آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

S. C. Pişəvəri Fəxri Xiyabanda və Yevlaxın Aran qəsəbəsində anıldi

“İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyi görkəmli inqilabçı, ictimai-siyasi xadim, jurnalist, yazıçı, naşir, Azərbaycan Demokrat Firqəsinin yaradıcısı və rəhbəri, Milli Hökumətin baş naziri Seyid Cəfər Pişəvərinin əbədiyyətə qovuşmasının 70, anadan olmasının 125 illiyi ilə əlaqədar tədbirlər planı tərtib edib. Bunların reallaşdırılmasına anım mərasimləri ilə başlanılıb.

Bu məqsədlə iyunun 9-da paytaxdakı Fəxri Xiyabana baş çəkən cəmiyyət üzvləri, alimlər, tədqiqatçılar, ictimaiyyət nümayəndələri öncə Ulu Öndərimiz Heydər Əliyevin abidəsinin ziyarət edib tər çiçək dəstələri düzüblər. Sonra Azərbaycan Demokrat Firqəsinə uzun illər rəhbəri olmuş general Qulam Yəhyanın xatirəsinə ehtiram nümayiş etdirilib.

S.C.Pişəvərinin abidəsi önündə düzənlənən mərasimi İMC-nin sədri Rəhim Hüseynzadə açıb. O, Seyid Cəfər Pişəvərinin XX əsrin parlaq şəxsiyyətlərindən biri olduğunu, nəinki Azərbaycanda və İranda, eləcə də bütün Şərqdə misilsiz xidmətləri ilə tarixdə özünə əbədi yer qazandığını deyib. R. Hüseynzadə bütün bunlar barədə daha ətraflı söz açılması, təhlillər aparılması üçün təşkilatın sentyabrda yubilyarla bağlı elmi-praktik konfrans da keçirəcəyini bildirib.

Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun əməkdaşı tarixçi- alim Əkrəm Rəhimli (Bije) S.C. Pişəvərinin həyat və mübarizə yolunun ətraflı təhlinini verib. Həmin institutun bölmə müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə isə çıxışında onu amalına, məsləkinə sadiq insan kimi səciyyələndirib. İMC –nin ədəbi birliyinin sədri, Dədə Qorqud beynəlxalq mükafatı laureatı Tariyel Ümidin S.C.Pişəvəriyə aid şeirindəki nikbin duyğular fədai övladlarının indinin özündə də rəhbərin yolunun davamında israrlı olduğunu göstərib.

İran Xalq Partiyasının təmsilçisi Murtuza Müqəddəm çıxında S.C.Pişəvərinin doğulub boya-başa çatdığı ölkədə bütün saf amallı insanların mənəvi sərvəti, qürur mənbəyi olduğundan danışıb.

Anım tədbirləri iyunun 13-də Yevlax rayonunun Aran qəsəbəsində S.C.Pişəvərinin və məsləkdaşlarının şərəfinə salınmış “21 Azər” parkında davam etdirilib. Nurlu şəxsiyyətin abidəsi önündə düzənlənən anım tədbirində İMC-nin Bakı və Gəncəşəhər təşkilatının təmsilçiləri, Yevlax rayonundan ictimayyət nümayəndələri və Aran qəsəbə orta məktəbinin müəllimləri iştirak ediblər. Abidə önünə qoyulan çələngdə bu sözlər yazılıb: “Çoxsaylı olsun Seyid Cəfər Pişəvəri yolunu gedənlər – Azərbaycan Demokrat Firqəsi” Anım mərasimini Yevlax şəhər İcra Hakimiyyətinin baş məsləhətşisi Vaqif Əliyev açaraq bildirib. S. C. Pişəvəri kimi unudulmaz insanın dünyasını dəyişdiyi bu ərazidə şərəfinə ucaldılan abidə on illərdir ki, bölgə sakinlərinin ehtiramla ziyarət etdikləri ünvanlar sırasındadır. Ənənə daim davamlı olacaq.

Cəmiyyətin sədri R. Hüseynzadə bütün iştirakçıları salamlayaraq tədbirin təşkilinə sayğılı yanaşdığına görə Yevlax Şəhər İcra Hakimiyyətinə, icra başçısı Qoca Səmədova və burada ilboyu səliqə-sahman yaratdıqlarına görə qəsəbə məktəbinin kollektivinə rəhbəri olduğu təşkilat adından minnətdarlığını bildirib. Tarixçi-alim Səməd Bayramzadənin çıxışında S.C. Pişəvərinin fədakar həyat yolunun təhlinini verib. Əli Dəsti isə İMC-nin sədri olduğu Gəncə şəhər təşkilatı üzvlərinin hər ilin iyununda burada toplaşdıqlarını vurğulayıb və əlavə edib ki, tədbirin öz coğrafiyasını genişləndirməsini də bir ənənəyə çevirmək zəruridir.

İMC sədrinin birinci müavini Firidun İbrahimi S.C. Pişəvərinin yenilməz silahdaşları sırasında üç şəhid verən İbrahimilər nəslinin nümayəndələrinin də olmasından qürur duyduğunu dilə gətirib. İran Xalq Partiyasının təmsilçisi M. Müqəddəm rəhbərin adının, xatirəsinin hər bir mütərəqqi insana əziz olduğunu söyləyib.

Anım tədbirində Aran qəsəbə orta məktəbinin dərs hissə müdiri Tahirə Cəfərova, müəllimlərdən İlhamə Fətihi, Eldəniz Tağıyev və başqaları çıxışlarında Pişəvəri şəxsiyyətinin gənc nəslin vətənpərvərlik tərbiyəsindəki müsbət rolundan danışıblar və qeyd ediblər ki, bu bağ, bu abidə həm də qürur ünvanımızdır.


Facebook
Telegram
Twitter
Email