آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

İMC Qadınlar Təşkilatı İH-nin iclası keçirilib

Qurumla “Dünya: ana və uşaqlar” İB arasında anlanma imzalanıb

Dünən İranlı Mühacirlər Cəmiyyəti Qadınlar Təşkilatının İdarə Heyətinin geniş tərkibdə iclası keçirilib. Öncə müzakirəsi tövsiyə olunan məsələlər müəyyənləşdirilib.

Təşkilatın sədri Möminat Puhən qurumun uzun fasilədən sonra bir il əvvəl fəaliyyətini bərpa etdiyini vurğulayaraq qadınların bu müddətdə yenidən cəmiyyətin həyatında aktiv rol oynamağa başladığını deyib. O bildirib ki, “biz fəaliyyətimizi İranlı Mühacirlər Cəmiyyətinin reallaşdırdığı tədbirlərdə iştirakla məhdudlaşdırmamışıq. Hər ay bir yerə yığılaraq ad günləri, yubileylər, tematik tədbirlər həyata keçirmişik. Qarşıdakı aylarda da bu ənənənin davamı zəruridir”.

Hesabat xarakterli çıxışda tanınmış sənətkarlardan respublikanın əməkdar artisti Ruhəngiz Musəvinin və Azərbaycan musiqi məktəbinin unudulmaz simalarından sayılan Rübabə Muradovanın bacısı Tahirə Muradovanın anadan olmalarının 65 illik yubileyləri, “ Ata-babalarımızı tanıyaq” silsiləsindən görkəmli ictimai-siyasi xadim, jurnalist Lütvəli Ərdəbilinin anım günü, Bakıda və regionlarda müxtəlif sahələrdə fərqlənən qadınların mükafatlandırılması və sair faktlar misal gətirilib.

Təşkilatın sədr müavini Validə Zöhrabova bunları müsbət dəyərləndirərək: “İMC-nin ölkədəki digər qurumlarla əlaqələr yaratmaq, qarşılıqlı əməkdaşlıq qurmaq təcrübəsindən biz də istifadə etməliyik. Respublikada isə bu cəhətdən yaxınlaşmalı olan nüfuzlu təşkilatların mövcudluğu bizə geniş imkanlar verir”-deyib.

İMC-nin sədri Rəhim Hüseynzadə təklifi dəstəkləyib: “biz də cəmiyyət olaraq sizlərə həmin istiqamətdə yardımçı olmağa hazırıq”. O, iclasda təhqiqatçı-alim Pərvanə Məmmədlinin o taylı, bu taylı ədəbiyyatımıza həsr olunan kitabının, filologiya elmləri doktor, professor Həcər Hüseynovanın (Umani) unudulmaz alim, yazıçı, ictimai-siyasi xadim Mir Cəlal Paşayevin yüz illik yubileyinə həsr etdiyi “Mir Cəlalın bədii əsərlərinin linqvopoetik xüsusiyyətləri” kitabının təqdimatının təşkili barədə təklifləri də yüksək qiymətləndirib. Onlara İMC-nin tezliklə keçirməyi planlaşdırdığı Azərbaycan Xalq Cümhuriyyətinin və Şeyx Məhəmməd Xiyabani hərəkatının 100 illik yubileyləri ilə bağlı tədbirlər barədə məlumat verib.

İclasda “Dünya-ana və uşaqlar” İctimai Birliyinin sədri Dünyaxanım Əliyeva və İdarə heyətinin üzvü Hüsniyyə İsgəndərova çıxış edərək mənsub olduqları qurum barədə söhbət açıblar. İMC-nin Qadınlar Təşkilatı ilə qarşılıqlı əməkdaşlıqdan hər iki tərəfin faydalanacağına diqqəti çəkiblər. H. İsgəndərova vaxtı ilə atasının “21 Azər” Hərəkatında zabit kimi iştirak edən mühacirlərə dərs dediyini xatırladıb.

İclas hər iki təşkilat arasında əməkdaşlıq barədə anlaşma protokolunun imzalanması ilə yekunlaşıb.

http://ekspress.az/az/cemiyyet/30690-imdz-qadinlar-teshkilati-ih-nin-idzlasi-ke-dzdzedil-irilib

Facebook
Telegram
Twitter
Email