آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

SÜLH LİBASINDA EDAM MONOLOQU

Meydan həmin meydan idi. Minlərlə insanın onun başına toplaşdığı meydan. Ədaləti üstün tutub daim haqqı tapdananların yanında olduğundan ona inanır, millət yolunda fədakarcasına çarpışan gəncin xalqı zülm və işgəncədən xilas edəcəyinə arxalanırdılar. O isə insanların sevgi və rəğbətindən daha da ruhlanır, – istibdada son qoyaq, – deyib gecəni-gündüzə qataraq yorulmaq bilmədən çaışırdı. Milli Hökumətin qərarlarını və qanunlarını məhz xalqın dəstəyilə hazırladığından əhalinin ondan razı qaldığını da yaxşı bilirdi. Bu gün isə… Meydan yenə həmin meydan idi, əvvəlki tək yenə təlatümlü. Bu gün – 1947-ci il mayın 22-də Təbrizin Səttarxan xiyabanının Gülüstan bağı qarşısındakı həmin meydana onu zindandan gətirmişdilər. Camaata məlum idi ki, bu gün inandıqları, güvəndikləri adamı dar ağacından asacaqlar. Saat 12-yə yaxın jandarmaların əhatəsində onu dar ağacının altına gətirdilər. Əyninə Paris Sülh Konfransına gedərkən aldığı kostyumu geyinmişdi. Ucaboylu, enlikürəkli qəhrəmanını xalq bir andaca əhatəyə aldı. Ətrafına yığışanlar silahsız insanlardı. Könüllülərin jandarmalara və şah qoşunlarına hücum çəkib onu xilas etmək istədiklərini gördükdə nahaq qan tökülməsin deyə əlini yuxarı qaldırdı və uca səslə dedi: «Mənim əzizlərim, həmvətənlərim, səbr edin, qoy qan tökülməsin! Çox keçməz ki, Azərbaycan xalqı qələbə çalacaq və yenidən Azərbaycanda Milli Hökumət qurulacaq. Yaşasın azadlıq! Məhv olsun istibdad! Yaşasın Azərbaycan xalqı! Yaşasın doğma ana vətənimiz. Azərbaycan!»

Bu onun sülh libasında edam monoloqu idi. Cəlladların qorxularından tələm-tələsik asdıqları 28 yaşlı Firidun İbrahimi mübarizə meydanında beləcə ölümə qovuşdu. İllər sonra Həbib Sahir haqqında «Namurad Firidun İbrahimiyə» adlı şeir yazdı və onun mübarizələrlə dolu nakam həyatını öz dili ilə belə tərənnüm etdi:

Mənim eşqim, məsləkim

Günəş qədər təmizkən

De nə üçün ölümə

Miskin getməliyəm mən?!

Bəs eşqi və məsləki günəş qədər təmiz olan vətən fədaisi bu yola necə çıxmışdı? 28 yaşında ikən xalqın gözündə necə ucala bilmişdi? Ümumiyyətlə, xatirələrdə iz qoyan, yaddaşlarda qalan Firidun İbrahimi kim idi?

O, 1918-ci il noyabr ayının 21-də Cənubi Azərbaycanın Astara şəhərində, dövrünün müasir düşüncəli ziyalılarından olan Qəni İbrahiminin ailəsində dünyaya gəlmişdi. Atasını kommunist düşüncəli fəaliyyətinə görə dəfələrlə həbs edib işgəncələr versələr də, o, vətənin istiqlalı və azadlığı yolunda imperializm və irticaçı qüvvələrə qarşı mübarizəsindən geri çəkilmir, xalqın zülm və işgəncədən, əsarət zəncirindən yeganə qurtuluş yolunu mübarizə aparıb inqilab etməkdə görürdü. Xalqın nicatı yalnız milli birlikdə, milli vəhdətdədir, – söyləyən atasının azərbaycançılıq ideyalarını fəaliyyət xətti kimi qəbul edən Firidun İbrahimi də son nəfəsinə kimi bu prinsiplərə sadiq qaldı. O, Tehran Universitetinin hüquq fakültəsində təhsil aldığı ilk illərdən milli demokrat hərəkatının fəallarından biri kimi tanındı. Tələbə hərəkatına rəhbərlik edən gənc 1941-ci ildə İranın Tudə Partiyasının üzvləri sırasına qoşuldu. Siyasi fəaliyyətlə yanaşı ədəbi yaradıcılıqla da məşğul olur, böyük inqilabçı Seyid Cəfər Pişəvərinin təsis etdiyi «Ajir» qəzetində siyasi mövzularda məqalələr dərc etdirirdi. 1943-cü ildə həmin qəzetin idarə heyətinə üzv seçilən Firidun İbrahiminin imzası az sonra İranın Tudə Partiyasının rəsmi qəzeti olan «Rəhbər»də, antifaşist qəzet «Mərdom»da, İranın Fəhlə və Zəhmətkeşlər Birliyinin Birləşmiş Mərkəzi Şurasının rəsmi qəzeti «Zəfər»də və s. göründü. Firidun İbrahimi demokrat nəşrlərlə əməkdaşlıq edib günün sosial və siyasi problemlərini analiz etməklə yanaşı, məqalələrində imperializmi və onun yerli əlaltılarını, ölkədaxili satqınları ifşa etməkdən də çəkinmirdi.

1945-ci ilin may ayında Tehran Universitetinin siyasi hüquq ixtisası üzrə məzunu olan Firidun İbrahimi İran Xarici İşlər Nazirliyi və «Ettelaat» qəzeti tərəfindən iş təklifi alsa da, xalqa xidməti özünün əsas vəzifəsi hesab edərək imperializm və daxili irtica ilə mübarizə yolunu seçdi. O, doğma yurda – Cənubi Azərbaycanın Təbriz şəhərinə qayıtdı və İran Xalq Partiyasının orqanı olan «Xavəri nov» («Təzə xəbər») qəzetinin redaktoru oldu.

1945-ci ilin son ayları Firidun İbrahiminin həyatında daha önəmli hadisələrlə yadda qalır: oktyabr ayında Azərbaycan Demokratik Firqəsinin qurultayında Milli Məclisə nümayəndə seçilir, dekabr ayının 12-də isə Azərbaycan Milli Hökumətinin Baş Prokuroru təyin olunur. Məsələlərə obyektiv yanaşması, ədaləti üstün tutması, haqqı tapdananların yanında olması ilə rəğbət qazanan gənc demokrat çox keçmir ki, əksinqilabçı qüvvələrə qarşı vuruşan könüllü dəstələri «Babək» adlı təşkilatda birləşdirib onlara rəhbərlik edir. O, həmçinin kəndli-mülkədar münasibətlərində və digər məsələlərdə qanunazidd halların qarşısının alınmasında mühüm işlər görür. Tehranda təhsil aldığı dövrdə hüquq elminin əsaslarını mənimsəyən, ana dili olan Azərbaycan türkcəsindən savayı, fars, fransız və ərəb dillərini mükəmməl bilən, elmə böyük marağı, dərin zəkası, istedadı ilə seçilən Firidun İbrahiminin Milli Hökumətin qanunlarının və qərarlarının hazırlanmasında xidmətləri də əvəzsizdir.

1945-ci ildə Azərbaycan Demokratik Firqəsinin rəsmi orqanı «Azərbaycan» qəzetinin ilk sayı nəşr olunur və elə həmin tarixdən Firidun İbrahimi «Azərbaycan» qəzeti ilə əməkdaşlığa başlayır.

Onun «Azərbaycan danışır… iftixarlı tariximizdən bir neçə parlaq səhifə» adlı silsilə məqalələri 31 oktyabr – 21 noyabr tarixləri arasında «Azərbaycan» qəzetinin 42-ci sayından başlayaraq 60-cı sayı da daxil olmaqla ayrı-ayrı başlıqlar altında çap olunur. Bu yazılar Firidun İbrahiminin müqəddiməsindən və Azərbaycanın qədim tarixi, əhalisi, əhalinin milli kimliyi, bu yurdun azadlığı, insanların istiqlaliyyət uğrunda apardıqları mübarizə və fədakarlıqları, mədəniyyət tarixi, dövlət və ordu quruluşu, ədəbiyyatı, dili, siyasi təşkilatları, məzhəbləri, geyim və adət-ənənələri əks olunan 19 məqalədən ibarətdir. Azərbaycan mədəniyyəti və tarixi barədə Firidun İbrahiminin qələmə aldığı məhz belə məqalələr cənublu soydaşlarımızın milli qürur hissinin oyanmasında mühüm rol oynayır. Məqalələr 1946-cı ildə «Sovet Mədəniyyət Evi» tərəfindən «Azərbaycanın qədim tarixi haqqında» adı ilə toplu şəklində Təbrizdə nəşr olunur. Azərbaycan Demokratik Firqəsinin orqanı «Azərbaycan» qəzetində fars dilində dərc etdirdiyi müqəddimədə Firidun İbrahimi Azərbaycan dilində əski əlifbada çap olunmuş toplunu hazırlamaqda əsl məqsədini şərh edərək belə yazır:

«Bu xatirələri yazmaqda ilk məqsədim budur ki, Tehran boşboğazlarını yerində oturdum. İkincisi, azadlıqsevər və iftixarlı millətimin hüququnu, tarixini və parlaq mədəniyyətini müdafiə etməklə göstərim ki, o, kimdir, tarixi keçmişi nədir və ulu babaları kimlər olub və öz milli heysiyyətlərini qorumaq üçün hansı fədakarlıqları etmişlər. İstəyirəm ki, azad və demokratik bir cəmiyyətdə özünə aid yerini və mövqeyini əldə etmək üçün ayağa qalxmış Azərbaycan millətinin həqiqi kimliyini bütün dünyaya bildirəm».

Həmin müqəddimədə Azərbaycan dili və mədəniyyətinə münasibətdə fars şovinistlərinin həyata keçirdikləri məlum siyasətə işarə edən müəllif daha sonra yazır:

«Avantüristlər Azərbaycan millətinin dili, mədəniyyəti və ədəbiyyatı əleyhinə qələm çalmaqda davam edirlər və bizim dilimizə, adət-ənənələrimizə münasibətdə tam ləyaqətsiz bir şəkildə minlərlə aşağılama və hörmətsizlik göstərirlər. Bizi tarixsiz bir millət kimi təqdim edirlər, millətimi təhqir edirlər, bizi mədəniyyətsiz millət kimi qələmə verirlər, bizi konstitusiya əleyhinə çıxan kütlə kimi göstərirlər. Bunlar ana dilinin bərpası, unudulmuş konstitusiyanın əsas maddələrinin icrası tələbini və həqiqi demokratik prinsiplərin icrasını siyasi qanunazidd bir hərəkət kimi göstərir və beləliklə, Azərbaycanın qeyrətli və ləyaqətli mücahidləri və övladlarının qanı bahasına əldə edilmiş nailiyyətləri inkar edirlər».

Firidun İbrahimi Azərbaycan Milli Hökumətini beynəlxalq arenada təmsil edən ilk şəxs olub. O, 1946-cı il avqust ayının 10-da Paris şəhərinin «Lüksemburq» adlanan ən məşhur tarixi qəsrində keçirilən Sülh Konfransının iclasında iştirak edib. İkinci Dünya müharibəsində qalib gəlmiş antihitler koalisiyası dövlətləri ilə faşist Almanıyasının Avropadakı keçmiş müttəfiqləri arasında sülh müqavilələri haqqında mövqelərini şərh etmək imkanı verilən Paris Sülh Konfransı haqqında İran hökumətinin mövqeyini şərh edən Firidun İbrahimi geniş hesabat xarakterli silsilə məqalələr yazıb və həmin yazılar Azərbaycan Demokratik Firqəsinin orqanı olan «Azərbaycan» qəzetinin 9 noyabr – 10 dekabr 1946-cı il arasında çıxmış 23 sayında «Sülh uğrunda» başlığı altında dərc edilib. Azərbaycan xalqının milli varlığını, Milli Hökumətin islahatlarını, azərbaycançılıq ideyalarını özü üçün əsas fəaliyyət xətti kimi qəbul edən Firidun İbrahimi Paris Sülh Konfransına yola düşdüyü gündən qayıdana kimi oradakı fəaliyyətində də bu prinsiplərə sadiq qalıb.

Firidun İbrahimidən Paris Sülh Konfransı barədə məlumat alan Seyid Cəfər Pişəvəri Azərbaycan Demokratik Firqəsinin təsis olunmasının birilliyi münasibətilə 3 sentyabr 1946-cı ildə Təbrizin teatr salonunda keçirilən bayram mərasimindəki nitqində fəxrlə belə deyib: «Sülh Konfransında təkcə Yaxın Şərqdən yox, Əlcəzair və Tunisdən gələn mətbuat nümayəndələri də bizim nümayəndəyə demişlər ki, onlar da bizim böyük işimizi alqışlayırlar».

Seyid Cəfər Pişəvəri daha bir məsul işi –Nadir Mirzənin 100 il əvvəl fars dilində yazdığı «Təbrizin tarixi və coğrafiyası haqqında» məşhur əsərinin tərcüməsini də Firidun İbrahimiyə tapşırmışdı. O, Zeynalabidin Qiyamiylə birlikdə bu əsərin uğurla tərcümə edilib gələcək nəsillərə çatdırılmasında da böyük fədakarlıq göstərib.

1946-cı ilin dekabr ayında şah qoşunları Milli Hökuməti süquta uğradıb Firidun İbrahiminin gənc ikən böyük məşəqqətlər içində keçən həyatına son qoydular. Mübarizə meydanında qurulan dar ağacı azadlıq hərəkatının onlarla mücahidi kimi onun ömür yolunu da yarımçıq qırdı. Keşməkeşlərlə dolu bu həyat sonralar bir çox yazar üçün əsl yaradıcılıq mənbəyi, bədii lövhələrlə təsvir edilən mövzu oldu. Fəthi Xoşginabi, Balaş Azəroğlu, Mədinə Gülgün, Xəlil Rza Ulutürk onun haqqında şeirlər yazdılar. İran və Güney Azərbaycan xalqlarının iztirablarla dolu yaşayışı xalq yazıçısı Mirzə İbrahimovun «Gələcək gün» romanında da əksini tapdı. Şah rejiminin siyasi gedişlərinin hərtərəfli təsviri verilən «Gələcək gün»ün baş qəhrəmanı prototipi canlı həyatdan götürülmüş Milli Hökumətin yaradıcılarından biri – Baş Prokuror Firidun İbrahimi idi. O, Firidun İbrahimi ki, həyatda olduğu kimi əsərin sonunda da ömrü böyük faciə ilə sona çatır. O Firidun İbrahimi ki, xalqın əsarət zəncirindən yeganə qurtuluş yolunu, nicatını yalnız milli birlikdə, milli vəhdətdə görüb. O Firidun İbrahimi ki, bu gün adı böyük azərbaycanlı kimi tarixdə yaşayır.

O, «21 Azər» hərəkatının ünlü simalarından biri kimi mübarizə meydanına atılmışdı. Az bir zaman kəsiyində diplomat, hüquqşünas, jurnalist, tədqiqatçı kimi tanındı və 28 yaşında ikən Milli Hökumətin Baş Prokuroru kimi edam olundu. O, xalqın Milli Qəhrəmanı kimi şəhid oldu. Firidun İbrahiminin adı bu gün böyük ehtiramla anılır, 100 illik yubileyi layiqincə qeyd olunur.

İllər ötəcək, XX əsrin görkəmli ictimai-siyasi xadimi olan Firidun İbrahimi yaddaşlarda elə beləcə də qalacaq: sülh libasında edam monoloqu söyləyən böyük azərbaycanlı kimi!

«Firidun İbrahimi – 100» beynəlxalq yazı müsabiqəsinə təqdim edilir.

Aida Quliyeva

Facebook
Telegram
Twitter
Email