آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

Səyyad Kərimovun (Dasi) 85 yaşı qeyd olundu Diplomlar, ürək sözləri, təbriklər

İyunun 10 – da “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyində yazıçı, publisist, fəal Səyyad Ağəmi oğlu Kərimovun (Dasi) 85 illik yubileyi qeyd olunub. Bu münasibətlə akt zalında düzənlənən yığıncağı İMC-nin sədri Rəhim Hüseynzadə açıb. O, 85 il əvvəl Lənkəran şəhərində dünyaya gələn yubilyarın mühacir taleyinin ötən əsrin 30-cu illərində yaşadılan siyasi proseslərin təcəssümü olduğundan danışıb. Qeyd edib ki, Səyyad da hələ yeniyetmə yaşlarından atası, fədai A. Dasinin təsiri altında mübarizlər sırasına qoşulub, Astara və Ərdəbildə cavanlar təşkilatının fəallarından olub. 1947-cı ildən valideynləri ilə Arazın digər tayına mühacirət etmək məcburiyyətində qalıb. Məruzəçi əlavə edib ki, ali təhsilli toxuculuq mühəndisi S. Kərimovun (Dasi) işlədiyi bütün sahələrdə öncüllərdən olmasını onun layiq görüldüyü çoxsaylı medallar, diplomlar, xatirə hədiyyələri göstərməkdədir. Azərbyacan Yazıçılar Birliyinin üzvünün kitablarında toplanan müxtəlif əsərlər isə müəllifin zəngin söz və duyum dünyasından xəbər verir. R. Hüseynzadə bütün bunların əsas götürülərək S. Kərimovun (Dasi) İMC – nin diplomu ilə təltif olunduğunu deyib və mükafatı sahibinə təqdim edib.

İranlı Mühacirlər Cəmiyyəti sədrinin birinci müavini Firidun İbrahimi yubiliyarı çoxdan tanıdığını, gənclərə daim ağsaqqal nümunəsi göstərdiyini vurğulayaraq Azərbaycan Respublikasının Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslan tərəfindən yubiliyarın həmin təşkilatın diplomu ilə təltif edilidiyini, təqdimat səlahiyyətinin ona həvalə olunduğunu söyləyib.

Təqdimatdan sonra digər təbriklər, ürək sözləri səslənib. İMC-nin Ədəbi Birliyinin sədri, AYB-nin üzvü, Dədə Qorqud Beynəlxalq mükafatı laureatı Tariyel Ümid yubilyara həsr etdiyi şeirini səsləndirib. “Bütöv Azərbaycan” qəzetinin baş redaktoru Təmxil Ziyədddinoğlu Səyyad kişinin bu nəşrin fəal oxucuları və yazarları oduğunu deyərək onun yaradıcılığını səciyyələndirib.

İMC-nin Qadınlar Təşkilatının sədri işləmiş Humay xanım Yarəfra isə S. Kərimovun (Dasi) təşkilatla daim sıx əlaqə saxladığından danışıb. Tarixçi alimlər Əkrəm Rəhimli (Bije), Səməd Bayramzadə, İMC-nin İdarə heyətinin üzvləri Murtuza Müqəddəm, Babək Şəriəti, İsmayıl Abdullahi, yubiliyarın yaxın dostu, energetik Yaşar Vahabov və başqaları da səmimi duyğularını dilə gətiriblər. Tanınmış sənətkar Həsən Cəbrayılovun parodiyaları da məclisə xoş əhval-ruhiyyə bəxş edib.

Sonra Səyyad Kərimov (Dasi) çıxış edərək diqqətə görə hamıya minnətdarlığını bildirib.

Facebook
Telegram
Twitter
Email