İranlı Mühacirlər Cəmiyyəti – mühacirətin dünyəvi Azərbaycan modeli kimi
Təşkilat bu mövzuda “dəyirmi masa”lara Gəncədən başlayıb
İMC-nin “Mühacir problemi ilə bağlı Azərbaycan modelinin öyrənilməsi mövzusunda maarifləndirici tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində reallaşdırılması nəzərdə tutulan “İranlı Mühacirlər Cəmiyyəti-mühacirətin dünyəvi Azərbaycan modeli” mövzusunda ilk “dəyirmi masa”sı dünən Gəncədə düzənlənib. Tədbirə qədim şəhərdə və Gəncəbasarda yaşayan iranlı mühacirlər və övladları, eləcə də burada fəaliyyət göstərən müxtəlif qurumların təmsilçiləri qatılıblar. Öncə onlar Ulu Öndərimiz Heydər Əliyevin şəhərin baş meydanındakı abidəsini ziyarət ediblər və ora gül-çiçək düzüblər.
Gəncə Şəhər Mərkəzi Kitabxanasında keçirilən tədbiri giriş sözü ilə açan İMC-nin sədri, əməkdar jurnalist Rəhim Hüseynzadə deyib ki, iranlı mühacirlərin Ümummmilli Liderin xatirəsini belə əziz tutmaları təsadüfi deyil. Son 70 ildə təşkilatımızın üzvlərinin əldə etdikləri misilsiz uğurlarının əksər hissəsi məhz böyük şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi iki dönəmin payına düşür. Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ölkədəki qaraguruh tərəfindən İMC-nin ləğvinə və inzibati binasının tamamilə ələ keçirilməsinə yönələn niyyətlərinin qarşısını alıb.
Sədr qeyd edib ki, ötən illərdə İMC-nin və üzvlərinin qazandıqları uğurlar dünyanın heç bir mühacir təşkilatına nisbətdə müqayisəyə gəlməzdir. Bu barədə ekspert çıxışlarında konkret faktlar səslənəcək. Bizim məqsədimiz isə ölkə daxilində və xaricdə əksəriyyətin məlumatsız olduğu həmin nümunələri ictimailəşdirmək, Azərbaycan dövlətinə, xalqına, rəhbərliyinə minnətdarlığımızı yetirməkdir.
Cəmiyyət sədri əlavə edib ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihə çərçivəsində mühacirlərə xüsusi diqqət və qayğı nümunələri ilə seçilən rəhbər şəxslərin də mükafatlandırılmasını nəzərdə tutub. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin də onların sırasında olması məntiqidir. Yevlaxın Aran qəsəbəsindəki “21 Azər” bağının, Seyid Cəfər Pişəvərinin şərəfinə ucaldılan abidə, həmçinin Gəncəbasarda iranlı mühacirlərə hər iki bölgədə göstərilən hərtərəfli qayğı nümunələri buna əsaslar verir.
R. Hüseynzadə diplomu şəhər icra hakimiyyətinin baş məsləhətçisi Kənan Məmmədova təqdim edib. K. Məmmədov icra başçısı adından təşəkkürünü yetirərək deyib ki, iranlı mühacirlər 70 ildir Azərbaycanın tamhüquqlu sakinləridirlər, onlar bu şəhərin də şöhrət salnaməsinin yaradılmasında dünən də, indinin özündə də hər sahədə nümunə göstərməkdədirlər.
Layihənin ekspertləri – “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyi sədrinin birinci müavini, istefada olan polkovnik Firidun İbrahimi və “İnsan Hüquqlarının Müdafiəsi və Ekolgiyanın Qorunması Mərkəzi”nin sədri Zeynalabidin Abbasov İranlı Mühacirlər Cəmiyyətinin mühacirətin dünyəvi Azərbaycan modeli kimi dəyərləndirilməsini məntiqi təsdiqləyən çıxışlarında diqqəti əsasən səkkiz məqama çəkiblər. Onlar mühacirətdə ən kəskin problem sayılan ev və işlə təminat, təhsil, mədəniyyət, incəsənət, bədii ədəbiyyat, səhiyyə, idman, Azərbaycan naminə hər cürə igidlik nümunəsinə hazır olma, eləcə də digər sahələrdəki möhtəşəm faktları dilə gətiriblər. Ekspertlər deyiblər ki, hazırda inkişaf etmiş ölkələrin özündə belə mühacirlərə arzuolunmaz şəxslər kimi yanaşıldığı, sərhədlərin üzlərinə bağlandığı, onların hədəf seçdikləri dövlətlərə çatmaq üçün üz tutduqları Aralıq dənizində faciələrini yaşadıqları müasir dövrdə çəkilən misallar xüsusilə ibrətamizdir.
İMC sədrinin müavini Murtuza Nizamoğlu çıxışında göstərib ki, o, 1980-ci illərin mühacirlərindəndir. O vaxt yaşıdlarından Avropaya mühacirət edənlər də az olmayıb. Onlardan fərqli olaraq Azərbaycana gələnlərin mənzil, iş, təhsillə bağlı heç bir problemləri olmayıb. Biz indinin özündə də Azərbaycandakı qayğı və doğmalıqdan məmnunuq.
Prezident təqaüdçüsü Hüseyn Hatəmi fədai ovladı olduğunu, Gəncə şəhərinin ictimai həyatında fəal iştirakı üçün hər cürə şərait yaradıldığını söyləyib. O, İMC-nin Gəncə şəhər təşkilatına rəhbərlik etmiş mərhum Bəhlul Rəvaninin, Əli Dəstinin xatirələrinin tədbirdə əziz tutulmasını da müsbət dəyərləndirib. Şəhər Təcili Yardım Stansiyasının həkimi Bayram Pərdəşünasın çıxışı iranlı mühacirlərin Qarabağ uğrunda döyüşlərdəki şücaətlərinə yönəlib.
Sonda müxtəlif sahələrdə fərqləndiklərinə görə 20 nəfərə “İranlı Mühaw yyəti” İctimai Birliyinin diplomları təqdim edilib.