آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

Mübariz şair Arif Səfanın vəfatının ildönümü ərəfəsində Sonuncu yadigarı – “Azadlıq”

Onun ötən ilin sentyabrında 85 yaşını qeyd edəcəkdik. Lakin taleyin amansız küləkləri martın 2-də Arif Səfanı da sıralarımızdan apardı. Bizə elə gəlir ki, mübariz və nəğməkar şair yenə sıralarımızdadır. Hər tədbirimizin daha canlı və maraqlı keçməsi üçün söz boxçasını açır, oradan təp-təzə dürlərindən çıxarıb xırdlayır, könüllərimizi oxşayır. Biz mövzuya vəfatının ili ərəfəsində qayıdacağıq. Amma elə bilirik ki, 1929-cu ildə Aşqabadda anadan olan, Seyid Əzim Şirvaninin ana tərəfdən nəticəsi, “21 Azər” inqilabının şahidi, Gənclər Təşkilatının fəaliyyətində iştirak edən, daim səmimiyyəti, firqəmizə qəlbən bağlılığı ilə seçilən, bu məhəbbəti poeziyasında, həmçinin şəxsi davranışında əyani göstərən Arif Səfamıza qalan bir borcumuzla da ödəməliyik. Təqdim edəcəyimiz “Azadlıq” şeiri “Səhv edirəm bəlkə də” və “Qəzəllər və gözəllər”, “Seyid Əzim Şirvaninin nəvəsi Səadət xanımın “ağlı-qaralı günləri” kitabları müəllifinin zəngin yaradıcılığının aparıcı xəttininin nümunələrindəndir. Söz vermişdik dərc edəcəyik, ruhu şad olsun!

Azadlıq

Bu azadlıq nədir ki

Ona bağlanmışıq biz?

Ona qovuşmaq üçün

Yanıb, dağlanmışıq biz.

Bu yolda gəncliyimiz

Yaşa doldu, qocaldı,

Yenə azadlıq eşqi

Könlümüzdə ucaldı.

Bu azadlıq nədir ki,

İnsan onun yolunda

Zindanlara atılır,

Əsir tək sürgün olub,

Zülmətlərə qatılır?

Bu azadlıq nədir ki

Sinəmizə həkk olub,

Köksümüzdə çırpınan

İkinci ürək olub?

Bu eşqi, bu sevgini

Hansı meyarla ölçək?

Bu sevdadan biz necə

Üz çevirək, əl çəkək?

Bu azadlıq nədir ki

O bizi gecə-gündüz

Üsyanlara səsləyir?

Dönüb coşqun dənizə

Bu azadlıq nədir ki

Onun parlaq üzünə

Heçkəs ləkə vurammaz,

Onun açıq alnına

Qara kölgə salanmaz.

Bu azadlıq nədir ki

Onu dərk edənlərin

Gücü, qüdrəti artır,

Ömrü, izzəti artır?

Bu azadlıq nədir ki

Onun hər gəlişindən

Qoşalaşır nəğmələr.

Coşub, daşır nəğmələr?

Bu azadlıq nədir ki

Onun hər gəlişindən

Uçub, gedir dumanlar,

Batıb yerin dibinə

Qaranlıqlar, yalanlar.

Bu azadlıq nədir ki

Onu sevməyənlərin

Gözündə həyat sönür,

Ürəyi daşa dönür?

Mənim azadlığımı

Sürgünə göndəriblər

Neçə-neçə ölkəyə,

Başıma döyə-döyə,

Üzümə söyə-söyə.

Bu azadlıq nədir ki

Onun təkrar deməkdən

Yorulmayır dilimiz?

Onun zirvələrinə

Bu gün çatmır əlimiuz,

Nədən çatmır əlimiz?

Facebook
Telegram
Twitter
Email