آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti Cənab İlham Əliyevə

Möhtərəm Cənab Prezident,

Bu günlər bütün respublika sakinləri kimi sıralarında minləri birləşdirən “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin üzvləri də idmançılarımızın XXXI Yay Olimpiya Oyunlarında qazandıqları möhtəşəm uğurların yaratdığı sevincin təsiri altında yaşayır, təbriklərini və xoş duyğularını Sizə – Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Milli Olimpiya Komitəsinin rəhbərinə yetirməkdən məmnunluq duyurlar.

Təşkilatımız hələ 8 iyun 2015-ci ildə, I Avropa Oyunları ərəfəsində Sizə ünvanladığı məktubda belə bir mötəbər kütləvi yarışların keçirilməsinin ölkəmizə etibar edilməsinin Azərbaycanın, onun Prezidentinin yüksək beynəlxalq nüfuzundan, malik olduğumuz potensialdan irəli gəldiyini vurğulamışdı. Nikbinliklə qeyd etmişdik ki, qələbələrlə yadda qalacaq Avropa Oyunları belə səviyyəli yarışlar keçirmək istəyən digər dövlətlərə gör-götür məktəbi olacaq, ən başlıcası qarşıdakı Rio-de Janeyro Olimpiadasında uğurların davamı üçün baş məşq kimi yadda qalacaqdır.

Proqnozlarımızın özünü doğrultmasından qürur duyuruq. Əslində belə qənaətə gəlməyimiz məntqi əsaslardan qaynaqlanırdı. 1996-cı ilin Atlanta Yay Olimpiadasında 23 təmsilçimizin cəmi bir medal qazanması ciddi həyəcan təbilinin səsləndirilməsinə səbəb olmuşdu. İctimai tələb bu idi ki, dönüş yaradılması üçün ölkənin olimpiya hərəkatında köklü islahatlar aparılmalıdır.

İndi 20 ilə yaxındır ki, Milli Olimpiya Komitəsinin Prezidentisiniz. Azərbaycanın bütün şəhər və bölgələri özlərinin olimpiya komplekslərinə malikdirlər. Hər il mötəbər yarışlarda yüzlərlə medal əldə olunur. Ən başlıcası isə olimpiyadalardakı nailiyyətlərin yüksələn xətlə inkişafı tendensiya kimi özünü təsdiqləyib.

Sidneydə 3, Afinada 5, Pekində 8, Londonda 10. Rio-de Janeyroda Azərbaycan bayrağının 18 dəfə tətif mərasimlərində dalğalanması, belə desək hər üç təmsilçimizdən birinin mükafatlandırılması müqayisəyə gəlməz nailiyyətdir.

Azərbaycan 1 qızıl, 7 gümüş, 10 bürünc medalla təltifin kefiyyəti baxımından 207 ölkə arasında 39-cudur. Lakin medallarınn sayına gəldikdə dünyada 15-ci, MDB məkanında 2-ci, Avropada 7-ci, islam ölkələrinin arasında isə birincidir.

Möhtərəm Cənab Prezident, biz müqayisənin sonuncu hissəsində xüsusi dayanmaq istəyirik. Nəzərə alsaq ki, Azərbaycan 2017-ci ildə daha bir möhtəşəm idman sınağından çıxmalı, IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi etməlidir, olimpiyadadakı nəticələr stimullaşdırma, sabaha daha nikbin yanaşma baxımından müstəsna əhəmiyyətə malikdir. Biz inanırıq ki, I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri kimi məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gələn Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyevanın rəhbəri olduğu qurum bu yarışların da yüksək səviyyədə keçirilməsini təmin edəcəkdir.

“İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin üzvləri yeni, daha möhtəşəm uğurların qazanılacağına həm də ona görə əmindir ki, Azərbaycanda idmana, insanların sağlamlığının qorunmasına diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindəndir.

Sizi bir daha təbrik edir, hərtərəfli yorulmaz, səmərəli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq!

Facebook
Telegram
Twitter
Email