Yeni nəşr Firidun İbrahiminin əsəri ilə müqayisə olundu
Mayın 24-də “Azərkitab” Kitab Təbliğatı Mərkəzində “Əlimərdan bəy Topçubaşov. İstanbulda diplomatik görüşlər (1918-1919-cu illər)” kitabının təqdimatı keçirilib. Mərasimdə İranlı Mühacirlər Cəmiyyətinin nümayəndələri də iştirak ediblər.
Tədbiri Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov açıb. O, yeni nəşri Azərbaycan tarixinin ictimaiyyətə az məlum olan səhifələrinin öyrənilməsi, təbliği və nəsillərə çatdırılması sahəsində Hüseynovlar ailəsinin daha bir misilsiz xidməti adlandırıb. Kitabın tərcüməçisi Ülkər xanımın şəxsi vəsaiti ilə işıq üzü görməsini, belə bir praktikanın onun həyat yoldaşı, görkəmli alim, təhqiqatçı, jurnalistikamızın patriarxı, prifessor Şirməmməd Hüseynovun da nümunəsində dəfələrlə təkrarlandığını diqqətə çatdırıb.
Onların hər iksinin dolğun çıxışlarını eyni zamanda təvazökarlıq müşahidə edib.
Kitabın elmi redaktoru, tarix üzrə elmlər doktoru, prifessor Solmaz Rüstəmova-Tohidi isə bildirib ki, Cümhuriyyət tarixini, həmin dövrün hadisələrini dərindən bilmədən bu cür kitabların ərsəyə gəlməsində iştirak mümkün deyil. O, Əlimərdan bəyin İstanbulda ayrı-ayrı ölkələrin səlahiyyətli nümayəndələri ilə görüşlərini, apardığı danışıqları ətraflı səciyyələndirib, bunları Paris Sülh Konfransına gənc dövlətin hazırlıq mərhələsi kimi dəyərləndirib.
Mərasimdə professor Cahangir Məmmədlinin, Milli Məclisin deputatı Qənirə Paşayevanın, şair-publisist Vahid Əzizin çıxışlarından sonra söz İMC-nin sədri, əməkdar jurnalist Rəhim Hüseynzadəyə verilib. O, kitabı ərsəyə gətirənlərə və bütün tədbir iştirakçılarına Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə təmsil etdiyi təşkilat adından təbriklərini yetirib: “Bu bayram iki gündən sonra cəmiyyətimizdə də qeyd olunacaq. Həmin gün alim və təhqiqatçılarımız “Azərbaycan Xalq Cümhuriyyətini və İran” mövzusunda “dəyirmi masa”da tarixi olayın ictimaiyyətə az məlum olan səhifələrinə nəzər salacaqlar. Mövzu qlobaldır, material isə azdır. Lakin elmi redaktoru professor, fədai övladı Solmaz xanım olan bu kitaba nəzər salanda rahatlıq tapdım ki, orada danışmağa mətləblər çoxdur”.
R. Hüseynzadə əlavə edib ki, tədbirə Cümhuriyyətin yaşıdı, 1945-1946-cı illərdə Təbrizdə mövcud olmuş Azərbaycan Milli Hökumətinin baş prokuroru Firidun İbrahiminin “Sülh uğrunda (Paris Sülh Konfransı barədə qeydlər. 1946) kitabını təşkilat adından hədiyyə kimi gətiriblər. Hər iki kitabın oxşar cəhəti bunların həmin respublikaların tale yüklü oxşar mühitləri əhatə etməsindədir. Həmin nəşrlərdə yalnız arxiv materiallarının, konkret sənədlərin yer alması isə saxtakarlıqların qarşısına sədd çəkir”.
R Hüseynzadə kitabın F. İbrahiminin adını və soy adını daşıyan qardaşı oğlunun vəsaiti hesabına çapdan çıxdığını söyləyib və ondan yeni nəşri Ş Hüseynova təqdim etməsini xahiş edib. F. İbrahimi isə təqdimat zamanı əmisinin yubileyi ilə bağlı işıq üzü görən əsərlər, “Azərbaycan” ruznamısinin kitab şəklində nəşr edilən ilk nümunəsinin Amerikada təqdimatı barədə məlumat verib. Sonra da onları bu ilin payızında yubileylə əlaqədar Bakıda keçiriləcək beynəlxalq tədbirdə görməkdən məmnunluq duyacağını dilə gətirib.