İllər nağıllarda deyildiyi kimi sanki quş qanadında pərvaz edir. Tezliklə Firidun – sevərlərin iştirakı ilə anım mərasiminə toplaşacağıq. Ona hüsn-rəğbətlərin saya gəlməzliyinə istinadən bilirəm ki, tədbirdə qələbələlik hökm sürəcək. Üstəlik bu qəbildən çoxsaylı insanların qınağına da tuş gələcəyik. Çünki Firidun İbrahimi o taylı, bu taylı milyonların qəlbində özünə əbədi məskən salan, qibtə ediləcək şəxsiyyətlərdəndir.
Heç çübhəsiz belə nikbin duyğulardan qürur duyarkən gözlərim zalda onu görənləri, əlini sıxanları axtaracaq. Cəmi üç nəfər qaldığımızdan, necə dəyanətli şəxsləri itirdiyimizdən sıxıntı keçirsəm də el məhəbbəti, F. İbrahimini tarixdə, könüllərdə əbədi saxlamağı özlərinə borc bilənlərin ilbəil artdığının şahidi olmaqdan zövq alacağam..
Mən onu ilk dəfə 1946-cı il iyulun 6-da Təbrizdə (1325-ci il tir ayının 15-i) Azərbaycan Demokrat Cavanlar Təşkilatının (ADCT) birinci qurultayında görmüşəm. Ərdəbildən üç nəfər nümayəndə seçilmişdi – İranda məşhur Sultanovların dayısı Rəhim Mübahi, Muxtar Didəkunan (o, mühacirətdə uzun illər Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin təşkilat şöbəsinin müdiri işləyib) və bir də mən. Üç gün şəhər müsafirxanada qaldıq. Hava çox soyuq idi, elə bil qış gəlmişdi.
Qurultay üçün Təbrizin ən böyük zalı ayrılmışdı. Azərbaycanın hər yerindən seçilən onlarca gənc oğlan və qız nikbinlik hissi ilə ali məclisə qatılmışdı. Şairə Mədinə Gülgünlə də orada qanış oldum. Bizdən M. Didəkunan çıxış etdi və Ərdəbil cavanlarının “21 Azər” Hərəkatının nailiyyətlərinin qorunması üçün hər cürə fədakarlığa hazır olduğunu bildirdi. Məni Firidun İbrahimi ilə də o, tanış etdi. Sonralar xalq yazıçısı Mirzə İbrahimovun “Gələcək gün” romanında həmin şümal görkəmli, şux geyimli, zabitəli gəncin obrazının təsvirini oxuyarkən sanıram o canlı insan surətində məni yenə salamlayır, xoş əhval-ruhiyyəmə yeni nikbinlik tonları əlavə edir.
Əslində o vaxtadək simasını görməsəm də Ərdəbil cavanlarının əksəri kimi mən də F. İbrahimini qiyabi tanıyırıdım. “Ajir” və “Azərbaycan” qəzetlərindəki dolğun vətənpərvər məqalələrinin qazandırdığı pərəstişkarları saya gəlməz idi. 27 yaşlı hüquqşünasın Azərbaycan Milli Hökümətinin Baş Prokuroru təytin edilməsi təəccüb doğursa da qısa müddətdə məsələlərə obyektiv yanaşması, qanunu, ədalətli üstün tutması, haqqı tapdananların yanında olması ilə dərin rəğbət qazanmışdı.
Buna görə də qurultayda qısa, lakonik çıxışı dəfələrlə alqışlandı. Çox təəssüf ki, bu, birinci və sonuncu görüşümüz oldu. Amma əbədi xatirə kimi yaddaşımda qaldı.
Bir neçə kəlmə də həmin qurultay barədə söhbət açmaq istərdim. Orada gənclərin 20 təşkilatından 107 nümayəndə iştirak edirdi. Əvvəl Seyid Cəfər Pişəvərinin birinci qurultaya təbrik məktubu oxundu. O, xəstəliyə görə iştirak edə bilmədiyi üçün üzrxahlıq edir, ali məclisin işinə uğurlar arzulayırdı. Rəhbər cavanları yeni quruluşun gələcəyi adlandırır, proqram xarakterli məktubunda göstərirdi ki, maarifsiz və məlumatsız bir millət bu günkü dünyada səadətə çata bilməz. Kor-koranə hərəkət edən bir cəmiyyət sonda heç bir yana çıxa bilməz və səhralarda çaşıb qalar. Bizim hədəfimiz əvvəl Azərbaycan xalqının azadlığını təmin edib, İranda demokratik rejimi bərpa etməklə iranlıların hamısının irtica boyunduruğu altından çıxmasına nicat verməkdir… Mən gənclərimizin az bir zamanda böyük müvəffəqiyyətlər qazanmasını, xüsusən özlərinin birinci qurultaylarını təşkil etməyə müvəffəq olmalarını uğur sayıram.
Qurultayda təşkilatın Məramnamə və Nizamnaməsi qəbul olundu, Mərkəzi Komitənin Prezidium üzvlüyünə Məhəmməd Bağır Zehdabi, Əqdəs xanım Məmizadə, Həmid Məmmədzadə, Həmid Səfəri, İslam Sərrafi, Birhanəddin Sübhi, Əli Şəmidə Çeşmazər, Ağazadə (sədr) və başqaları seçildilər. Qeyd edək ki, bu təşkilatın 20 yaşa çatmış gənclərinin əncümən seçkilərində fəal iştirakı, fəhlə və kəndlilərin savadlanmalarına, onların zabitlik və ixtisas məktəblərinə göndərilmələrinə, şəhərlərdə asayişin qorunmasına, fədai və xalq qoşunları dəstələrinə konsert və tamaşalar verilməsinə, ön cəbhədəki fədailərin ailələri ilə əlaqə saxlamalarına, tikinti və abadlıq işlərində xalq hakimiyyətinə kömək göstərmələri bir vəzifə olaraq onlara həvalə edilmişdi. Qurultayda bu məsələlərdən ətraflı söhbət getdi və bir sıra qərarlar qəbul olundu.
Bilirsiz, mən həm də İbrahimilər nəslinin heyranıyam. Qəni kişi ilə yanaşı övladları Firidun və Ənuşirəvanın da adları mübarizə tariximizə həkk olunub. İrəc xanım ən gənc fədai sayılırdı. Tarix elmləri doktoru İranduxt xanımın da qələmi, axtarışları sonadək haqq işinə xidmət etdi. Bu özü də böyük xoşbəxtlikdir!
Ədilə Çernikbulənd,
Tibb elmləri namizədi,
“İranlı Mühacirlər Cəmiyyəti”
İctimai Birliyinin İdarə Heyətinin üzvü