Təşkilatın bəyanatında qanlı olay bəşəriyyətə qarşı cina
Ötən şənbə günü İranlı Mühacirlər Cəmiyyətində 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş mərasim keçirilib. Tədbirdə öncə yanvar şəhidlərinin xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Mərasimi giriş sözü ilə açan cəmiyyətin sədri R. Hüseynzadə şəhadət ifadəsinin mahiyyətinə diqqəti çəkərək Azərbaycan xalqının həmin gecə tarixin yaddaşına şanlı səhifələr yazdığını dilə gətirib: “20 Yanvar bu ölkədə yaşayan, onun diqqət və qayğısı ilə əhatə olunan hər bir şəxs üçün imtahan idi. Mübariz Azərbaycan xalqı bu sınaqdan alnıaçıq, üzüağ çıxdı. Bakının küçə və meydanlarına axışan möhtəşəm izdiham Ermənistanın işğalçılıq hərəkətlərinə son qoymağı tələb edərkən xəyalına belə gətirmirdi ki, əslində bu təcavüzə göz yuman da, elə ssenarisini hazırlayan da Qorbaçov rejimidir. Bu rejim xalqlar arasında on illər boyu mövcud olmuş əminamanlığı bərpa etmək əvəzinə Qazaxıstan, Gürcüstan və Özbəkistandakı kimi Azərbaycanda da qanlı əməllərini realllaşdırmaq niyyətindədir.”
Məruzəçi bildirib ki, qanlı yanvar Azərbaycanı müstəqilliyə aparan yolun başlanğıcı idi. Bakıda yaşayan minlərlə iranlı mühacir də doğma bacı və qardaşlarının hərəkatına biganə qalmadı. Indi onlardan birinin – Saleh Əliqulu oğlu Poladinin məzarı Şəhidlər Xiyabanında ziyarət edilməkdədir.
Azərbaycan Dövlət Tibb Universitetinin professoru Ədilə Çernikbülənd həmin gecənin canlı şahidi kimi gördüklərindən söhbət açdı. Tibb işçilərinin səhərədək gülləyə tuş gələn insanların həyatını xilas etmək üçün necə canfəşanlıq göstərdiklərindən, özləri də hədəf götürüldüklərindən danışıb. Tanınmış sənətkar Həsən Cəbrayılov Az.TV-də enerji blokunun necə partladılması barədə təsəvvürlər yaradıb. Gördükləri və eşitdiklərindən bəhs edən 200 dəqiqəlik lent hasilə gətirdiyini deyib. Müəllim Məhəmməd Haqverdiyev şəhid olan iki şagirdindən bəhs edib. Azərbaycan Yazıçılar Birliyinin üzvləri Şövkət İmani, Səyyad Dasi və Tariyel Ümid qanlı yanvarla bağlı qələmə aldıqları şeir və nəsr əsərlərinin məzmunu barədə məlumat veriblər. Pirşağı qəsəbə məktəbinin müəllimi Məhbub İmani Xocalı faciəsini bu qətlamın davamı kimi qiymətləndirib. Üç nəfər ailə üzvünün necə qəhrəmanlıqla həlak olduqları barədə söhbət açıb.
Tədbirdə mühacirlərdən Əhməd Əlayi, Məhəmməd Müqəddəm və Pərviz Əsədi də duyğularını dilə gətiriblər. Sonda İranlı Mühacirlər Cəmiyyətinin 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı bəyanatı qəbul olunub. Sənəddə bu qətlam bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirilir, onu törədənlərin layiqli cəzalarına catacaqlarını əminlik bildirilir, 20 Yanvar Azərbaycanı yenidən istiqlaliyyətə qovuşduran yolun ilk şəhidlik zirvəsi adlandırılır. İranlı mühacirlərin bu müstəqilliyin qorunmasında bütün imtahanlara hazır olduqları deyilir. yət adlandırıldı