2- ci hissə
Komissiyasının əsas vəzifəsi İslam qayda-qanunları əsasında torpaq islahatı qanun layihəsi hazırlamaq idi. Həmin üçlər komissiyasının başçılığı altında hazırlanmış layihə Xomeyninin nəzərinə çatdırıldıqdan sonra, 1980-cı il aprel ayının 9-da (14 fərvərdin 1359-cu il) İnqilab Şurasında təsdiq edildi.
Qanun layihəsi İslam Şura Məclisinin müzakirəsinə verilənədək, ilk növbədə, torpaqlar haqqında hesablanma məlumatları toplanıldı. (15)
Həmin qanun layihəsi 1980-ci ilin avqust ayında (1360-cı ilin şəhrivərində) Məclisin müzakirəsindən keçərək torpaq islahatı qanunu adı ilə qəbul olundu və bu qanunun islahat qanunu kimi yerlərdə həyata keçirilməsi qərara alındı. Bununla əlaqədar olaraq, yəni torpaq bölgüsü işiylə məşğul olmaq üçün 7 nəfərlik komissiya yaradıldı. (16) Qanuna görə bu komissiyanın tərkibi: 1 nəfər islam quruculuq təşkilatından, 2 nəfər kənd təsərrüfatı nazireliyindən, 1 nəfər daxili işlər nazirliyindən, 1 nəfər ali ruhaniyyət tərəfindən, 2 nəfər kəndin baş mollası tərəfindən təyin edilmiş nümayəndədən ibarət olmalı idi. O zaman qanun tərəfindən bu komissiyanın öhdəsinə çox mühüm vəzifələr qoyulmuşdur. Komissiyanın əsas vəzifəsi ümumi ölkə miqyasında torpaq sahələrinin miqdarını, növünü, ayrı-ayrı adamların əlindəki torpaqların miqdarını, torpaqsız və az torpaqlı kəndlilərin və onların ailə üzvlərinin sayını, torpaqların münbitliyini və məhsuldarlıq dərəcəsini, su mənbələrini və onun təqsimatını və sairə bu kimi məsələləri müəyyən etməliydi. Bütün bunların dəqiq müəyyənləşdirilməsi prosesində böyük əhəmiyyət kəsb edirdi. Çünki ilk növbədə, bu tədbirlərin görülməsi islahatın düzgün və ədalətli aparılmasına təminat ola bilərdi. Demək olar ki, sadalanan bu tədbirlər islahatın ilk mərhələsində yerinə yetirilmişdi. Yəni hesablama işləri başa çatdırılmış və islahat komissiyasına təqdim olunmuşdu.
Torpaq islahatı qanununa görə, islahatın ilkin mərhələsində torpaq sahəsi 500 hektardan çox olan mülkədar və feodalların torpaqlarının alınıb, kəndlilər arasında əvəzsiz olaraq paylanması nəzərdə tutulurdu. 500 hektardan artıq torpağı olan şəxsə ailəsinin təminatı üçün lazım gələn miqdardan üç dəfə artıq torpaq sahəsi əldə saxlamaq ixtiyarı verilirdi. Əgər mülkədarın əlində saxladığı torpaq sahəsini bilavasitə özü və ailə üzvləri əkib becərməzsə, onda, həmin torpaq sahəsi bir dəfə də azadlığı və yeni sahə istifadəsiz qalarsa, müsadirə olunurdu. Torpaqda başqa şəxsin əməyini istismar etmək və ya onu kimsəyə icarəyə vermək qanunla qadağan edilirdi. Qanunda islahatın ikinci mərhələsi miqdarı 500 hektardan az olan torpaq sahələrini əhatə edəcək idi.
Məclisin torpaq islahatı qanununa əsasən, ölkədə mövcud olan torpaqlar keyfiyyətinə, məhsuldarlığına və sahibkarlıq formasına görə 4 qrupa bölünürdü:
A. Məvat torpaqlar – istifadəsiz torpaqlar.
B. Müsadirə olunmuş torpaqlar.
C. Dincə qoyulmuş və ya “bayer” adlanan torpaqlar.
D. Hal-Hazırda əkilən və ya “dayer” adlanan torpaqlar. (17)
bəndinə daxil olan, yəni “məvat” torpaqlar tarixən istifadəsiz qalmış “yararsız” torpaq sahələridir ki, onun əsas sahibi dövlət olsa da, bu torpaqlar bir çox hallarda mülkədar, məqam sahibləri, tacirlər və şirkətlər tərəfindən özbaşına tutulmuş və müxtəlif məqsədlər üçün istifadə olunmuşdur.
İslahat qanununda göstərir ki, torpaqlar yerlərdə torpaqsız və az torpaqlı kəndlilərin sərəncamına qoyulmalıdır ki, onlar dövlətin yardımı ilə bu sahələri əkin üçün yararlı vəziyyətə sala bilsinlərş “Məvat” torpaqların kəndlilərin ümumi istifadəsinə verilməsi işin bir cəhətidirsə, ikinci başlıca cəhəti bu torpaqları kəndlilərə dövlət tərəfindən hərtərəfli maddi kömək, toxum, kimyəvi kübrələr, kənd təsərrüfatı maşınları və sairə aqrotexniki yardımın təşkili məsələsidir. “Məvat” hesabına torpaq almış kəndlilərə hərtərəfli dövlət yardımı göstərilirdisə, bu bir tərəfdən əkinə yararlı torpaq fondunun artmasına, digər tərəfdən kənd təsərrüfatı məhsulları bolluğunun yaradılmasına kömək olardı.
Torpaq islahatı qanunun “B” bəndinə aid olan torpaqlar şaha, saraya yaxın adamlara, həmçinin xalqa xəyanət etdiklərinə görə xaricə qaçmış iri fiodallar və mülkədarlara, rütbə və məqam sahiblərinə məxsus olan və ümumiyyətlə, şah rejimi ilə əməkdaşlıq etmiş şəxslərin torpaqlarıdır ki, bunlar İslam Respublikası tərəfindən vaxtilə müsadirə edilmişdir.
Torpaq islahatı qanununun həyata keçirilməsində iri mülkədarların, feodalların və ruhaniyyətin mürtəce cinahının ciddi müqavimət və qəzəbinə səbəb olan “C” (və ya “bayer”), “D” (və ya “dayer”) bəndləridir. Bu bəndlərə aid olan torpaqların böyük əksəriyyəti iri feodal və mülkədarlara məxsusdur. “C” bəndinə şamil olan torpaqlar, əsasən, müvəqqəti istifadəsiz qalan, yəni dincə qoyulan torpaqlardısa, “D” bəndinə nəzərdə tutulan isə hazırda əkilən sahələrdir. Qanunun son iki maddəsi, yəni “C” və “D” bəndinə daxil olan torpaqların sahibləri, əsasən, iri və varlı mülkədar və feodallar, ruhanilər, tayfa başçıları, böyük sərmaye sahibləri, tacirlərdir. Başqa sözlə, bu iki bənddə söhbət iri torpaq sahiblərinin əlində cəmlənmiş yararlı, münbit və məhsuldar torpaqların təqribən dördə üç hissəsini təşkil edir.
Ona görə də, demək olar ki, torpaq məsələsində komissiyanın bütün işi öz qaydasında davam edə bilməmişdir.
İri torpaq sahibləri, onlara bağlı olan mülkədar ruhanilər komissiyanın işinə, ümumiyyətlə, “C” və “D” bəndlərinin icrasında, xüsusilə mane olmuşlar. Aqrar islahatı haqqında qanunun qəbul edilməsindən keçən müddət ərzində ölkənin 32 məntəqəsində məvat və müsadirə olunmuş torpaq fondları hesabına torpaqsız və aztorpaqlı kəndlilərə 1, 261 min hektar torpaq sahəsi verilmişdir ki, bunun da çox hissəsini məvat torpaqlar təşkil etmişdir. Həm də bir qayda olaraq suvarılmayan, münbit olmayan yarasız torpaq sahələri olan məvat hesabına torpaq torpaqsız və aztorpaqlı sıravi kəndlilərə, müsadirə olunmuş məhsuldar torpaqlar isə, əsasən, kəndlə əlaqəsi olan İslam İnqilab keşikçilərinə, İnqilab komitə üzvlərinə və dövlət məmurlarına verilmişdir ki, bu da bir növ xidmətə görə verilən torpaq sahəsinin tiyul formasını xatırladır.
Yeri gəlmişkən qeyd edək ki, “C” və “D” bəndlərinə aid olan külli miqdar torpaq sahəsi feodal və mülkədarlar tərəfindən ona görə əkilmiş ki, onun sahibinin bu torpağın məhsuluna nə ondan əldə edilən gəlirə ehtiyacə yoxdur, həm də məhsul bolluğu yaranmasına razı deyildir. “D” bəndinə daxil olan və “dayer” adlanan torpaq sahələrinin üzərində sahibkarlıq zahirən hüquqi cəhətdən qanuna uyğundur. Lakin sahibkar onu əkdirir, biçdirir, özü və ya ailə üzvləri heç bir işdə iştirak etmədiyi halda, əldə edilmiş məhsulun çox hissəsini mənimsəyir ki, bu da nə şəriət və nə də hüquqi cəhətdən qanuni deyildir. Göründüyü kimi, “C” və “D” bəndlərinə daxil olan torpaq sahələri müasir İran kəndində hökm sürən zülm, ədalətsizliyin mühüm mənbəyini təşkil edir. Bu bəndlərə daxil olan torpaqların feodal və iri mülkədarların əlindən alınıb, yoxsul kəndlilərə paylanması torpaq məsələsinin radikal həllində böyük inqilabi əhəmiyyətə malikdir. Lakin məsələ burasındadır ki, iri torpaq sahibləri İslam Respublikasının dövlət aparatında islam adı altında maskalanmış irtica qüvvələri ilə əlbir olub aqrar islahatına qarşı, xüsusilə islahatın fəqərə sütununu təşkil edən “C” və “D” bəndlərinə qarşı ciddi müqavimət göstərərək onların həyata keçirilməsinə bütün vasitələrlə mane oldular. Hətta bu iki bəndin islahat qanunundan çıxarılmasını təkidlə tələb edərək bu tələbin yerinə yetirilməsi üçün hər cür fitnəkarlığa əl atdılar.
Halbu ki, torpaq islahatı qanununun məqam və əhəmiyyəti bu iki bənddədir. Bu iki bənd mülkədarların, iri torpaq sahiblərinin zorla ələ keçirdikləri torpaqlar deməkdir. Bu məsələ həll olunmadan kənddə feodalların, onların söykəndiyi iqtisadi və siyasi dayaqlarını dağıtmaq mümkün deyil. Bu iki bənd icra edilmədən kəndlinin təminatı haqqında danışmaq əbəsdir. Təsadüfi deyildir ki, mütəxəssislərin hesablamalarına görə, təxminən 7 milyon hektar torpaq iri mülkədarların əlində qalmaqdadır. (18)
Ardi var