آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

Yeni görüşlər arzusu ilə

Fərəhnaz Şeybani şeirləri ilə tanışlıq munis bil əl kimi Güney poeziyasının müasir salnaməsini gözlərim qarşısında varaqladı. Bu bir həqiqətdir ki, dünyanın demək olar ki, bütün xalqlarının həyatları həm hamar, həm də dərəli – təpəli keçidlərlə addımlamalı olmuşdur. Geniş sadalamağa yəqin ki, ehtiyac duyulmur. Yadelli işğalçıların, öz bəxtəvərlik saraylarını başqa xalqların madi-mənəvi sərvətlərinin qarəti üzərində qurmağa həris olan acgözlərin törətdikləri faciələrin ünvanları yaxşı məlumdur.
Keçən əsrin ortalarında müasir nəslin sələflərinin tale gəmisi, vətənin xoşbəxt həyatının şahidi olmaq ideaları tufanlı və qasırqalı ləpələri sahillərini döyəcləyən bir ümmandan keçməli oldu. Vətənin və xalqın xilası naminə içdikləri andlarına sadiq qalan mərd oğulların mövcud rejimə endirdikləri zərbələrin təzyiqinə davam gətirməyən pəhləvi dərbarı zəfər qətiyyətli fədailər qarşısında geri çəkilməyə məcbur oldu.

O illərin ağır sınaqlarına məruz qalan, sürgünlərdə, həbs düşərgələrində ağıl sarsıdacaq əzablara düçar edilən vətənpərvər qüvvələrin yaşamaq, yaratmaq əzmi sarsıldı. Həyatın, dərbar qəddarlarının əli ilə yaradılan sınaqlardan yenə də zəfərlə çıxdılar.

Nəzərləri cəlb edən ümdə cəhətlərdən biri, bəlkə də başlıcası həmin ailələrdə dünyaya göz açan nəslin harada, hansı şəraitdə yaşamalarından, hansı peşə sahibi kimi fəaliyyət göstərmələrindən asılı olmayaraq öz ata-babalarının döyüş və mübarizə barədə nəsihətlərinə sadiq qalmaları oldu.

Təbii ki, bu sədaqətin uğurla təzahür etdiyi sahələrdən ən çox yadda qalanlarından biri ədəbi yaradıcılıq sahəsində meydana gələn sərvət oldu.

Bu, illərin əsrlərin sınaqlarından başıuca çıxmış bir həqiqətdir. Mayasını və gücünü xalqın həyatından alan poeziya bu həqiqəti sədaqətlə doğruldan bir şahid olmuşdur.

Bunu qələm məhsulları ilə maraqla tanış olduğum Fərəhnaz Şeybaninin şeirləri inamlı bir qətiyyətlə təsdiq edir.

Fərəhnazın qələmə aldığı şeirlərin mövzularını və poetik ahənglərini vətənə, xalqa, ata-babalarının keçdikləri mübariz və döyüş yollarına bəslədiyi saf-salim məhəbbəti tərənnüm təşkil edir. Burası qaçılmaz bir həqiqətdir. Vətənin qurtuluş və azadlığı uğrunda bir mübariz kimi çiynində fədai tüfəngi, əlondə yazar qələm olan atanın halal çörəyi və xeyir-duası ilə böyüyən şairə qızın vətənə sonsuz məhəbbət ruhunda yaratdığı qələm məhsullarında bir həsrət və canyanğısı da vardır. Bununla yanaşı doğma diyarın məsud sabahına dəruni inam şeirlərində aparıcı motiv kimi səslənir. Bu həmin nəsldir ki, onun yaradıcılığının baş qayəsi aşağıdakı sözlərdə ifadəsini tapmışdır:

Biz axın əlehinə üzdüyümüzü çox yaxşı bilirik. Lakin bu selin yönünü istədiyimiz istiqamətə döndərənə qədər öz səylərimizi daim davam etdirməkdən boyun qaçırmayacağıq.
Diqqətdən yayınmayan çox mənalı və önəmli bir haladır. Fərəhnazın redaksiyamıza daxil olan şeir dəftərinin ilk səhifəsi “Vətən həsrəti” adlı qələm məhsulu ilə açılır. Onun bu şeirində vətəndən uzaq düşməsinin həsrət hissələrindən, hər növ tufan və qasırğadan asılı olmayaraq hər bir Vətən övladının doğma yurda məhəbbət və sevgini yüksək şərəf və ləyaqət hesab etməsindən bir vətəpərvər ehtirası ilə söhbət aşılır. Yeri gəldikdə belə hökmü yazmış taleyin qələmindən gileylənməyi də özü üçün şair borcu hesab edir:

Vətən, Vətən deyir dilim hər zaman,
Ayrılıq ölümdən betər dərd imiş.
Xəyala dalaraq düşünürəm mən,
Tanrının qisməti nədən beləymiş?

Vətən torpağına, daşına qurban,
Qarlı dağlarının başına qurban.
Səninlə bağlıdır xatirələrim,
Uşaqlıq illərim, gənclik illərim.

Gəzib torpağını kaş qarış – qarış,
Çıxaydım seyrinə bir səyyah kimi,
Unutmam mən səni heç vaxt, heç zaman
Vətənə layiqli bir övlad kimi.

Səma üstə uçan bir quş olaydım,
Hərlənib başına dövrə vuraydım.
Sənsə Loğman olub, bir təbib olub,
Yaralı qəlbimə məlhəm qoyaydın

“Alın yazısı”. Başqa millətlərin, xalqların ömür-gün kitablarında taleyin əli ilə yazılan bu sətirlərə necə münasibət bəslənildiyi barədə söhbət aşmaq istəməzdim. Amma, inkarı mümkün olmayan bir həqiqətdir ki, fəlsəfəyə inam xalqımız arasında güclü nüfuza malik bir baxış kimi yaşayarıq bizim günlərə qədər gəlib çıxmışdır. Bu, bəlkə də zamanın doğurduğu acılıqlara dözmək üçün xalqımız arasında bir təskinləşdirici məsləhət xarakteri daşımışdır.

Fərəhnazın yaşadığı həyatın bu fəlsəfəyə münasibətdə öz baxışı, öz anlayışı vardır. Bu da təbiidir.

Deyillər, insanlar onlara verilən məsləhət və nəsihətlərdən daha artıq real həyatda müşahidə etdikləri, şahidi olduqları hadisələrdən dərs alırlar. Məncə, bu mülahizə azacıq belə tərəddüdlə yanaşmağa ehtiyac duyulmur.

Fərəhnaz elə bir ailədə boya-çatmışdır ki, həyatında elə hadisələrlə qarşılaşmışdır ki. Istər-istəməz onun dünya baxışında, ətrafənda baş verənlərə münasibətində təsirli amil rolunu oynamışlar.

Diqqət edək: onun həyatı ümumiyyətlə yaşayış uğrunda mübarizə meydanı hesab etməsi ideyası dövrün, zamanın, ailəsinin öz məntiqindən doğur.

Fərəhnaza görə həyat ümumiyyətlə mübarizə meydanıdır. Ömrün hər pilləsi deyil, hər anı, hər günü, hər ayı, atılan hər addım haqqında düşünüb, danışmağı tələb edir. Görünür, bu barədə Azərbaycanın dahi dramaturqu Cəfər Cabbarlının bu rəyi Fərəhnaza da yaxşı tanışdır:

“Həyat mübarizə meydanıdır. Qoç döyüşünə, qoç dayanar”.

Bunula yanaşı ömür yollarında birinin firavanlığı aşıb-daşan, digərinin isə xoşbəxt həyata qovuşmaq üçün gecəni gündüzə qatmağa ehtiyac hiss etməsi danəlması mümükün olmayan bir həqiqətdir. Şairənin inamına görə üçün , hətta ömrün bir günü hər dəninin, hər namərdin qarşısında baş əyməyinə dəyməz. O, varlığının ən müqəddəs qayəsini tanrının qarşısında alnıaçıq, üzü ağ olmağın ümdə şərti hesab edir. Başqaları üçün xeyrxah iş görməkdə, məşhur ifadələrlə desək-yaxşılıq et, at dəryaya, balıq bilməsə xalıq bilər, fəlsəfəsinə etiqadında görür.

Həyatda ehtiyacı olanların dərdlərinə şərik olmağı yüksək bəşəri qayə hesab edir.

Mənə belə gəlir ki, bu baxış Fərəhnazın Şərq poeziyası ilə tanışlığından xəbər verir. Böyük Sədinin mütəfəkkiranə və şairanə fəlsəfəsi bu barədə belə səslənir:

“Başqasının dərdinə biganəsənsə, əslən sənə insan adı vermək doğru olmazdı!”

Bəs Fərəhnazın alın yazısı barədə mülahizələri oxucuları ilə hansı muğam kökündə söhbət açır?

Hərənin bir cürə qisməti vardır,
Həyat mübarizə, bir imtahandır.
Ömrün hər ləhzəsi, hər dəqiqəsi,
Yaddaşa həkk olan şirin xəyaldır

Xeyir işlər görüb, yaxşılıq etsən,
Tanrının gözündə ucalacaqsan,
Hörmət et qocaya, unutma ki, sən
Vaxt gələr, özündə qocalacaqsan

Uymayaq heç zaman şöhrətə, ada,
Keçmişi xatırlayıb, salaq biz yada.
Tamahkar olmayaq, dövlətə, vara,
O dünya malıdır, qalar dünyada.

Yaçıl don geyinsin Ana təbiət
Hər yerdən güllərin ətri duyulsun,
Səadət, xoşbəxtlik, əmin-amanlıq,
Bütün yer üzünün töhfəsi olsun.

Təbiidir. Şair bir qartaldırsa, onun poetik qanadları dövrünün, başlıca olaraq mənsub olduğu xalqın bədii təfəkürünün məhsulu olan əsərlərdən qüvvət alır. Bir nümünəyə qayğı ilə yanaşmaq.

Yazıçı Əyyub Nəminin Güney nəsrinə bir neçə oxunaqlı əsərlər töhfə vermişdir. Bu təcrübəli nasirin qələminin güc və qüvvət aldığı, yatatdığı əsərlərin mötəbər özül daşını həyatda şahidi olduğu hadisələr, tanış olduğu insanlar üzərində apardığı müşahidələr təşkil edir. Ədibin oxucularını xoş təsir bağışlayan qələm məhsullarından biri də “İmdad ocağı” adlı xatirə-povestidir. Müəllif bu əsərində oxucuıarına elə hadisələrdən söz açır, onlarla elə səmimi tonda danışır ki, özü ilə oxucusu arasında çox səmimi və xoşniyyətli körpü sala bilir. Əgər desək ki, bu meyl Güneyin Demokratik ədəbiyyatı nümayəndələrinin o cümlədən Xalq Şairi Balaş Azəroğlunun, Əli Tudənin, Mədinə Gülgünün, Söhrab Tahirin, Həmzə Fəthi Xoşginabinin, Abbas Makulunun, Afiyət Məmmədrzanın yaratdıqları ədəbi-bədii qələm məhsullarından nəşət edir, yanlış mülahizə olmazdı. Bu barədə mötəbər subut və dəlil axtarası olsaq Fərəhnazın “Həqiqət aşiqi” adlı şerini mötəbər həmkarımız kimi qəbul edə bilərik:

Dözüb min əzaba, min əziyyətə,
Düşmənin önündə şax dayandılar.
Ölümlə gələrək hər gün üz-üzə,
Onlar qovuşdular əbədiyyətə.

Xəyal aləminin burulğanında,
Boylandım kədərlə, keçmişə sarı.
Sönməyib, ətrafa işıq saçırdı,
Közərən ocağın qığılcımları.

Vətən övladının ürəyindəki,
Sevginin atəşi sönməsin gərək.
Doğma el yolunda canından keçib,
Verdiyi vədindən dönməsin gərək.

Fərəhnaz “Mühacirərdə” adlı şerinə belə bir epiqraf vermişdir: “Əyyub Nəmininin keçdiyi ağır və məşəqqətli həyat yolunun və şahidi olduğu hadisələrin motivləri əsasənda qələmə aldım”.

Qısaca olaraq xatırladım ki, “Mühacirət” deyəndə Məmmədrza Pəhləvinin əli ilə məşhur 21 Azər hərakatının qədarcasına qanda boğulmaslndan sonra mühacirət etməyə məcbur olan insanların taleyi nəzərdə tutur. Onların sayı 100 minə çatdı. Bir çox hərakat iştirakşılarının bəxtləri onda gətirdi ki, onlar vətənin şimalına pənah gətirməyi imkan tapdılar. Fərəhnaz bir qələm sahibi kimi Nəmini Əyyubun həyat və mübarizəsi ilə tanış olduqdan sonra onun haqqında yazmağı qələminə həvalə etmişdir:

Şaxtalı, çovğunlu bir qış axşamı,
Ayrıldım yurdumdan, doğmalarımdan.
Qəlbimdə qəm-qüssə, mən ah gətirdim,
Vətəndən Vətənə pənah gətirdim.

İstərəm bir anlıq çətin də olsa,
Zamanın çarxını qaytaram geri.
Silərəm ömrümün səhifəsindən
Bəxtimə yazılan qara günləri.

Beləcə, şeirləri ilə yenicə tanış olduğum Şeybani Fərəhnazın qələm məhsulları qəlbimdə doğan fərəh hisslərini gizlətmək istəməzdi. O, mühacirət illərində həyata göz açan böyük bir nəslin şair nümayəndəsidir. Qələm sahibləri ilə hər yeni ünsiyyət, onların əsərləri ilə yeni tanışlıq həmişə yolunu gözlədiyim arzularımdan olmuşdur. Bu məndə belə bir inamı daha da möhkəmləndirdi ki, Güneyimizin Demokratik Ədəbiyyatının inamla irəli şütüyən gəmisinin sükanı etibarlı əllərdədir. Mən bu münasibətlə “Uğur olsun”- deyə Fərəhnaza yaxşı yol arzulamaq istərdim.

Sabir Nəbioğlu

15 noyabr, 2009-cu il.

Facebook
Telegram
Twitter
Email