Həbib Sahir: Sənin izin, kölgən qalmış Astara’nın baharında
Firidun İbrahimi Astara’da anadan oldu. Tehran Üniversitəsində huquq qurtardı. Milli Hökümətin dadsitanı olan bu yazıçı və qəzetəçi Fədayi, Milli Hökümətin qanlı xəzanından sonra 1326da Şah höküməti tərəfindən e’dam edildi. Ölümlə qəhrəmanca qarşılaşması, İbrahimi’ni unudulmaz bir xalq dəstanına çevirdi.
İldönümün tutan yoxdur
Yoxdur səni yada salan
Qəbrin üstə göy ot bitdi,
Ey namurad yazıq cavan
Asıldığın gündən bəri
Matəmlidir göy gülüstan
Dolaşarkən şumal yeli,
Yurdun qızıl bayrağında
Ellər ilə od yandırdın
Babəkilər ocağında
Lakin əfsus son ışıq tək
Söndün həyat çırağında
Nə ellərin məktəbində
Kitabını açan oldu
Nə yazdığın qızıl yazı,
Rəvac tapıb dəstan oldu
Lakin sanma bu əsirdə,
Hər şey bitib nisyan oldu
Günün yeddi rəngi ərir
Qızılözən sularında
Sənin izin, kölgən qalmış
Astara’nın baharında
Faşizm hələ höküm sürür
Qızıl odlar diyarında
Məktəblərdə anadilin
Oxutduran usta yoxdur
Ordu ordu oymaqlarda
Əsir çoxdur, azad yoxdur
Geçib çıraq, sönüb ocaq,
Xaraba çox, abad yoxdur
Getdim baba diyarına,
Gördüm bayquş fikrə dalıb
Qəbrin üstə axşam çağı,
Payız günü şəfəq salıb
Səndən yoldaş xatirələr,
Dərin sızı canda qalıb
Əzrayilə qılınc çəkim,
Yenə bir gün öləcəyəm
Çıraq kimi, ya bir axşam,
Ya bir səhər öləcəyəm
Bilirəm ki yer altında
Toz torpağa dönəcəyəm
Bunla belə əminəm ki
Nur zülməti boğacaqdır
Ən nəhayət ufuqlardan
Qızıl günəş doğacaqdır
Daş nə qədər bərk olsa da,
İsti soyuq oğacaqdır