آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ SİLAHLI QÜVVƏLƏRİN ALİ BAŞ KOMANDANI CƏNAB İLHAM ƏLİYEVƏ

Möhtərəm Cənab Prezident!
Azərbaycan Оrdusu Aprel Zəfərləri ilə özünün tarixinə yeni şanlı sətirlər həkk etdi. Cəmisi 3 gün ərzində Qarabağın mühüm strateji əhəmiyyətə malik bir sıra yüksəklikləri, yaşayış məntəqələri erməni işğalçılarından azad olundu. Atəşkəs müqaviləsi şərtlərini yüz dəfələrlə pozan, döyüş mövqelərindən daha çox yaşayış yerlərini hədəf götürən düşmən növbəti təxribat cəhdində gümanına belə gətirməzdi ki, ağır məğlubiyyətlə, ciddi sarsıntılarla üzləşəcək. Əsgər və zabitlərimizin misilsiz şücaətləri ilə reallaşdırılan əməliyyat gücümüzün, iradəmizin, qələbə əzmimizin təntənəsi kimi yaddaşlarda qaldı. Ali Baş Komandanı olduğunuz Silahlı Qüvvələrin çevik qələbələri ağır itkilərlə üzləşən təcavüzkara, havadarlarına bir növ xəbərdarlıq idi ki, düşmən işğal altındakı torpaqlardan öz xoşuna çıxmasa, onu buna Azərbaycan döyüşçüsü vadar edəcəkdir. Çünki əli silah tutan hər kəs Vətən, Prezident, Ali Baş Komandan yolunda şücaətlərə hazırdır. O cümlədən, “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin çoxsaylı üzvləri də. İndi də həssas münasibətin şahidiyik.

Möhtərəm Cənab Prezident, Odlar Yurdunda yaşayan, onun təəssübünü çəkən hər bir şəxs çoxdan zəfər sorağında idi, həmçinin bizlər də. Belə hüsn-rəğbətin kökləri dərindədir. 70 il əvvəl Bakıda cəmiyyətimiz təşkil ediləndə üzvlərindən cəmi 15 nəfərinin ali təhsili var idi. 1980-ci ilə qədər 200 nəfərə yaxın mühacir elmlər namizədi və doktoru adı almaq üçün dissertasiyalar müdafiə etmişdi. Minlərlə mühacir ali təhsilli mütəxəssis kimi müxtəlif sahələrdə çalışırdı. İşsiz, evsiz, təhsilsiz bir nəfər belə qalmamışdı. Üç nəfər Sosialist Əməyi Qəhrəmanı fəxri adına, yüzlərlə mühacir orden və medallara layiq görülmüşdü. Bütün bunlar dünyanın heç bir ölkəsində mühacirlərə münasibətdə müqayisəyə gəlməz faktlardır. Qeyd edək ki, belə diqqət və qayğı nümunələri Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dönəmlərdə xüsusi ilə geniş miqyas almışdı. İndi də həssas münasibətin şahidiyik.

Bu doğmalıq, problemlərin həllinə daim diqqətlə yanaşılması Azərbaycanı mühacirlərə və onların ailə üzvlərinə vətən kimi sevdirib. İranlı Mühacirlər Cəmiyyətinin sıralarında birləşənlər məhz buna görə respublikanın təssübünü çəkməyi, inkişafına hər sahədə töhfələr verməyi özlərinə mənəvi borc sayırlar. Ölkənin əksər iri şəhərlərində və 32 rayonda məskunlaşan cəmiyyət üzvləri Azərbaycanın istər müstəqilliyinin bərpası uğrunda mücadilələr başlayanda, Qarabağda erməni separatçıları baş qaldıranda, istərsə də torpaqlarımızın işgalçılardan azad olunması yolunda döyüşlərdə daim ön cərgələrdə olublar. Onların beş nəfərinin Azərbaycanın Milli Qəhramanı adını daşıması, cəbhədəki şücaətlərə görə orden və medallarla təltif olunmaları, şəhidlər xiyabanlarında uyuyan igidlərimizin and yeri saydığımız məzarları sonsuz sədaqətin əyani ifadələridir. Belə desək, qəhrəmanlıq nəsillərdən- nəsillərə ötürülən davamlı ənənələrimizdəndir.

Möhtərəm Cənab Prezident, Ermənistan atəşkəs rica etməyə məcbur olub. Adətən bu səpkidə müraciətlər daha güclüyə, qalib tərəfə edilir. Azərbaycan Prezidentini, Ordumuzu bu statusda görmək hamımızda fəxarət doğurur. Qarşı tərəfin müraciəti heç də onun sülhsevər niyyətindən qaynaqlanmır. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyə dair 4 qətnaməsinin, beynəlxalq qurumların Ermənistan rəhbərliyinə ünvanlanan çağırışlarının indiyədək kağız üzərində qalması bunu təsdiqləyir.

Cinayətkar Sarkisyan rejimi özünün sələfləri kimi nə qədər manevr etməyə çalışsa da divarın sonu görünməkdədir. Getdikcə aşınan, təklənən təcavüzkar yüzlərlə tabutun özü ilə gətirdiyi ölkədaxili etirazların genişlənməsindən, ən əsası qarşısında qüdrətli, qələbə bayrağını Xankəndinə sancmağa qadir Azərbaycan Ordusunu gördüyündən qorxu və təşviş içərisindədir. Lakin düşmənə ən sərfəli tövsiyə Sizin – Azərbaycan Respublikasının Prezidentinin, Silahlı Qüvvələrin Ali Baş Komandanının dilindən səslənib: “Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun”.

Möhtərəm Cənab Prezident, şəhidlərimizin son mənzilə yola salınması mərasimlərində yaşanan ovqat sübut edir ki, insanlar Vətənə, xalqa, dövlətə, Prezidentə və Ali Baş Komandana nə dərəcədə bağlıdırlar. Bu birlik, nikbinlik yorulmaz, fədakar fəaliyyətiniz üçün stimuldur, Qarabağın dinc, yaxud hərbi yolla əsarətdən qurtulacağına inamın təntənəsidir. Azadlıq haqqı həm də şəhadətə hazır olmaqdan keçir. “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin istər Azərbaycan Respublikasinda, istərsə də onun hüdudlarından kənarda yaşayan üzvləri bu bəşəri amal uğrunda, torpaqların işğaldan azad olunması yolunda daim Sizin yanınızdadır. Bütün çağırışlarınıza amadədir.

Dərin hörmətlə,

Rəhim Hüseynzadə,

“İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin sədri

Facebook
Telegram
Twitter
Email