آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

İranlı Mühacirlər Cəmiyyəti

İranlı Mühacirlər Cəmiyyətində “dəyirmi masa”:

Azərbaycan Xalq Cümhuriyyəti və İran

Ötən şənbə günü “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyində “dəyirmi masa” keçirilib
Azərbaycan Xalq Cümhuriyyəti və İran” adlı tədbirdə AXC irsini araşdıran alimlər, təhqiqatçılar, həmçinin təşkilatın müxtəlif sahələrdə çalışan üzvləri, kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

“Dəyirmi masa”nı İMC-in sədri, əməkdar jurnalist Rəhim Hüseynzadə açıb. O deyib ki, Cümhuriyyətin 100 illik yubileyi ərəfəsində demək olar bütün qurumlarda mərasimlər keçirilir. Bu barədə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin də müvafiq sərəncamı var. Lakin tariximizin elə şanlı səhifələri mövcuddur ki, barəsində ilboyu söhbətlər, müzakirələr getməlidir. 28 May Şərqdə ilk demokratik respublikanın yaradılması ilə nəticələnən tarixi hadisə olduğundan, qonşu dövlətlərə də təsirsiz qalmadığından biz demək olar az öyrənilmiş mövzunu seçdik. Məruzəçimiz isə həmin dövrlə bağlı çoxsaylı məqalələrin, elmi əsərlərin, monoqrafiyaların müəllifi, tarix üzrə elmlər doktoru, professor, fədai övladı Solmaz Rüstəmova-Tohididir.

Solmaz xanım konkret mənbələrə, sənədlərə, elmi araşdırmalara əsaslanan məruzəsində Azərbaycan xalqını 28 Mayın qələbəsinə doğru aparan tarixi proseslərin, konkret hadisələrin mənzərəsini yaradıb, AXC qurucularının şəxsiyyətini, mübarizə yolunu, talelərini səciyyələndirib. Müstəqil dövlətin yaranmasının o vaxtlar cəmi 2,9 milyona yaxın əhaliyə malik azərbaycanlıların bir xalq olaraq məhv edilməsinin qarşısını aldığını diqqətə çatdırıb.

Professor burada keçirilən mütərəqqi islahatların qonşu ölkələrə, ən başlıcası İrana təsirsiz qalmadığını deyib. Qeyd edib ki, AXC ilə diplomatik əlaqələr yaratmış dövlətlərdən yalnız birinin – İranın Bakıda səfirliyi fəaliyyət göstərirdi. Cümhuriyyətin isə yeganə səfirliyi və üstəgəl konsulluğu orada idi.

S.Rüstəmova – Tohidi Cümhuriyyətin Azərbaycan adını xalqımıza qaytardığına, o tayda baş verən möhtəşəm hərəkatlar üçün ilham mənbəyi olduğuna və digər xüsusiyyətlərinə görə sevilməyə, qürur mənbəyi kimi dəyərləndirilməyə layiq olduğunu söyləyib.

AMEA-nın Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan bölməsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə onun fikirlərini bölüşərək deyib: “Mən də məruzəçi ilə razıyam ki, Azərbaycan adının dövlətlə yanaşı çəkilməsi ilk növbədə

Cümhuriyyətin qurucusu və rəhbəri Məmməd Əmin Rəsulzadənin və həmfikirlərinin xalqımız qarşısındakı müstəsna xidmətləri sayılmalıdır. Bunadək istər İranda, istərsə də çar Rusiyasının işğal etdiyi xanlıqların heç birində bu ad rəsmi işlənilməyib.

100 ildir ki, dünya xəritəsində Azərbaycan adı rəsmi yer alıb. Bu ad sovet dövründə də, ikinci müstəqilliyə qovuşduğumuz illərdə də yaşadılıb. Seyid Cəfər Pişəvərinin yaratdığı Milli Hökumət də Azərbaycan adlandırılıb. Bunun ideya mənbəyini Azərbaycan Xalq Cümhuriyyətində axtarmaq gərəkdir”.

Bakı Dövlət Universitetinin dosenti Pərviz Kazımi Cümhuriyyət dövrü və onun görkəmli nümayəndələri barədə nəçr olunmuş əsərlərin qısa xülasəsini çatdırıb.

Azərbaycan Pedaqoji Universitetinin professoru, filologiya üzrə elmlər doktoru Həcər Hüseynovanın (Umani) və filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədlinin çıxışlarında bəhs olunan dövrün alimlərinin, mütəfəkkirlərinin, şair və yazıçılarının qarşılıqlı əlaqələri barədə ətraflı söhbət açılıb. Onların yaradıcılıq nümunələrinin ictimai fikrin formalaşmasına təsiri konkret misallarla əsaslandırılıb.

Tədbirdə İMC-nin Qadınlar Təşkilatının sədri Möminat Puhən, Azərbaycan Yazıçılar Birliyinin üzvü Səyyad Kərimov (Dasi), həkim Keyhan Mirzayi, media təmsilçilərindən Tamxil Ziyəddinoğlu (“Bütöv Azərbaycan” qəzeti), Əhməd Məmmədov (“İki sahil” qəzeti), Dünya Əliyeva (“Dünyainfo.az saytı), Həsən Cəbrayılov -Ahəngi (“Mühacir” qəzeti) və başqaları müzakirə olunan mövzu ilə bağlı fikirlərini səsləndiriblər.

İMC sədrinin birinci müavini Firudin İbrahimi “dəyirmi masa”ya yekun vuraraq bildirib ki, Cümhuriyyət ilində təşkilat bu silsilədən tədbirləri davam etdirəcəkdir.

Facebook
Telegram
Twitter
Email