab Ehsan Hüşməndin təşəbbüsü ilə Əlirza Sərrafi, Cavad Heyət (Azərbaycanlı), Habelə Ehsan Huşmənd, Məmmədəli Sultani(Kürd), Yusif Bənitorof, Novruz Həmzi(Ərəb) və Əbdüləziz Bəxşan(Bəluç) cənablarının iştirakı ilə dəyərmi masa təşkil olundu. Bu yığıncaq iştirakçıları statistika və sənədlər əsasında ölkədə yaşayan xalqların iqtisadi, ictimai və mədəni problemləri haqda müzakirə etdilər. Natiqlər dövlət statistikasına söykənərək təhsil və mədəni problemlərdən əlavə mərkəzlə başqa əyalətlər arasında iqtisadi baxımdan dərin uçurumun yarandığını dilə gətirib və ciddi şəkildə bu təhlükəli aradan qaldırmaq üçün mərkəzçilik siyasətinə son qoyulmasını tələb etdilər.

Dövlət dəyişib və Əhmədinəjadın hakimiyyətə gəlişi ilə xalqların hüquqlarının bir qismi barədə atılan kiçik addımların da qarşısı alındı. Xalqların hüquqlarının tapdalanması siyasəti kəskin şəkildə rejimin təhlükəsizlik qüvvələrinin diqqət mərkəzində oldu. Onlar milli fəalları “Sparatçılıq, təxribatçılıq, ölkənin təhlükəsizliyini xətərə salan və rejimi təhqir etmək … ” ittihamı ilə təqib və həbs etməyə başladılar. Bu siyasət o dərəcədə irəli getdi ki, hətta Urmu gölünün qurmasına etiraz edənləri də əhatə etdi. Mədəni, siyasi və ekologiyanın qorunması tərəfdaşları ki, Urmu gölünün quruması faciəsinin qarşısını almağa dövlətdən təcili tədbirlərin görülməsini tələb edirdilər, rejimin təhlükəsizlik məmurları tərəfindən hücuma məruz qalaraq, bir çoxları da tutulub və həbsə salındılar.

İran İslam rejimi də Rza şahın rejimi kimi İranın ərazi bütövlüyünü qorumaq və xarici düşmənlərin fitnəkarlığının qarşısını almaq bəhanəsi ilə İran xalqlarının hüquqlarını tapdalamağı qarşısına məqsəd qoymuşdur. Təkcə onların arasında olan fərqlər bundan ibarət idi. Rza şah “Bütöv və böyük bir millət ” və İslam rejimi isə ” Vahid Ümmət” şüarını irəli sürmüşlər.

Halbuki, həm inkişaf tapmış ölkələrin və həm də İranın qısamüddətli təcrübələri göstərir ki, İntizamlı inkişaf və xalqlar arasında olan dərin çatlarının azalmasını nəzərə almadan ölkədə heç bir irəliləyişdən söhbət gedə bilməz. Mərkəzçi dövlətlərin düşüncələrinin əksinə olaraq xalqlar arasındakı tarixi Çatları, yəni tarixən belə dövlətlərin yürütdükləri siyasət nəticəsində xalqlar arasında yaranan etnik çatları, o cümlədən milli ayrıseçkilik milli zəmində xalqlar arasında münaqişələrə səbəb olur. Nəticə etibarı ilə bu da onlar arasındakı uçurumu dərinləşdirərək, ayrılığa gətirib çıxarmaqla ölkənin milli birlik və bütövlüyünü pozur. Habelə “siyasi və demokratik azadlıqların olması guya ki, ölkənin bölünməsinə gətirib çıxarır” düşüncəsi əsasda istibdad və mərkəziyyətçi qüvvələrinin zehinlərinin məhsuludur. Bu da ölkədə yaşayan xalqların əksəriyyətinin milli şüuruna böyük təhqirdir.

Bunu da qeyd etməliyik ki, ölkənin inkişafı, və xalqların milli haqları tarixi, mədəni, iqtisadi baxımdan bir-birinə sıx bağlıdır. Hər bir ölkədə elm və sənətin inkişafı ilə etniklər arasında ictimai, siyasi, mədəni və iqtisadi əlaqələrin də genişlənməsi qaçılmazdır. Bizim ölkədə bu həqiqəti qəbul edib və onu alqışlamaq əvəzinə, bir millətin başqa millətlərə qalibiyyəti siyasəti əsas götürülür. Bu yanlış siyasət bu günədək milli zəmində xalqlar arasında münaqişə ilə nəticələnmişdir.

İranda xalqlar arasında bərabərsizlik(milli zülm) üçün mübarizə əvvəllər də müxtəlif şəkillərdə baş vermişdir. Amma Məşrutə İnqilabından sonra bu məsələ daha da diqqətləri özünə cəlb etmişdir. Məşrutə inqilabında milli və demokratik hədəfə üstünlük verilmişdir. O dövrdə milli məsələ bugünkü formada deyildi. Milli kateqoriyasını İranda yaşayan bütün xalqlara aid edirdilər. Göründüyü kimi məşrutə inqilabçıları konstitusiyada əyalət-vilayəti əncəmənlərin yaranması maddəsini təsdiq etməyə müvəffəq oldular. Amma xarici dövlətlərin köməyi ilə bu inqilabın əleyhinə çevriliş olaraq, Rza şah hakimiyyətə gətirildi. Bu dövrdə dünyanın bir çox yerlərində müstəmləkəçiliyə qarşı xalqların mübarizəsi müvəffəqiyyətlə nəticələnib və o millətlər bir-birinin ardınca öz azadlıqlarına qovuşurdular, amma təəssüflər olsun ki, həm müstəmləkəçi dövlətlərin ünsürlər, həm də vətən ziyalılaır( Onların arasında Azərbaycan ziyalıları çoxluğu təşkil edirdilər) çalışdılar ki, milli mahiyyəti ancaq bir dillə, yəni fars dili ilə məna etsinlər. İstər-istəməz bu qrup “çox mədəniyyətlilik, çoxdillilik ölkənin inkişaf və tərəqqisinə mane olar. ” şüarını irəli sürdülər. Beləliklə Məşrutə İnqilabının əsas nailiyyətlərindən biri olan milli məsələ ayaqlar altında tapdalandı.

Çevrilişin məhsulu olan Rza şah məşrutə inqilabının demokratik hədəflərini aradan apardı. Bütün siyasi, ictimai və mədəni təşkilatların fəaliyyətlərinə qadağa qoydu. Ondan sora Rza şah diktatura aparatı zor və süngü gücü ilə qeyri-fars milliyyətləri məğlub edərək, ölkədə istibdad və etnik bərabərsizliyi rejimi yaratdı.

Avropada faşizmin məğlubiyyəti nəticəsində Rza şah qaçdıqdan sonra ölkədə nisbi demokratik fəza yarandı. Siyasi və mədəni cəmiyyətlərin yaranması ilə yanaşı, yenidən milli-azadlıq mübarizələri başlandı. Əyalətlərdə yaranan milli partiyalar orada yaşayan əhalinin əksəriyyətinin rəğbətini qazandılar. Bu partiyalar tarix boyu millətlərə qarşı ayrıseçkkilik və bərabərsizlik siyasətinə son qoymaq üçün mübarizəyə qalxdılar. Azərbaycan və Kürdüstanda milli-azadlıq mübarizəsi tarixi başqa əyalətlərə nisbət stajlı olduğu üçün və habelə müttəfiq dövlətlərdən biri olan Sovet İttifaqının bu məntəqələrdə olması bu xalqlar üzərində mərkəzi dövlətin təzyiqinin azalması münasib fəzanın yaranmasına səbəb oldu. Azərbaycan və Kürdüstan xalqları yaranmış nisbi demokratik fəzadan yararlanaraq, öz milli hüquqlarının bərpası üçün mübarizəyə qalxdılar. Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə 21 Azər hərəkatı Azərbaycanda milli-demokratik dövlətin yaranmasına gətirib çıxartdı. Bu milli dövlət çoxmillətli İran ölkəsinin ərazisi daxilində muxtar hökumət kimi səciyyələnmişdi. Kürdüstanda isə Qazı Məhəmmədin rəhbərliyi altında Mahabad respublikası təşkil olundu. Azərbaycan və Kürdüstan milli hökumətlərinin ən mühüm nailiyyətlərı onu göstərir ki, İran xalqları öz hüquqlarını əldə etməklə nəinki ölkənin tərəqqisinə mane deyillər, bəlkə də demokratik azadlıqları, o cümlədən xalqların milli hüquqlarını nəzərə almadan heç bir inkişafdan söhbət gedə bilməz.

Amma bu dəfə də Məmmədrza şah atasının davamçısı kimi onun yoluna qədəm qoyaraq, Amerika və İngiltərə dövlətlərinin köməyi ilə bu milli hərəkatları məğlub edib, qan dəryasında boğdu. Millətlər üzərində mədəni və siyasi basqının nəticəsi bu günədək ancaq ölkədə istibdad rejiminin qurulmasına gətirib çıxarmışdır. Hərçənd ki, Bəhmən İnqilabının(1979) nailiyyətlərindən biri ölkə konstitusiyasında millətlərin milli hüquqlarının tanınması idi, lakin hələ də bu məsələ öz həllini tapmamışdır.

Bu gün artıq kimsəyə sirr deyil ki, qalib milliyyətlə başqa millətlər arasındakı münasibətin uyğunsuzluğu ölkə əhalisinin gündəlik həyatına çox mənfi təsir qoyub və qoyacaqdır. Bu ədalətsizlik son onilliklərdə İran xalqlarının ictimai və milli şüurunun yüksəlməsinə gətirib çıxarmışdır. Bu gün Bəlücistan, Xüzistan, Turkəmənsəhradan tutmuş Kürdüstan, Azərbaycan və ölkənin farsdilli ziyalı, siyasi, zəhmətkeşlərinin böyük qismi milli zülm, milliyyətlər arası bərabərsizliyin aradan qaldırılmasını tələb edirlər. Amma ölkə ziyalıları arasında vətəndaş hüququnu milli hüquqların yerinə əhaliyə sırımaq istəyən bəzi baxışlar da var. Halbuki, vətəndaş hüququ və milli hüquq kateqoriyası bir-biri ilə tam fərqlənirlər. Vətəndaş hüququ deyəndə, ölkədə yaşayan bir vətəndaşın hansı hüquqlara sahib olduğu nəzərdə tutulur. Amma ölkədə yaşayan milliyyətlər və xalqlar vətəndaş hüquqlarından başqa cəmiyyət hüquqlarına da sahibdirlər. Bu da milli hüquq adlanır.

BMT-nin 1991-ci ilin dekabr ayında keçirdiyi ümumi iclasının xüsusi bəyannaməsinin birinci maddəsində açıq şəkildə milli və dini azlıqlarının haqları barədə yazılıb: ” Hər bir ölkə öz ərazisi daxilində yaşayan azlıqların milli-mədəni, irq, təriqət və dil kimliklərini müdafiə etməklə yanaşı, onların inkişafı üçün şərait yaratmalıdır. “

Bu üzdən də milli zülmü aradan qaldırmaq məqsədi ilə dövlət tərəfindən atılan hər bir əməli adım partiya və təşkilatların bu yolda tarixi mübarizəsini, habelə milli məsələlər üzrə tədqiqatçı ziyalıların təcrübələrini nəzərə almadan heç bir nailiyyət əldə edilə bilməz.

Cənab Ruhaninin dövləti verdiyi vədələrinə əməl etmək istəyirsə, birinci növbədə on illərlə davam edən qarşıdakı maneələri tanıyıb və aradan qaldırmalıdır. Çünki müxtəlif mənfəətlər üzərində yaranan bu maneələr rahatlıqla kənara getməyəcəklər. Bunlar göstəriş, yaxud şüarlarla deyil, bəlkə bütün ölkə əhalisinin, xüsusilə xalqların gücü ilə aradan qaldırılmalıdır. Bu məsələni həll etmək üçün ən tutarlı yol milliyyətlərin mütəxəssislərinin hakimiyyətdə iştirakını təmin etməkdir. Beləliklə əgər buna əməl olunarsa, tarixi prosesdə İran dövləti bütün ölkədə yaşayan milliyyətlərin dövləti çevriləcəkdir. Həmçinin bu prosesdə millətlərin siyasi, ictimai, ədəbi, mədəni, iqtisadi cəmiyyət və partiyalarının fəaliyyətinə münasib şərait yaratmaqla bu problemi həll etmək olar. Bu proses ölkənin demokratikləşməsinə kömək etməklə ədalətin, milli birlik və bərabərliyin inkişafına gətirib çıxaracaqdır.

Facebook
Telegram
Twitter
Email