Cənubi Azərbaycanın mədəniyyət və maarif səmasında parlayan Doktor Təqi Ərani özünün fövqəladə zəkası və cəsarəti ilə maaarifpərvər elm adamlarını və mübariz insanları heyran etmişdir. Təqdim etdiyim onun “Zəka və Təvazö” adlandırdığım şəklində bütün bəşəri kefiyyətlərin təcəssümünü görmək və duymaq mümükündür. Yetər ki, ona bəsirət gözü ilə baxılsın.Orjinal fotoşəkil əsasında hazırlanmış bu surət Alman rəssamının əsəridir. Rəssamın adı vatıilə şəkillə bərabər Berlindən mənə göndərilmiş ayrıca məktubda qeyd olunmuşdur. Bu məktub AMEA Əlyazmaları İnstitutuna göndərdiyim sənədlər arasındadır.
Təbrizli Əbülfəth oğlu Doktor Təqi Ərani haqqında məlumat “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələfli ənabına. Hörmətli redaktor!
Görkəmli elm xadimi Təqi Ərani, 1930-cu illərdə Rza şah hakimiyyətinə qarşı təşkil olunmuş məxfi siyasi hərəkatın banisi və rəhbəridir. Onun haqqında topladığım çox əhəmiyyətli və çətin tapılan və çətin əldə edilən sənədli materialları Zaman Ekspres poçtu ilə AMEA-nın Əlyazmaları İnstitutuna cari ildə göndərmişəm. Göndərdiyim bağlamada, Məhəmməd Füzulinin əsərlərinin dünya kitabxanalarında saxlanılan biblioqrafik papkası da var. Buraya 1950-ci illərdə dünya kitabxanalrından aldığım məktublar, eləcə də Fransada yaşamış Əli Əkbər Topçubaşovun 1950-ci illərdə mənə ünvanladığı fransız və rus dillərində yazdığı məktubları da daxildir. Mənə məlum deyil, bu bağlamın möhtəviyyatı (içindəkiləri) Əlyazmaları İnstitunun müvafiq invertar kitabına daxil olubmu? Onlar müvafiq kartatekalarda öz əksini tapıbmı? 2005-ci ildə nəşr edilmiş “Azərbaycanda təlim-tərbiyə mədəniyyəti, təhsil və pedaqoji fikir tarixi haqqında” adlı kitabımda da Təqi Ərani haqqında çox maraqlı sənədli məlumatlar vardır. Hörmətli redaktor! Təqdim edilən yazıda mövzu ilə bağlı ardıcıllıq prinsipinin pozulması halları varsa, bu, fiziki imkan məhdudluğu ilə bağlıdır. Yazını təkrar oxumaq və lazımi düzəlişlər vermək mümkün olmadı.İnşəallah, üzürlü sayılaram.
Yəqubi Əsəd Rza 15.12.2015
1950-ci illərdə Berlin Universitetinin arxivindən aldığım təhsil sənədlərindən məlum olur ki, Təqi Ərani təhsilini Berlin Unuversitetinin fəlsəfə fakültəsində davam etdirmişdir. O, Berlin Universitetinin müdavimi kimi təhsil müddətində adlı-sanlı professorların, o cümlədən Albert Enşteyn və Maks Plank kimi dünya şöhrətli alimlərin mühazirələrini dinləmişdir. Universitetdən aldığım sənədlər sırasında Təqi Əraninin kimya üzrə yazdığı dissertasiyanın avtoreferatı vardır. Təqi Ərani Berlin Universitetində 1925-1929-cu illəində müəllim vəzifəsində işlədiyi zaman dünya elm xəzinəsinə aid Avropanın mötəbər kitab arxivlərində qorunan bir sıra nadir əlyazmalarının üzünü köçürmüş, sonralar həmin əsərləri, hər biri ciddi tədqiqat məhsulu olan müqəddəmə ilə Berlində və Tehranda nəşr etdirmişdir. O cümlədən Evklid həndəsəsinin çətin məsələləri barədə Ömər Xəyyamın ərəb dilində yazdığı əlyazmasını qeyd etmək olar. Təqi Ərani bu əsəri 1936-cı ildə Tehranda nəşr etdirmişdir. Əsərin əhəmiyyətini nəzərə alan görkəmli şərqşünas B.A. Rozenfeld və A.P.Yuşkeviç tərəfindən Əraninin nəşr etdirdiyi nüsxə rus diinə tərcümə edilərək Moskvada nəşr edilmişdir. Bu tərcüməni M.F.Axundov adına Respublikanın Milli Kitabxanasında şəxsən nəzərdən keçirmişəm.
XX əsrin 30-cu illərində elm dünyasında parlayan ensiklopedist alim Təqi Ərani bənzərsiz fəal elm xadimi olmuşdur. Onun adı görkəmli elm adamları sırasında qeyd olunmur. Mətbuat səhifələrində bu böyük insanın həyat fəaliyyətini işıqlandıran yazılar yox dərəcəsindədir. Nə qədər qəribə səslənsə də, deməliyəm ki, yaddaşlardan sanki silinmişdir.
Bu doğrudur ki, Təqi Əraninin fəlsəfi, pedaqoji, psixoloji, dövlət və hüquq görüşləri barədə bu günə qədər dörd dissertasiya yazılıb müdafiə olunmuşdur. Buraya çap olmuş aşağıdakı yazılarımı da əlavə etmək olar:
- Doktor Təqi Ərani- “Problemı vostokovedeniya”, Moskva, 1960, №1;2. O borbe T.Ərani za nauçnuyu pedaqoqiku – Rusiya Pedaqoji Elmlər Akademiyasının orqanı “Sovetskaya Pedoqoqika”, Moskva, 1966, №7; 3. Tağı Ərani və elmlərin təsnifi məsələsi – “Azərbaycan jurnalı”, [Bakı], 1961, №1; 4. Doktor Təqi Əraninin tərbiyə və təlim haqqında fikirləri (rus dilində), Bakı, 1960 və s. Ancaq, bu yuxarıda deyilənlər onun siyasi və elmi şəxsiyyətini tam və əhatəli işıqlandırılması üçün kifayət etmir. Təqi Əraninin yaşadığı qısa ömür ərzində siyasi və elmi yaradıcılığında təcəssüm olunan ağlasığmaz əzəmət və zəhmətin işıqlandırılması, doktorluq dissertasiyası da daxil olmaqla bütün əsərləri və əməlləri üzrə elm adamları və qələm sahibləri tərəfindən aparılacaq dərin tədqiqat işi ilə baş tuta bilər. Sədəfsus ki, bu, baş tutmamışdır.
Təqi Ərani dispotizm əleyhdarı, sülh, azadlıq və yeniliyin yorulmaz carçısı idi. Eyni zamanda dəqiq elmlər sahəsində açıq qalmış bir sıra ümdə problemləri araşdırır, əldə etdiyi nəticələri nəşr etdirməyə hazırlaşırdı. Bəs, nə baş verdi? Bütün üstüörtülü və məxfi tədbirlərə baxmayaraq qəddar və cahil Rza şahın qəzəbindən yan keçə bilmədi. Gənc Ərani elmi-siyasi yaradıcılığının lap çiçəklənməsi anlarında həbsə alındı.
Təqi Ərani nəşr etdirdiyi əsərlərinin siyahısını şəxsən belə açıqlamışdır: “Selseleye usule olume dəqiqe” (dəqiq elmlərin əsasları silsiləsi). Bu, beş adda kitabdan ibarətdir:
I.Fizik (fizika, iki cild); 2. Şimi (kimya, iki cild); 3. Bioloji (nəbatat, heyvanat); 4. Psixoloji (psixologiya); 5. Osule maddiye dialektik (dialektikanın materialist əsasları);
Başqa əsərləri: 1.Teorihaye elm (Elm nəzəriyyələri); 2.Bəşər əz nəzəre maddi (bəşəriyyət materializm baxımından); 3. Ürfan və materializm; 4. Rübaiyyate Xəyyam; 5. Qəzəliyyate Sədi; 6. Nasir Xosrovun əsərləri; 7. Məcəlleye “Donya” (“Dünya” jurnalı). Gəncliyin dünyagörüşünün məqbul səviyyədə formalaşması və inkişafı, eləcə də gəncliyin müasir həyatın tələblərinə cavab verə bilən sağlam və mübariz ruhda tərbiyələnməsi Təqi Əraninin diqqət mərkəzində idi. O, bu barədə elmi pedaqoqikanın əsaslarına söykənən özünəməxsus metodla karlı və davamlı iş aparırdı. Çətinıliklə də olsa, bilavasitə Təqi Əraninin rəhbərlyi ilə nəşr edilən “Dünya” jurnalı onun əsas köməkçisi idi. 8. Təqi Ərani aşağıdakı mövzular üzərində paralel olaraq işləyir, onları nəşr etdirməyə hazırlaşırdı:
Dinamike atom və əmvac (atom dinamikası və dalğalar), Laboratuar və sənəte fiziko-şimi (laboratoriya və fiziko- kimya sənəti), Dialektike ümumi (İran Xalq Partiyasının liderlərindən olan İrəc İskəndəri Təqi Əraninin yaxın silahdaşıdır. O, 1920-ci illərdə Fransada təhsil almışdır. İrəc İsgəndəri mənə ünvanladığı 20 dekabr 1956-cı il tarixli məktubunda bildirir ki, həmin kitab əlyazması şəklində tamamlanmışdır). İrəc İsgəndəri əlavə edir: “Ərani elmi axtarışlarının son mərhələsində belə bir nəticəyə gəlmişdir ki, zaman, məkan, materiya, hərəkət və enerji – bunlar vahid birlikdə yerləşir. Bunu elmi dəlillərlə sübut etməyə , eləcə də Enşteynin nəzəriyyəsini genişləndirib inkişaf etdirməyə çalışırdı”. T.Ərani həmin kitab haqqında yazır: “Bu əsər bütün elmləri dialektikanın şüası altında göstərir”.
Təqi Ərani rəsmi dairələrin xoşagəlməz münasibətlərinə qarşı etiraz əlaməti olaraq məktublarının birində yazır: “Mən, Avropada qalıb elmi axtarışlarımı davam etdirsəydim dünya şöhrəti qazana bilərdim. Məni, vətənə xidmət vəzifəsi İrana dönməyə məcbur etmişdir”. Bu məktubu İran ordusunun Baş Qərargahının məxfi arxivində saxlanılan Ərani qovluğunda şəxsən oxumuşam.
Vətən və həqiqət eşqi ilə yaşamış bu böyük insanın nakam taleyi haqqında nə deyəsən?! Vətən və həqiqət eşqi! Həqiqət uğrunda mübarizə! Həqiqətdə də qəribə hal var. İş burasındadır ki, həqiqət müdafiə olunarsa, çiçəklənməsi və bar verməsi üçün cəmiyyətdə münbit zəmin gərəkdir. Əks təqdirdə, həqiqət qurban verməlidir. Həqiqət qurbanı olmuş Cordano Brüno kimi.
Böyük İtaliya mütəfəkkiri Cordano Brüno (1548-1600) xalqların fikr azadlığı uğrunda çalışan əsl qəhrəman və elm fədaisidir. Kosmologiya ilə bağlı, Brüno orta əsr təqimatını, eləcə də Kilsə təlimini rədd etmişdir. Kopernik təlimini inkişaf etdirən Brüno göstərirdi ki, kainatın hüdudu, ölçüsü və sonu yoxdur. Nəinki yer, hətta günəşin özüdə dünyanın mərkəzi deyil. Kainat saysız – hesabsız ulduzlardan ibarətdir. Onlardan hər biri bizdən uzaqda olan günəşdir. Bu günəşlərin hər birinin ətrafında öz planetləri fırlanır. Brüno, Məryəm ananın günahsız döllənməsinə də şübhə ilə yanamışdır. Bütün bunlar İtaliya kilsə məhkəməsini qəzəbləndirmişdir.
Cordano Brüno 16 il ərzində Fransa, İngiltərə, Almaniya və Çexiyada olmuşdur. O, gözəl mühazirəçi və istedadlı yazıçı idi. Brüno, Londonda bir çox əsərlər, nəşr etdirmişdir. 1584-cü ildə nəşr etdirdiyi “kainatın sonsuzluğu və dünyalar haqqında” adlı əsəri o cümlədəndir. Avropada günü-gündən şöhrətlənən Brürno vətən həsrətinə dözə bilməyərək İtaliyaya qayıtdı. Burada kilsə məhkəməsinin pəncəsinə keçdi. Uzun müdət həbsxanalarda saxlanıldı. Nəhayət kilsə məhkəməsi alimi tonqalda yandırılmağa məhkum etdi. 1600-cü ildə Brünonu Romanın güllər meydanında diri-diri tonqalda yandırdılar.
Brüno və Əraninin talelərində oxşarlıq çoxdur. Təqi Ərani də fikir azadlığının barışmaz mübarizi və elm fədaisidir. İrəc İskəndəri məktubunda yazır: “Əranini görmək üçün bir polis nəfərinin köməyi ilə gecə vaxtı onun saxlandığı kameraya getdim… Rütubətli divarlarında göbələk bitmiş soyuq kamerada saxlanılırdı. Döşəməsi asfalt olan soyuq kamerada. Həbsxanada bütün üst geyimini almışdılar. Qış fəsli idi. O, yay alt geyimi ilə gecələyirdi. Yorğansız və döşəksiz. Döşəməsi asfalt olan soyuq kamerada” .
İnsan varlığına, insan ləyaqətinə qarşı biganəliyin son həddi olan bu müdhiş cəza tədbirlərindən necə riqqətlənməyəsən?! Zəka və cəsarəti ilə xidmət etmək üçün Avropadan vətənə qayıtmış günahsız gənc alim yeri-göyü titrədən cəza tədbirləri ilə qarşılanmışdır. Həbsxana nə dözülməz mənəvi və fiziki işgəncələr, nə də ölüm hədə-qorxusu ilə onu baxışlarındqan döndərə bilmədi, iradəsini sındıra bilmədi. Məhkəmədə siyasi məhbusların hüquqlarını müdafiə etməyə başladı: “… Burada mənim vəzifəm öz şəxsimi müdafiə etməkdən daha mühümdür. Kolektivi müdafiə etmək ali, vicdani vəzifə kimi əxlaqən mənim öhdəmdədir….Mən yalnız öz öhdəmdə olan əxlaqi vəzifəmin nöqsanlı yerinə yetiriləcəyindən qorxuram. Həqiqəti olduğu kimi demək məni əsla qorxutmur”. (T.Ərani. defaiyyə, 1961, səh.6), Təqi Ərani məhkəmədə qara hakimiyyətin iç üzünün iyrənc mahiyyətini açıqladı və polisin quduz zorakılıqlarına qarşı ittiham irəli sürdü. Kameranın rütubətli divarlarıdan yığdığı göbələkləri məhkəmə masasının üzərinə tökərək dedi: “budur həbsxanada saxlandığım yer”: O, həqiqətləri olduğu kimi söylədi. Həbsxana cəlladları cəhənnəm əzabı ilə onun vücudunu zəhərlədilər. Əranini 38 yaşına çatar-çatmaz 1940-cı ildə oldürdülər.
Söylənilən həqiqət, qabaqcıl bəşəriyyət hesabına Brüno və Ərani kimi saysız-hesabsız qurbanlar vermişdir. Bu qurbanlar əqidə və inam uğrunda gedən mübarizənin mənəvi qələbəsi və təntənəsidir. Əslində, həqiqi tarix, əsas olaraq, xalq təmsilçiləri olan həqiqət qurbanlarının mübariz əməllərinin şərhindən və təhlilindən ibarətdir.
Bu da qəribədir ki, bir çox hallarda mənfi yöndə baş vermiş siyasi-ictimai hadisələrin mahiyyətinə varmadan, münasibətimizi fəqət “qəribədir” ifadəsi ilə məhdudlaşdırırq və bununla kifayətlənirik. Təhlildən yan keçirik. Səbəblə maraqlanmırıq. Bu da həqiqətin üstüörtülü qalmasına səbəb olur. Məhz hadisələrin təhlili zamanı həqiqət, həqiqət qurbanları və səbəblər aşkarlanır. Qarşılaşdığımız və ya agah olduğumuz siyasi-ictimai həyatın görünməyən məqamlarının aşkarlanmasına laqeyd olmaq yol verilməzdir, bu, kobud ictimai məsuliyyətsizlikdir. Belə laqeydlik siyasi həyat səhnəsində baş verən həqiqət qurbanlarının, daha doğrusu, mübariz xadimlərin daha böyük itkisinə yol açar. Belə hallarla barışmalıyıqmı?
Təqi Əraninin anadan olmasının 113-cü ildönümü münasibəti ilə təqdim edilən hazırki yazıda onun haqqında məlumat verilmişdir. Bu böyük mütəffəkir tədqiqatçının xatirəsini əzizləmək vətəndaş borcudur. Qoy, vətən eşqi ilə yaşayan doğma gənclərimiz həqiqəti olduğu kimi söyləyən bu fədakar həmvətənimizin cəsur və qızıl əməllərindən ilham alsınlar. Qoy, onlar da həqiqətləri olduğu kimi cəsarətlə söyləsinlər, bununlada iftixar hissi duysunlar.
İranda Təqi Əraninin xatirəsini yad etmək yasaqdır. Onu yad etmək xəyanət kimi dəyərləndirilə bilər. Buna təəccüb etmirəm. Təqi Ərani kimi böyük mütəfəkkirlərin tarixi şəxsiyyəti dar və xəstə idraklara sığa bilməz. Qoy özlərini üzdən iraq həqiqi vətənpərvər kimi qələmə verən bir para nankor siyasi xadimlər bilsinlər ki, onların arzu olunmaz şəxsiyyət hesab etdikləri həmvətənimiz Təqi Ərani sarsılmayan zəka və dühası ilə dünya elm xəzinəsinə dəyərli töhfələr vermiş, böyük və bənzərsiz əməlləri ilə İran tarixinə də qızıl səhifələr bəxş etmişdir.
Aşağıda təqdim olunan yazı 55 il bundan öncə “Şərqşünalıq problemləri” jurnalında dərc olunmuş (Moskva, 1960, №1) rus dilində yazdığım məqalənin azərbaycan dilində xülasəsidir.
DOKTOR TAĞI ƏRANİ (1902-1940)
Alim və ictimai xadim, heyrətamiz inqilabçı-marksist Tağı Ərani İran xalqının siyasi və mədəni həyatında görkəmli yer tutur.
Tağı Ərani 1902-ci ilin sentyabrın 5-də Təbrizdə (Azərbaycan) anadan olmuşdur. O, 1922-ci ildə Tehran Tibb İnstitutunu bitirdikdən sonra Berlinə getmiş və Berlin Universitetinin fizika-kimya fakültəsinə daxil olmuşdur. Bununla yanaşı, eyni zamanda könüllü dinləyici kimi fəlsəfə fakültəsində də mühazirələrdə iştirak etmişdir. 1928-ci ildə T. Ərani dissertasiya müdafiə edir və təbiiyyat elmləri doktoru elmi dərəcəsini alır. 1925/1926 və 1928/1929-cu tədris illərində T. Ərani Berlin Universitetində məntiq, ərəb, türk və fars poetikasından dərs deyir. Həmçinin ali riyaziyyat, fizika, kimya, fəlsəfə, tarix, psixologiya, pedaqogika və şərqşünaslıq sahələrində böyük elmi-tədqiqat işləri aparır.
T. Əraninin ilk tədqiqatları şərqşünaslıq sahəsinə aiddir. 1924-cü ildən etibarən T. Əraninin Avropa şərqşünasları ilə sıx elmi və dostluq əlaqələri yaranmağa başlayır. Əraninin Berlinə gəldiyi vaxt orada alman, ingilis, İran və digər ölkələrin alimlərindən ibarət bir qrup təşkil olunmuşdu və onlar Qot, Leyden, Leninqrad kitabxanalarında və başqa elmi mərkəzlərdə qorunub saxlanılan İran klassiklərinin əlyazmalarının nəşr edilməsi vəzifəsini öz qarşılarına məqsəd qoymuşdular. Həmin qrupa Fr. Rozen, Ed. Braun, Məhəmmədxan Qəzvini, Mirzə Mahmud Qənizadə, Şəhidzadə, Tağı Ərani və başqaları daxil idilər.
Klassiklərin əsərlərindən Ərani tərəfindən nəşr olunmuş əsərlər arasında Ömər Xəyyamın “Evklidin kitablarındakı çətin müddəaların şərhi” kitabı xüsusi diqqət kəsb edir. Bu əsərin Leyden kitabxanasında qorunub saxlanılan əlyazması 1925-ci ildə Qot kitabxanasının köməyi ilə Berlinə çatdırılmış və burada Ərani onun üzünü köçürmüşdür. 1936-cı ildə Ərani Ömər Xəyyamın bu kitabını ön söz və şərhlərlə nəşr etdirmişdir.
Ömər Xəyyamın “Evklidin kitablarındakı çətin müddəaların şərhi” traktatının nəşr olunması sayəsində riyaziyyatçı alimlər ondan bəhrələnə bildilər.
T. Ərani İran klassiklərinin əlyazmalarını nəşr etdirməklə dünyanın elm və mədəniyyət tarixində İran alimlərinin necə şərəfli bir yer tutduqlarını iranlı gənclərə göstərməyə və bununla da gənclərdə müstəmləkəçilər tərəfindən sarsıdılan vətənpərvərlik qüruru hissini, insan ləyaqəti hissini tərbiyə etməyə çalışırdı.
1930-cu ildə T. Ərani İrana qayıdır. Məlum olduğu kimi, demokratik inqilabi hərəkatın qarşısının alınmasından sonra Oktyabr inqilabının təsiri altında siyasi vəziyyət ölkədə kəskin şəkildə pisləşməyə başladı. Azad düşüncə sahibləri ən dəhşətli repressiyalara məruz qaldılar. Riyakarlıqla monarxiyanın düşməni və respublika tərəfdarı kimi görünməyə çalışan Rza xan 1925-ci ildə özünü şah elan etdi. Demokratik qüvvələrinin əksər rəhbərləri həbsxanalara atıldılar. Onların bir qismi isə mühacirət etdilər.
1931-ci ilin iyulun 20-də dərc olunmuş Antiimperialist liqasının icraiyyə komitəsinin dünya proletariatına müraciətində deyilir ki, İran həbsxanalarında iki mindən artıq siyasi dustaq ən dəhşətli işgəncələrə məruz qalırlar.
T. Ərani İrana qayıtdıqdan sonra 1930-cu ildən 1931-ci ilədək Hərbi nazirliyin kimya zavodunda işləyir, sonra isə 1936-cı ilədək müəllimlik edir. 1936-cı ildən 1937-ci ilin aprelinədək, yəni həbs olunanadək Tağı Ərani Maarif nazirliyində təhsil şöbəsinin müdiri vəzifəsində çalışırdı.
T. Ərani “Dünya” jurnalını nəşr etdirir. “Dünya” jurnalı İranda elm və ədəbiyyat sahəsində marksist düşüncəsinin ilk carçısı idi. Qeyd etmək lazımdır ki, Tağı Əraniyədək İran mətbuatında elm və ədəbiyyat məsələləri ilə bağlı tənqidi məqalələrə rast gəlinmişdir və bunlar burjuaziya ideologiyasının təmsilçiləri olan Şəfəq Rzazadəyə, Məhəmmədəli Foruqiyə məxsusdur. Lakin bu alimlər obyektiv elmi tənqid səviyyəsinədək yüksələ bilmədilər. Onlar İranın mədəni həyatının bütün sahələrində durğunluğun mövcud olduğunu bildirirdilər, ancaq İranın milli mədəniyyətinin, maarifinin və ədəbiyyatının gələcək inkişafı haqda məsələləri bir kənara atırdılar. Onlar Qərb mədəniyyətinin qarşısında boyun əyərək İranda Qərb burjuaziyasının ədəbi baxışlarını təbliğ edirdilər.
Müxtəlif mürtəce təşkilatlar, o cümlədən “Əqidələrin tərbiyə olunması”, “Qədim İran” cəmiyyəti və başqaları dini, monarxist, şovinist və millətçilik ideyalarını təbliğ edirdilər.
Qərb burjua mədəniyyətinin qarşısında səcdə edən İran ideoloqlarına qarşı çıxan Tağı Ərani yazırdı ki, Qərb mədəniyyəti özü böhran vəziyyətindədir. T. Ərani Qauptmanın (1862-1946), Kayzerin (1878-1945), Şpenqlerin (1880-1936) mistika və pessimizmini və xüsusilə Berqsonun (1859-1941) “Əxlaq və dinin iki mənbəyi” və “Yaradıcı təkamül” kitablarını tənqid etmişdir.
İran gəncliyi böyük şövqlə müasir elm və mədəniyyətə doğru cəhd edirdi, amma istibdad rejimi və mürtəce ideologiyaların hökmran olduğu bir şəraitdə onun bir hissəsi dini mistisizm bataqlığına yuvarlanır, yaxud da əyyaş həyat tərzi sürənlərin sıralarını tamamlayırdı.
T. Ərani “Dünya” jurnalının 1-ci nömrəsinin redaksiya məqaləsində yazırdı: “Bizim gənclik nə sxolastik düşüncə tərzli köhnəpərəst qocaların öyüd və nəsihətləri ilə, nə də “ziyalı” müasirlərinin boş-boş danışıqları ilə biliklərə və elmlərə olan öz həvəsini təmin edə bilmir ki, bu da onun sağlam düşüncə yolundan azmasına və ümidsizləşməsinə səbəb olur.“Dünya” jurnalının tarixi rolu ondan ibarətdir ki, bu gəncliyə inkişafın həqiqi yolunu göstərsin, odur ki, yalnız materializm onu böhrandan çıxarmaq qabiliyyətinə malikdir.”
Ərani marksist dialektik metodun təbliğatı münasibətilə çıxış edir, gənclərin düşüncəsində həyat və mövcud dünya haqda realist təsəvvürlərin inkişaf etdirilməsinə, onlarda xoşbəxt gələcəyə ümid və optimizm bəxş etməyə çalışır.
T. Ərani “Dialektik materializm” silsilə məqalələrində marksist materialist dünyagörüşünü təbliğ edir və idealizmi ifşa edir. “Dialektik materializm nəzəriyyəsi –
bu, insan təfəkkürünün inkişafının bu günədək əldə olunmuş ən yüksək səviyyəsidir.” Buna görə də o, belə hesab edir ki, istənilən hər bir mütəfəkkir və ya yazıçı düşüncələrdəki tutmalardan xilas olmaq üçün həyata və cəmiyyətə dialektik materializm “optik şüşə”sindən baxmalıdır. T. Ərani A. Eynşteyni və M. Plankı ona görə tənqid edir ki, onlar dialektik-materialist metodologiyasına malik ola-ola öz dəyərli elmi kəşflərindən gərəkli olan fəlsəfi nəticələri çıxarmadılar.
Ərani “Psixologiya”, “Dialektik materializm”, “Mistika və materializm”, “Bəşəriyyət materializm nöqteyi-nəzərindən” və s. kimi əsərlərində fəlsəfi təfəkkürün iki əsas cərəyanı – idealizm və materializmin Aristoteldən Berqsonadək və Demokritdən Marksadək tarixini nəzərdən keçirir.
Kamil alim və filosof T. Ərani marksizm fəlsəfəsi nöqteyi-nəzərindən idealistlərin baxışlarının geniş tənqidini təqdim etmişdir. O,
“Dünya” jurnalında dərc olunan öz məqalələrində idealist fəlsəfənin tarixi və sinfi köklərini açıb göstərmişdir.
“Dünya” jurnalı hakim ideologiyanın mənəviyyatdan kənar mahiyyətini ifşa edirdi, dini, monarxiyanı və şovinizmi qamçılayırdı.
“Dünya” jurnalının rasizmi ifşa etməsi və onun faşizmə qarşı qəti çıxışları getdikcə faşist Almaniyasından daha çox asılı olduğunu göstərən Rza şahı özündən çıxarmışdı. 30-cu illərdə Rza şah ölkənin ən mürtəce qüvvələri başda olmaqla demokratiyanın son qalıqlarını məhv etdi, İran Konstitusiyasını kobudcasına pozdu, seçki, mətbuat, toplaşmaq və fikir azadlığını heçə endirdi.
T. Əraninin “Dünya” jurnalını nəşr etdirməsi istibdad rejiminə qarşı etiraz hərəkatının ciddi şəkildə genişlənməsinə və canlanmasına imkan verdi. İran hökuməti “Dünya” jurnalının nəşrinə qadağa qoydu. Bu, Əraninin və onun kollektivinin coşmaqda olan siyasi fəaliyyətini dayandıra bilmədi. Onlar tam gücləri ilə irticaya qarşı mübarizəni davam etdirirdilər.
1937-ci ilin aprelində polislər Əranini və onun 52 nəfər silahdaşını həbs etdilər. İrticaçılar xalqı qorxutmaq, demokratik təşkilatları tamamilə məhv etmək, azadlıq və demokratiya uğrunda hər bir hərəkatın qarşısını almaq üçün onlarla çox amansız davranmaq qərarına gəldilər.
53-lərin məhkəmə prosesində Tağı Əraninin altı saat yarım davam edən parlaq müdafiə nitqi İranın müstəbid dövlət quruluşuna qarşı ittiham nitqinə çevrildi. Bozorg Ələvi yazır ki, 53-lər məhkəmə prosesinin ən mühüm və tarixi məqamı Doktor Tağı Əraninin nitqi idi.
T. Ərani məhkəmə qarşısında deyirdi: “Burada ilk baxışdan sanki cinayət məhkəməsinin iclasının keçirilməsinə baxmayaraq, mahiyyət baxımından bu məhkəmə sosial mübarizə meydanıdır. Burada üç tərəf – ittihamçı, cavabdeh və qərəzsiz hakim yoxdur. Əksinə, yalnız iki tərəf vardır: biri hakim və dövlət ittihamçısı, digəri isə biz. Hər iki tərəf öz qruplarının maraqlarını müdafiə edirlər. Onlardan hansı haqlıdır, bunu tarix göstərəcək.” O, başqa bir yerdə öz müdafiə nitqində deyir: “Proletarlara bağlılığın və onların hüquqlarının müdafiə olunmasının bu qədər sərt şəkildə cəzalandırılması cəmiyyət üçün rüsvayçılıqdır.”
Polis orqanlarının məhbuslara qarşı cinayətkar əməllərini ifşa edən T. Ərani məhkəmə qarşısındakı müdafiə nitqində demişdir: “Məhkəmədə bütün kargüzarlıq işlərinin bitməsindən sonra özüm üçün şərəf və vicdan məsələsi hesab etdiyim həqiqəti söylədiklərimə görə mən də mütləq işgəncələrə məruz qalacağam. Ancaq bu, məni qorxutmur.”
Və həqiqətən də onun başına ən dəhşətli, ən vəhşi işgəncələri gətirdilər.. 1940-cı ilin yanvar ayında T. Ərani 38 yaşında vəhşicəsinə öldürüldü.
Əsəd Rza Yəqubi