آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

FİRUDİN İBRAHİMİ MÜASİR TƏDQİQATLAR KONTEKSTİNDƏ

“Hər bir millət həqiqi azadlıq əldə etmək və öz müqəddəratına sahib olmaqdan ötrü yalnız bir qüvvəyə söykənməlidir. O da millətin birliyi və bu birlikdən əmələ gələn qüvvədir…”

Firudin İbrahimi

“O tarixçilər ki, bizim dilimizi aradan aparır və deyirdilər ki, “bunların dili yoxdur, bunların dili fars dilinin şöbəsidir”, biz isbat etdik ki, bizim dilimiz müstəqil bir dildir. Azərbaycan dili fars dilinin şöbəsi deyil, xüsusi bir dildir. Bu dili danmaq həqiqəti danmaq kimidir. Mən fars dilini yaxşı bilirəm. Deyirəm ki, fars dili pis deyil, lakin mənim dilim Azərbaycan dilidir. Öz dilini danan azərbaycanlı xain deyil, bəs kimdir? Bizim də özümüz üçün iftixarımız vardır. Biz bütün bizə böhtan atanlarla mübarizə edib və onları həmişəlik məğlub etdik. Biz Tehranla danışdıqda müvəffəq olduq ki, bütün orta və ali məktəblərdə, hətta idarələrdə yazışmalar Azərbaycan dilində aparılsın!”

Seyid Cəfər Pişəvəri

Qarşımda dəyəri sözlə ölçülə bilməyəcək iki kitab durur: Firudin İbrahimi. “Sülh uğrunda (Paris Sülh Konfransı barədə qeydlər. 1946)” və “Azərbaycan danışır…” İftixarlı tariximizdən bir neçə parlaq səhifə (Azərbaycanın qədim tarixindən) “Azərbaycan” qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz 1324 (1945).

Hər iki kitab İranda 1945-46-cı illərdə dalğalanan milli-demokratik hərəkatın uğurlu sonucu olaraq 12 dekabr (21 Azər) 1945-cı ildə qurulmuş Azərbaycan Milli Hökumətinin Baş prokuroru Firudin Qəni oğlu İbrahiminin anadan olmasının 100 illiyi münasibətilə çap edilib. Bu möhtəşəm tarixi nəşrlərin maliyyə dəstəkçisi, çağdaş dövrün tərzi ilə ilə desək, sponsoru “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyi sədrinin I müavini, F.İbrahiminin doğmaca qardaşı Ənuşirəvan bəyin oğlu və əmisinin mənəvi varisi Firudin İbrahimidir.

“Sülh uğrunda (Paris Sülh Konfransı barədə qeydlər. 1946)”-nın tərtibçisi, əski əlifbadan latın qrafikasına çevirəni, nəşrə hazırlayanı, ön söz, səhifəaltı isti­nad­lar – ətək yazıları və şərhlərin müəllifi isə tanınmış şərqşünas alim, milli qeyrətli aydınımız Səməd Zülfəli oğlu Bayramzadədir…

Şanlı-şövkətli tariximizin parlaq səhifələrinə işıq salan, hər bir oxucunun əlindən tutaraq xəyalən Güney Azərbaycan xalqının ən xoşbəxt olduğu bir dövrə aparan və faktların dili ilə danışan “Azərbaycan danışır…” adlı mötəbər kitabın da tərtibçi və məsul redaktoru, eyni zamanda toplanmış materialları fars dilindən Azərbaycan türkcəsinə çevirənlərin­dən biri yenə də Səməd Bayramzadə, digəri isə Saleh Dostəliyevdir. Və hər iki kitabda Səməd bəy belə bir tarixi gerçəyi aşılayır oxucusuna: Firidun İbrahimi Güney Azərbaycanın danışan dili, Firidun İbrahimi şəxsiyyəti – bizlərin, bu günkü və gələcək nəsillərin iftixar edə biləcəyi şərəfli tariximizin parlaq səhifəsidir!..

Bir həqiqət hər kəsə məlumdur: Həyatda təsadüfi heç nə yoxdur və bütün təsa­düflər məhz zərurətdən doğulur. AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Cənubi Azərbaycan şöbəsinə rəhbərlik edən, 2013-cü ilin oktyabrında Birləşmiş Millətlər Təşkilatının “Sülh səfiri” dərəcəsini alan Səməd bəy həmin tarixi zərurətin diqtəsi ilə bu addımları atıb, soydaşlarına, qan və qarındaşlarına, eldaşlarına: “Bir dön, geriyə bax! Gör Sizlər kimlərin mənəvi varislərisiniz!” ismarışını ötürüb. Və onu bu tarixi addımları atmağa özkeçmişi itələyib, özünü dərk edəndən bəri yaşadıqları, gözləri ilə görüb şahidi olduğu hadisələr, körpəlik çağlarından fədai atası Zülfəli kişidən eşitdiyi həqiqətlər sövq edib. O Zülfəli bəydən ki, 1946-cı ildə döyüş bölgəsindən evinə dönməyib, birbaşa Danişyan Qulam Yəhyanın başçılıq etdiyi fədai qoşunu ilə birgə Rusiya ilə İran arasında 1828-ci ildə bağlanan bədnam Türkmənçay müqaviləsi ilə Araz çayı boyu müəyyənləş­dirilmiş sərhədə doğru hərəkət edərək Xudafərin körpüsünün üzərindən Arazın bu tayına – Quzey Azərbaycana keçib, ailəsi – həyat yoldaşı, bir oğlu və iki qızı isə o tayda qalıb… Ailənin başçısı heç özü də anlamadan ömür-gün yoldaşı və övladlarının bir ömürboyu yaşayacağı müsibətə, kədər və ağrıya rəvac verib. Elə isə bu ağrılı gerçəyi, Səməd bəyin özcə dilindən eşitmək daha doğru olar:

“Atam Zülfəli kişi deyərdi ki, 1946-cı il dekabr ayının 12-də Milli Hökumət süqut etdikdən sonra, onlar Araz çayı üzərindəki körpüdən sərhədi adlayaraq Şimali Azərbaycana gəliblər. O, Hacıkənddə təşkil edilmiş düşərgədə döyüş cəbhəsindən gəlmiş subay fədailərlə birgə hərbi təlim keçib. Bu hərbi təlimlər fədailərdə İrana qayıtmaq və düşmənlə yenidən savaşa girmək, öz haqlarını geri almaq ümidi yaradıb. Əslində o, ömrünün sonunadək zərrə qədər azalmayan bu ümidlə yaşayıb və son nəfəsinədək Firqənin üzvü olaraq qalıb (Ölümündən iki ay öncə Firqə biletini mənə verib tapşırdı ki, əgər dünyasını dəyişərsə, bileti ünvanına çatdırım, borclu olduğu üzvlük haqlarını da ödəyim. Mən belə də etdim). Hətta S.C.Pişəvəri də Hacıkənd düşərgəsində fədailərlə görüşüb və yenə də gələcəyinə söz verərək onlara ruh yüksəkliyi bəxş edib…

Hərbi təlimlər S.C.Pişəvərinin öldürüldüyü tarixə kimi (11.06.1947) davam etdirilib, sonra isə onlar da İrandan gəlmiş digər fədailərlə birlikdə müvafiq bölgələrdə işləmək və yaşamaq üçün göndəriliblər.

Bu hadisədən sonra atam da bir neçə fədai yoldaşı ilə bərabər Naftalanda işə göndərilib, evlə təmin edilib. Yalnız İrana qayıtmaq ümidləri tamamilə puça çıxdıqdan, əli Arazın o tayında qalmış ailəsindən birdəfəlik üzüldükdən sonra – 1950-ci ilin əvvəllərində Naftalan şəhərinə yaxın yerləşən Goranboy rayonunun Səfikürd kəndində yaşayan anam Zeynəb Məhəmməd qızı ilə tanış olub və taleyini bu qızla bağlayıb. Daha sonralar atam müxtəlif işlərdə çalışıb, ailəsinin, övladlarının keçimini halal zəhmətlə qazandığı vəsaitlə təmin edib. 1985-ci ilin yazında Bayramzadə Zülfəli Arazboyu sərhədlərin açılmasını, o taya gəliş-gedişin asanlaşdığını görmədən, Güneydəki əzizlərinə qovuşmadan bir ömürboyu ürəyində daşıdığı nisgillə dünyasını dəyişib.

Haşiyə: 1980-ci ildə digər firqəçilər kimi atama da xəbər göndərildi ki, Vətənə dönmək istəyirlərsə, İranın Bakıdakı konsulluğuna ərizə ilə müraciət etsinlər, yəni yazıb xahiş etsinlər ki, onların vətənə dönmələrinə köməklik göstərsinlər.

Yaxşı yadımdadır, məsələ ilə bağlı Danişyan Qulam Yəhyanın qəbulunda olduq və atam çox səmimiyyətlə ondan soruşdu ki, “bura gələndə ərizə verib gəlib­lər ki, indi də ərizə verib geri qayıtsınlar?”. Qulam Yəhya xəfifcə gülümsədi və “yox” dedi. Atam isə “Vətənə kiməsə yalvarıb, tövbə edib dönmək istəmir, başı yuxarı, azad bir vətəndaş kimi dönmək istəyir,” – dedi. Bununla da bildirdi ki, o hələ də vətəninin, millətinin azad olacağı və demokratik bir şəraitdə yaşayacağı günə ümid edir və o gün də gələcək. Qulam Yəhya ilə söhbətinin sonunda özəlliklə vurğuladı ki, əgər o (yəni Qulam Yəhya) qabağa düşüb Vətənə getmək haqqında əmr verərsə, tərəddüd etmədən onun ardınca gələcək. Atama nəsib olmasa da, Vətənə başı yuxarı getmək və orada azad, müstəqil, demokratik Azərbaycan Respublikasının ilk səfirliyini açan, yaradan, yola salan diplomatik heyətin tərki­bin­də olmaq mənə qismət oldu: 1992-ci ilin dekabr ayının 8-də Bakıdan Tehrana uçan ilk diplomatik nümayəndə heyətinin tərkibində, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı ilk fövqəladə və səlahiyyətli səfiri Nəsib Nəsibzadə və müşaviri professor Həsən Əlibəyli ilə birlikdə səfirliyin 2-ci katibi sifəti ilə mən də var idim. Biz iki qonşu və qardaş dövlətlər arasında müstəqil və suveren Azərbaycan Respublikası adından diplomatik, iqtisadi-ticarət, mədəni-ədəbi və turizm əlaqələri, eyni zamanda da qardaşlıq, dostluq körpüsünün salınmasında, möhkəmləndirilməsi və inkişafında ilk olaraq iştirak etdik və əlimizdən gələni əsirgəmədik. Bunun üçün də çox xoşbəxtəm”.

Bu yaxınlarda çox böyük zəhməti hesabına çapdan çıxan “Sülh uğrunda” və “Azərbaycan danışır…” kitablarını əlinə aldığı anlarda da, düşünürəm ki, Səməd Bayramzadə həmin niskil qarışıq xoşbəxt anları bir daha yaşayıb… Həmin anlarda onun həm mutluluq duyğuları, həm də gəncəcik çağında dar ağacından asılan qəhrəman fədayinin fəci taleyinə və atasının çin olmayan arzularına vaysınmadan doğan üzüntüləri bir-birinə qarışıb…

“Azərbaycan danışır…”da tərtibçi-müəllif sanki istedadlı qanun keşikçisinə tribuna verir. Bu tribunadan 29 iyul-15 oktyabr 1946-cı il tarixləri arasında Parisdə 21 dövlətin iştirakı ilə təşkil olunmuş Beynəlxalq Sülh Konfransında Azərbaycan Milli Hökumətinin mətbuat nümayəndəsi kimi iştirak edən, bu konfrans barədə qeyd və mülahizələrini Azərbaycan Demokrat Firqəsi (ADF) Mərkəzi Komitəsinin orqanı “Azərbaycan” qəzetinin 9 noyabr-10 dekabr 1946-cı il tarixləri arasında çıxmış 23 sayında “Sülh uğrunda” başlığı altında çap etdirən F.İbrahimi oxucuların gözləri qarşısında o dövrlərdə baş verənlərin mənzərəsini cızır. Çünki “Paris Sülh Konfransında İkinci Dünya müharibəsində qalib gəlmiş antihitler koalisiyası dövlətləri ilə faşist Almaniyasının Avropadakı keçmiş müttəfiqləri arasındakı sülh müqavilələri barədə İrana öz hökumətinin mövqeyini şərh etmək imkanı verilmişdi. F.İbrahimi də Azərbaycan Milli Hökuməti adından mətbuat nümayən­də­si sifəti ilə bu konfransa gedir və 1946-cı il avqust ayının 10-dan Paris şəhərinin “Lüksemburq” adlanan ən məşhur tarixi qəsrində keçirilən konfransın iclaslarında iştirak edir, sona kimi də bütün müzakirələrin gedişini diqqətlə izləyir”, nəticədə ona verilmiş bu tarixi imkanı dəyərləndirməyi bacarır, bir sıra məsələləri özlüyündə çözə bilir və həmin 19 məqalə məhz bu baxış bucağından incələnərək qələmə alınır. Güney Azərbaycan tarixi, dünəni və bu günü ilə bağlı bir sıra tədqiqatların müəllifi olan S.Bayramzadə “Sülh uğrunda”nın annotasiyasında yazır: Azərbaycan Milli Hökümətinin Baş Prokuroru Firidun İbrahiminin “Azərbaycan danışır… İftixarlı tariximizdən bir neçə parlaq səhifə” (Azərbaycanın qədim tarixindən) başlıqlı yazıları 19 hissədən ibarət olmaqla 31 oktyabr – 21 noyabr 1945-ci il (9-30 aban 1324-cü il) tarixləri arasında “Azərbaycan” qəzetinin (Azərbaycan Demokrat Firqəsinin orqanı) 42-ci sayından başlayaraq 60-cı sayı da daxil olmaqla ayrı-ayrı başlıqlarla fars dilində çap olunmuşdur. Bu yazılar F.İbrahiminin müqəddiməsin­dən və Azərbaycanın qədim tarixi, əhalisi, onların milli kimliyi, bu diyarın azadlığı və istiqlaliyyəti uğrunda apardıqları mübarizə və fədakarlıqları, mədəniyyət tarixi, dövlət və ordu quruluşu, ədəbiyyatı, xətti və dili, siyasi təşkilatları, məzhəbləri, geyim, adət və ənənələri barədə 19 məqalədən ibarətdir. Sözügedən yazılar Azərbaycan türkcəsinə tərcümə edilərək ilk dəfə 1946-cı ildə “Sovet Mədəniyyəti Evi” tərəfindən Təbrizdə “Azərbaycanın qədim tarixi haqqında” adı ilə çap olunmuşdur. Təəssüflə qeyd olunmalıdır ki, müəllifin özü tərəfindən yazılmış müqəddimə həmin kitabda verilməmişdir. Bu məqamı nəzərə alaraq, F.İbrahiminin “Azərbaycan” qəzetində fars dilində getmiş sözügedən yazıları Azərbaycan dilinə tərcümədə və yeni tərtibatda onun anadan olmasının 100 illik yubileyi ərəfəsində oxucuların diqqətinə ilk dəfə təqdim olunur”.

Kitab “Azərbaycanın diplomatiya tarixini, milli ideologiyamız olan azərbaycançılığın formalaşması və inkişafını izləmək və öyrənmək baxımından da çox faydalıdır. Belə ki, Azərbaycan adına, onun azadlıq və istiqlaliyyət, sülh uğrunda mübarizə tarixinə kölgə salanlar, böhtan atanlar, iftira söyləyənlər, siyasi və milli qərəzçilik, nadanlıq və ya müvafiq siyasi qurumların sifarişilə iş görənlər bu gün də öz çirkin, məntiqsiz, insanlığa sığmayan işlərindən əl çəkməmişlər”.

F.İbrahiminin yazı üslubuna toxunmadan onun qeydlərinin özəlliyini saxlayaraq müasir Azərbaycan ədəbi dilinə uyğunlaşdırılmasına və səslənməsinə çalışan Səməd bəy bir sıra ərəb-fars ifadələrinin Azərbaycan dilində qarşılığını verməklə oxucunun bəhs edilən mətləbləri tamamilə anlamasına yardımçı olur…

Etiraf edək ki, xalqın sevdiyi milli qəhrəmana, azad dövlət quruculuğuna imza atdığı bir il boyunca misli görünməmiş işlər görmüş ictimai-siyasi və mədəni xadimin 100 il – bir əsrlik yubileyinə bundan gözəl hədiyyə ola bilməzdi!.. Bu, qəhrəmanı öz dilindən, yazılarından təqdim etmək yenidən doğuluşunun, könüllərə yenidən qayıdışının ən unikal variantıdır…

“Firudin İbrahimi və azərbaycançılıq” adlı giriş məqaləsində Firudin İbrahiminin ömürnaməsi oxunur, yaşamının ayrı-ayrı səhifələri böyük məhəbbətlə vərəqlənir. S.Bayramzadənin sevgi toxunuşlu sunumundan diqqətli oxucu öyrənir ki, o, 1945-ci ilin sentyabrında Azərbaycan Demokrat Firqəsi (ADF) sıralarına qoşulub, 1 oktyabr 1945-ci il tarixində ADF-nin Təbrizdə təşkil olunmuş I qurulta­yın­da iştirak edən Azərbaycan xalqının 237 nəfərlik təmsilçisindən biri olub, Azərbaycan Milli Məclisi təşkil olunduqdan sonra isə Seyid Cəfər Pişəvərinin başçılığı ilə təşkil edilmiş 39 nəfərdən oluşan Azərbaycan Milli Hökumətinin tərkibində Baş prokuror vəzifəsinə təyin edilib. O vaxt, yəni 1945-ci ildə Firudin gəncəcik bir oğlandı və Tehran Universitetinin hüquq fakültəsindən yenicə məzun olmuşdu. Və bu tarixi təyinatdan sonra gənc prokuror bütün şüurlu ömrünü “Azərbaycanı, millətini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, milli kimliyini, milli varlığını dünyaya tanıtdırmağa həsr edərək istər ədəbi-bədii, istər elmi-publisistik, istərsə də Paris Sülh Konfransında iştirakı zamanı qələmə aldığı qeydlərində ardıcıl olaraq azərbaycançılıq düşüncəsinin inkişafına, onun təbliğinə və təntənəsinə xüsusi diqqət yetirib”, bu yolda əlindən nə gəlirsə, əsirgəməyib.

Kitabdan öyrənirik ki, F.İbrahimi 21 noyabr 1918-ci il tarixində Astaranın İran tərəfindəki hissəsində dünyaya gəlib. 1941-ci ildə, Tehran Universitetinin hüquq fakültəsinin tələbəsi ikən İran Xalq Partıyası (İXP) sıralarına qoşulan gənc milli fəal tələbə hərəkatında aktiv şəkildə iştirak edib. Ədəbi fəaliyyətinə də tələbə adını qazandığı ildən start verib və tez bir zamanda siyası məqalələr yazmağa başlayıb. 1943-cü ildə Seyid Cəfər Pişəvərinin vasitəsilə “Ajir” qəzeti təsis olun­duq­dan sonra gənc tələbə bu mətbu nəşrlə əməkdaşlıq edib. Həmin ildə də redaksiya heyətinin üzvü seçilib. O, öz məqalələrində imperializmi, onun yerli əlaltılarını kəskin boyalarla ifşa edib. “Ajir” qəzetində aktiv fəaliyyət göstərməklə yanaşı, yazılarını ardıcıl surətdə İXP-nin rəsmi orqanının “Rəhbər”, antifaşist ruhlu “Mərdom”, Fəhlə və Zəhmətkeşlər Birliyi Birləşmiş Mərkəzi Şurasının “Zəfər” qəzetlərində və b. mütərəqqi mətbuat orqanlarında dərc etdirib. Azərbaycanda çıxan “Xavər-e nou” (Yeni Şərq), “Azərbaycan” qəzetləri və s. demokratik mətbuat orqanları ilə də əməkdaşlıq edib və günün ictimai-siyasi məsələlərinin təhlilinə həsr olunmuş çoxlu sayda məqalələr qələmə alıb. 1945-ci ilin mayında ali təhsilini başa çatdıran F.İbrahimi İran Xarici İşlər Nazirliyi və “Ettelaat” qəzeti tərəfindən dəfələrlə iş təklifi almasına baxmayaraq, xalqına şərəflə xidmət göstərməyi özünün əsas vəzifəsi hesab edib və çoxlarına cazibədar görünən bu təklifləri qəbullanmayıb. Öz ana yurdu, uğrunda göz qırpmadan ölməyə belə hazır olduğu doğma Azərbaycana qayıdıb.

Şərqşünas alim ön söz xarakterli giriş məqaləsində yazır: “5 sentyabr 1945-ci il tarixində ADF-nin rəsmi orqanı “Azərbaycan” qəzetinin ilk sayı nəşr olunub və elə həmin tarixdən də F.İbrahimi “Azərbaycan” qəzeti ilə əməkdaşlığa başlayıb. Onun Azərbaycan mədəniyyəti, tarixi barədə məqalələri Azərbaycan xalqının milli hissinin oyanmasında mühüm rol oynayıb. O, bu yazılarında ABŞ və İngiltərənin ikiüzlü siyasətini və həmin siyasəti təqib edən Fransanı ifşa edir, bu konfransda iştirak edən həmin dövlətlərin nümayəndələrinin keçmiş müstəmləkə dövlətlərində öz nüfuzlarını qorumaqla yanaşı, hətta yeni regionlar əldə etmək və onlarda da müstəmləkəçilik siyasətini genişləndirmək cəhdlərini aydın bir şəkildə açıqlayır. F.İbrahimi Paris Sülh Konfransına yola düşdüyü gündən qayıdana kimi oradakı fəaliyyətində, Azərbaycana göndərdiyi hesabatlarında, “Azərbaycan” qəzetində bu konfrans barədə “Sülh uğrunda” başlığı altında çap etdirdiyi silsilə yazılarında da Azərbaycanı, onun xalqını, milli varlığını, qurduğu Milli Hökumətin islahatlarını, azərbaycançılıq ideyalarını özü üçün əsas fəaliyyət xətti kimi qəbul etmiş və son nəfəsinə kimi də bu prinsiplərə sadiq qalmışdır”.

Oxucu bu kitablardakı məqalə və çıxışlardan Firudinin parlaq şəxsiyyətinin xarakter özəlliklərini, ruhundakı əsintiləri, ardıcıl mübarizə xəttini, amal və arzularını, həyatdakı amaclarını da öyrənmiş olur. Gənc prokurorun mərdanə xarakteri, qorxmalığı, fədakarlığı, ümummilli məsələləri şəxsi istək və arzilarından nə qədər yüksək tutduğu onu heyrətləndirir. Həqiqətən sonsuz zindan əzablarına, ağlasığmaz işgəncələrə mərdliklə dözən qanun keşikçisinin istintaq zamanı etdiyi son çıxışları çox təsirli və ibrətamizdir:

Müstəntiqin sorularına prokurorun verdiyi cavabları indiki nəsillərə görk üçün kitab­da olduğu kimi verməyi məqsədəuyğun sayırıq:

– Siz prokuror olduğunuz zaman hansı işləri icra etmisiniz?

– Biz məhbusların cinayət işlərini araşdırdıq, mürtəce qanunlar əsasında həbs olunan günahsız insanları azad etdik. Xalqın hüquqlarını müdafiə etməklə onları satqın hakimlərin zülmündən xilas etdik.

– Bəs, o xalq haradadır, niyə sizin ölümünüzü istədilər?

– Mənim kimilərin ölümünü istəyənlər imperialist ağalarının göstərişlərini yerinə yetirən mürtəce Tehran hökumətidir. Bu gün xalqımızın əl-ayağı, fəhlə, kəndli, zəhmətkeş və həmçinin əli qələm tutan ziyalıların dili bağlanmışdır. Amma bu əsarət zəncirləri əbədi deyil və onların qüdrətli əlləri ilə açılacaqdır. Mən öz ömrümü Azərbaycan zəhmətkeşlərinin və bütün İranın azadlığı, səadəti yolunda sərf etmişəm. Bu zaman içərisində çalışdım ki, öz vəzifəmi şərəflə yerinə yetirim. Mən xalq mübarizəsinin şölələri içərisində tərbiyə olunmuşam. Bu üzdən də özümü xalqa xidmətdə borclu bilirəm və müqəddəs mübarizə yolunu tutduğum üçün fəxr edirəm. Mübarizəmin bu axır mərhələlərində də öz iradə və cəsarətimi qoruyacağam!..

Və ədalətsiz məhkəmə qərarı ilə ölümə məhkum edilən nakam qəhrəmanın dar ağacına gedərkən doğmalarından son istəyi, zənnimcə, dünya xalqlarının həyatında və ədəbiyyatında rast gəlinməyən nadir hadisədir. Bu hadisəni Səməd bəy ürək ağrısı ilə, əminəm ki, həm də aramsız axan göz yaşlarının müşayiəti ilə o qədər təsirli bir dillə təsvir edib ki!..

“Edamdan iki gün öncə F.İbrahimi Paris Sülh Konfransına gedərkən aldığı kostyumun zindana göndərilməsini istədi. Sübh tezdən, üzünü qırxdıqdan sonra ağ köynəklə kostyumunu geyindi, qırmızı rəngli qalstukunu boynuna taxdı. Səliqəsinə xüsusi diqqət yetirdi. Bəzi yoldaşlarının təəccübünü görüb: “Biz öz həyatımızı bütünlüklə paklıq və şərəf içərisində keçirdik, niyə dar ağacı altında pərişan halda görünməliyik? – dedi” F.İbrahimi 1947-ci ilin 23 may gününün səhəri saat 4-də Təbrizin Səttarxan xiyabanında, “Gülüstan” bağının qarşısındakı meydanda edam olundu. Kəndir boynuna salınmamışdan öncə gözlərini qapadı və vida əlaməti olaraq üzünü Savalan dağı istiqamətinə tutdu, təzim etdi və sonra cəlladların cəkic zərbəsi kimi fərqinə vardıqları uca səslə dedi: “Yaşasın Azərbaycan! Yaşasın azadlıq! Məhv olsun istibdad! Yaşasın İran xalqlarının birliyi!.. Həmin gün bütün Azərbaycan xalqı matəmə qərq oldu. Təbrizin mübariz cavanları mitinq və etiraz nümayişləri, “intiqam komitələri” təşkil etdilər. İnanırıq ki, F.İbrahimi şəxsiyyəti, sürdüyü ömür, Azərbaycanın azadlığı uğrunda keçdiyi mübarizə yolu, göstərdiyi qəhrəmanlıq, milli kimliyimizi və varlığımızı bütün dünyaya tanıtdırmaq işində qələmindən çıxan yazıları günümüzün gəncliyi və gələcək nəsillərimiz üçün örnək olacaq və uğrunda şəhid olduğu gün də gələcəkdir”.

“12 Şəhrivər” bəyanatındakı 12 maddədən oluşan milli məsələlərin – Azərbaycanın daxili muxtariyyət məsələsi, milliyət məsələsi, ana dilinin bərqərar olunması və milli ədəbiyyatın inkişafı məsələsi, “əyalət əncümən” – yerli dövləti idarəetmə orqanı, yerli parlamentin təsisi və s. kimi böyük məsələlərin həlli və ən əsası, uluyurdda daimi sülhə nail olmaq uğrunda silahdaşları ilə çiyin-çiyinə mübarizə aparan F.İbrahimi “həm yazıları, həm də əməlləri ilə millətinin layiq olduğu yeri bütün dünyaya tanıtdıra bildi, Azərbaycanın şəhidlik tarixində ən müqəddəs və uca zirvə də məhz ona aiddir”.

Tarixi faktlara söykənərək çox dəqiqliklə hazırlanıb ərsəyə gətirilən bu kitablar bir dərsdir. Tarixin ibrət dərsi. Tariximizin açılmamış qatlarına baş vurmaq, bir sıra gizli məqamları açmaq, ən yaxın keçmişimizin qaranlıq səhifələrinə işıq salmaq istəyən möhtərəm oxucu! Buyur, əlində iki mötəbər, ən yeni qaynaq var!.. Oxu, öyrən, faydalan və çağdaşlarına, səndən sonra gələn soydaşlarına da öyrət!.. Axı, keçmişini, tarixini bilməyən, özünü tanımayan, milli kimliyini dərk etməyən bir fərdin, toplumun və xalqın gələcəyi də sual altına düşür… Aydın səma, günəşli göy üzü, mutluluqlar içində keçən yaşama sahib olmaq üçün öncə tariximizə, dünənimizə və milli-mənəvi dəyərlərimizə sahib çıxmalı, Firudin İbrahimi kimi özünü xalqın, millətinin bağımsızlığı yolunda fəda etmiş əfsanəvi qəhrəmanlarımızı, ictimai-siyasi xadimlərimizi tanımalı və bütün dünyaya tanıtdırmalıyıq!.

.
Dos.Dr.Esmira Fuad

Facebook
Telegram
Twitter
Email