آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

​21 fevral Beynəlxalq Ana Dili günüdür

21 Fevral bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana Dili Günü elan edib. Hadisənin tarixi isə bir qədər də əvvələ gedir. 21 – 22 fevral 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər şəhid olub. Banqladeş nümayəndələri fevralın 21-ni məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi Ana dili günü adlandırılması haqqında müraciət ediblər. YUNESKO-nun Baş Konfransında 21 fevral Beynəlxalq Ana Dili Günü elan olunub və üzv ölkələrə bildirilib ki, həmin gün məktəblərdə, universitetlərdə Ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilsin. Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Ən sadə şəkildə desək, dil ünsiyyət vasitəsidir, bununla bahəm, dil millətin simasını səciyyələndirən amillərdən biri, bəlkə də, birincisidir. O, hər hansı bir xalqın varlığının təzahürü, milli sərvəti, qan yaddaşıdır. Bu qənaət tarixin bütün dövrlərində bəşər övladlarının qeyd-şərtsiz qəbul etdiyi, sübuta ehtiyac duyulmayan aksiomadır. Xalqın taleyi, onun mənliyi, mənəviyyatı və mədəniyyəti olan dil cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə yaranır, tərəqqi edir. İnsanın təkamülündə ana dilinin rolu böyükdür. İnsanın doğumu ilə bərabər bəxş olunmuş bu nemətin hər hansı bəhanə ilə qadağan olunması isə cinayətdir. Beynəlxalq Ana Dili Günü hamını bu cinayətə qarşı birləşməyə səsləyir. Millətin dilinin dövlət statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur. Və əgər nəzərə alsaq ki, bu gün planetimizdə yaşayan minlərlə millət və etnik qrup sayı heç iki yüzə çatmayan dövlətlərin bayrağı altında cəmləşib və sayı 200-ə yaxın olan bu dövlətlərin rəsmi dövlət dillərinin sayı 70-i keçmir, onda hər hansı bir millətin öz dilinə öz dövlətində sayğı ilə yanaşılmasının əhəmiyyətini dərk etmək o qədər də çətin olmaz. Bu mənada, hər bir dövlətdə xüsusilə əqəliyyət təşkil edən xalqların dillərinin ən azı xüsusi statusa malik olmaları, tarixən məskunlaşdıqları ərazilərdə dövlət dili ilə yanaşı işlənməsi bəşəri öhdəlik sayılmalıdır. İranlı mühacirlərin məskunlaşdıqları bir çox xarici dövlətlərdə bunun əyani nümunələri vardır. Azərbaycan Respublikasında da Azərbaycan dili bu tarixi hadisəni yaşayıb…. Və bu gün Azərbaycan dilinin dövlət statuslu dillər arasında olması bizdə də fəxarət doğurur. İran da dünyanın çoxmillətli dövlətlərindən biridir. 22 Bəhmən inqilabından sonra hakimiyyətə yiyələnən “vilayəti fəqih” rejimi “Qanuni Əsasi”nin 15-ci maddəsində xalqlara öz dillərində yazmaq, təhsil almaq, milli – mənəvi irslərini qorumaq və inkişaf etdirmək üçün hüquqlar vəd etsə də, bunlar yalnız kağız üzərində qalıb. Məhz buna görə də 21 fevral Beynəlxalq Ana Dili Günü bütün İran xalqları ilə yanaşı azərbaycanlılar üçün də bu gün aktuallığını saxlayır. 70 il əvvəl hakimiyyətdə olmuş Azərbaycan Milli Höküməti bu bəşəri azadlıqları bir il də olsa öz xalqına bəxş edə bilib. Məhz buna görə də 21 fevraldan çıxış edərək İranın indiki hakim dairələrinin “Qanuni Əsasi”dən irəli gələn öhdəliklərini yerinə yetirmələri onların konstitision borcudur. Dili Günü ərəfəsində bunu onlara bir daha xatırladırıq.

Facebook
Telegram
Twitter
Email