Sirr deyil ki,“Vilayət fəqih” rejiminin hakimiyyətdə ömrünün uzanmasına səbəb olan amillərdən biri də ölkədə antiamerka əhval –ruhiyyəsinin illər boyu fəaliyyətinin əsas dəsti-xətti kimi nümayiş etdirməsidir. “Qırmızı şeytan” adlandırılan SSRİ siyasi arenadan silindikdən sonra “Böyük şeytan” (ABŞ) demək olar hər gün kütləvi nifrin şuarların baş hədəfidir. Hər iki dövlət xaric və daxil üçün elə mövqe nümayiş etdirirlər ki, sanki barışıq körpüləri əbədi yandırılıb. Yəni, bu ölkələrin rəhbərlərinin bir araya gəlməsini kimsə görməyəcək. İran camaatı isə ABŞ-ın və müttəfiqlərinin hər zaman gözlənilə bilən təcavüzlərini dəff etməyə hazır olmalıdır.
Sən demə, bu heç də belə deyilmiş. Bu yaxınlarda Cenevrədə xoruzun bir daha quyruğu görünüb. Orada nüvə müzakirəsi əsnasında yaranan fasilədə İranın xarici işlər naziri Cavad Zərif ABŞ dövlət katibi Con Kerri ilə gəzintiyə çıxarkən görüntü fotolentə alınıb. Onlar nə danışıblar, nədən danışılbar- arif insan üçün bunu xırdalamağa ehtiyac yoxdur. İndi hər iki dövlətin qarşılıqlı siyasətində elə mərhələdir ki, daha hər şeyin gizlində saxlanmasının dövrü arxada qalıb. Doğrudur, tədbir 5+1 çərçivəsində keçirilib. Heç şübhəsiz, hər iki şəxsin səmimi gəzintisi öz dövlətlərinin rəhbərlərinin məlumatı və razılığı olmadan qeyri – mümkün idi. Belə ictimai gərginliyin aradan qaldırılmasına xidmət edən tədbirlər də əvvəlcədən müəyyələşdirilib. İranda 21 millət vəkili Zərif haqqında istintaq başladılması üçün imza toplayıb. Kerrinin isə görüşü ölkəsində epizodik etiraz doğurub. Yəni, çax-çax baş ağrıdır, dəyirman öz işindədir.
Müşahidəçi