İlk diplom şəhidlər ailəsinə təqdim olunacaq
“Xocalı petesiyası”na qoşulan İranlı Mühacirlər Cəmiyyətinin üzvləri bu soyqırımın 25 illiyi ilə bağlı bir sıra tədbirlər həyata keçirəcəklər. Fevralın 21-də baş tutacaq tədbirə şəhid İmanilər ailəsinin üzvləri dəvət olunacaq, onların şərəfli həyat yolundan söhbət açılacaqdır. Cəmiyyət üzvlərinin, tanınmış alim, tədqiqatçı, publisist və media mənsublarının iştirak edəcəkləri görüşdə bu nəslin bioqrafiyasına nəzər salınarkən ilk növbədə “21 Azər” ideyaları uğrunda necə könüllü surətdə şəhadətə getmələri xatırlanacaq. 1947–ci ildə Xocalıda məskunlaşan fədai Ağayar kişinin, gəlini Sona xanımın nüfuz sahibi olmalarından, övladları Malikin həmin müdhiş gecədə yüzlərin xilası bahasına başa gələn şəhadətindən bəhs ediləcəkdir. Görüşün ən yaddaqalan məqamı isə “21 Azər” – 70 diplomunun təqdimatı olacaqdır. Diplom Azərbaycan Demokrat Firqəsi və İranlı Mühacirlər Cəmiyyəti tərəfindən şanlı inqilabın 70 illik yubleyi münasibəti ilə təsis edilib. Onun hərəkat iştirakçılarına, fədailərə, şərəfli həyat yolu keçən insanlarahəmçinin Azərbaycan Respublikasının istiqlaliyyətinin əldə olunmasında, qorunmasında, inkişafında müstəsna xidmətlər göstərən şəxslərə təqdim edilməsi nəzərdə tutulub. İlk diploma isə İmanilər ailəsi layiq görülüb.