آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

NƏSİLLƏRƏ NÜMUNƏ

OD OĞLU OD

Əmim oğlu Hökməliyə minnətdaram. Məni Larıdan Meşkinə, oradan isə Astara şəhərinə (İran) apardı. Məktəbə baş çəkdik. Müəllimlərlə, şagirdlərlə görüşüb söhbətləşdik. Həddindən çox maraqlandığım məktəbli Firudin ilə tanışlığımı ömrümün ən xoş anı, günü kimi yaddaşıma ömürlük, əbədilik həkk etdim. Tanışlığımız yaxınlığa, bir qədər sonra isə dostluğa çevrildi. O da mənim kimi bədən quruluşuna görə arıq, boyca nisbətən uca, uzun, qara şəvə saçların, çatma qaşların, nurlu sifətin, parlaq, işıqlı gözlərin sahibi olan bir məktəbli idi. Görkəmi ilə onların, yüzlərin, minlərin arasında seçilir, fərqlənirdi. Sözləri, cümlələri elə işlədir, valehedici, qısa, lakin çox məharətlə geniş, mətləbləri insanlara gün kimi aydın olan danışığı, söhbəti həzin musiqini xatırladırdı. Göz bəbəklərinin lap kökündə hiss ediləcək kədər kölgəsinin bərqərar olduğunu ağıllı həmsöhbətləri dərhal sezir, duyurdular.

Firudin, mən deyərdim ki, od parçası, mərifəti, tərbiyəsi, biliyi, bacarığı, həssaslığı və xeyli sayda digər insani keyfiyyətləri ilə oxuduğu məktəbin pedeqoji kollektivinin və şagird yoldaşlarının istər-istəməz təmənnasız olaraq dərin hörmət və izzətini qazanmışdı. Onu ürəkdən sevirdilər… Bədxahları da yox deyildi. Varlı balalarının xainlikdən, xəbislikdən az qalırdı ki, ürəkləri partlasın. Bu kasıb oğlan belələrinin, eləcə də onların valideyinlərinin, bir çox “müəllim”lərin gözünə zəhərli ox, tikan kimi sancılırdı. Dərs əlaçısı idi. Tarixə, ədəbiyyata, riyaziyyata daha çox meyl edir, sözün əsl mənasında can yandırırdı. Mənim də az-çox söz adamı olduğumdan dünya ədəbiyyatından, otaylı-butaylı Azərbaycanımızın tarixindən, dilindən, dinindən, zəngin mədəniyyətindən, musiqisindən, mətbəxindən və s. elə qatı açılmamış söhbətlər, nümunələr söyləyir, faktlar göstərirdi ki, adamın matı-qutu quruyurdu, heyrətlənməmək mümükün deyildi.

Vaxtın hər anının, dəqiqəsinin, mən deyərdim ki, hətta saniyəsinin belə qədir-qiymətini dərindən dərk edirdi. Yaxşı əməllərin, işıqlı gələcəyin yorulmaz yolçusu idi…

F.İbrahimi Tehran Universitetinin hüquq fakultəsinə daxil oldu. Tələbəlik həyatı dünyaya daha geniş gözlə baxmaq üçün ona hərtərəfli daha münbit fəaliyyət meydanı açdı. O da bütün bilik və bacarığını, istəklərini, arzularını var qüvvəsi ilə həyata keçirməyə çalışdı və bunu xüsusi zövqlə, şövqlə yerinə yetirməyi yetərincə bacara bildi.

1941-ci ildə Universitetdə təhsil aldığı zaman İran Xalq Partiyası sıralarına üzv qəbul olundu. Tələbələrin qaynar, işgüzar toplantılarında, mitinqlərdə, iclaslarda ən fəalların belə ön cərgəsində mətin addımlarla irəliləyir, alovlu çıxışları, kəskin, yenilməz inqilabi söhbətləri, dəyərli məsləhətləri ilə daim diqqət mərkəzində dayanırdı.

F.İbrahimin ədəbi fəaliyyətə, xüsusi ilə də jurnalistikaya olan məhəbbəti də tələbəliyin ilk ilində özünü aydın şəkildə biruzə verdi, aşkar şəkildə göstərdi… Siyasi məqalələri, felletonları və digər müxtəlif səpgili yazıları ilə dostları sevinidirirdi, düşmənlərin “dədəsinə od vururdu”.

Məhşur inqilabçı, siyasi və ictimai xadim, Milli Hökumətin Başçısı, istedadlı jurnalist S.C.Pişəvəri yenicə təsis olunmuş “Aljir” qəzetinə onun namizədliyinin təsadüfü olaraq seçməmişdir. Qəzetlə əməkdaşlığa başladıqdan az sonra F.İbrahimi redaksiyanın heyət üzvü seçilmişdir. O, istedadlı jurnalist kimi İran Xalq Partiyasının rəsmi orqanı olan “Rəhbər”, antifaşist yönümlü “Mərdom”, “Zəfər” qəzetlərində də öz kəskin, dəyərli yazıları ilə diqqət çəkmiş, yüksək nüfuz sahibinə çevrilmişdir. Azərbaycanda (İran) “Xavəre nou” (Yeni Şərq), “Azərbaycan” qəzetləri ilə də əməkdaşlıq etmiş, günün aktual anlarını işıqlandıran məqamları təhlil edən dəyərli yazıları ilə şöhrətlənmişdir.

F.İbrahimi 1945-ci ilin mayında Universiteti bitirdi. Gənc hüquqşünas kimi doğma ana dili ilə bərabər Fars, Fransız, Ərəb dillərini də mükəmməl bilirdi. Bu istedadlı gəncə Univerisetetdə də İran Xarici İşlər Nazirliyində də, nüfuzlu mətbu orqan olan “Etteleat”da da işləməyi dönə-dönə təklif etsələr də bu cəngavər hüquqşünas, istedadlı jurnalist, alovlu vətənpərvər öz ana yurduna dönmək, xalqın içərisində onlarla birgə nəfəs almaq, mübarizə aparmaq yolunu ən düzgün hədəf seçmişdir…

Maraqlıdır ki, 1945-ci il sentyabrın 5-də ADF-nin rəsmi orqanı olan “Azərbnaycan” qəzetinin ilk sayı çap olundu, işıq üzü gördü. Həmin andan F.İbrahimi qəzetin əməkdaşı idi. Təkcə bir məqama nəzər salmaq kifayətdir ki, bu istedadlı jurnalistin nəyə qadir olduğunu günümüzün oxucusuna çatdıra bilək. F.İbrahiminin “Azərbaycan danışır… İftixarlı tariximizdən bir neçə parlaq səhifə” başlıqlı yazıları 30 oktyabr-21 noyabr 1945-ci il tarixləri arasında “Azərbaycan” qəzetinin (ADF-nin orqanı) 42-ci sayından başlayaraq 60-cı sayı da daxil olmaqla 19 nömrəsində ayrı-ayrı sərlövhələrlə çap olunmuşdur və 19 məqalədən ibarətdir. Həmin yazılarda Azərbaycanın qədim tarixi, adət-ənənələri, dili, ədəbiyyatı, mənəviyyatı, azadlığı, istiqlaliyyəti uğrunda apardığı mübarizələr, dövlət və ordu quruculuğu, siyasi təşkilatları məzhəbləri… geniş şəkildə öz əskini tapmışdır…

Əvvəlcədən oxucuya onu da xatırlatmağı özümə borc sayaraq bildirirəm ki, İranda qədim tariximizə aid ana dilimizdə ilk əsərin – “Azərbaycannın qədim tarixindən” – müjdəçisi Milli Qəhrəmanımız Firudin İbrahimidir.

Çox acınacaqlı haldır və min-min təəsüflər doğurur ki, xalqımızın şanlı inqilabçı oğlu Firudin İbrahiminin gərgin, əvəzolunmaz əməyinin bəhrəsi olan “Qədim Azərbaycan tarixi haqqında qısa məlumat” kitabı da naqis, xain əllərə düşmüş, məqsədi-məramı aşağılanmağa cəhd göstərilmişdir. Dəhşətli haldır ki, bu mübariz od oğlu odun öz kitabına yazdığı ön sözdən əsər-əlamət belə yoxdur. 180 səhifəlik kitabın yalnız 41 səhifəsi Firudin İbrahiminindir. Qalan 139 səhifəsi şovinistlərin şərəfsiz nökəri Küzəkonaniyə aiddir və başdan-başa cəfəngiyyatdan başqa bir şey deyildir.

Mən bütün sadaladığım məqamların demək olar ki, çoxsunda F.İbrahimi ilə birlikdə idim. 1946-cı ilin dekabr ayının 12-də zülmkar, vəhşi İran şahının Azərbaycana xəyanətkar, alçaqcasına hücumunda da canlı şahid idim. Firudin İbrahiminin öz yoldaşları ilə 34 saat müddətində ADF MK-nın binasında səngər qurub düşmənə qarşı necə mərdanə döyüşdüyünün də canlı şahidiyəm. Qəhrəman oğullarımızın həbsindən də, 6 ay zindanda ən ağır işgəncələrə əzab-əziyyətlərə mətanətlə dözmələrindən də müfəssəl xəbərdar idim.

Zindanda F.İbrahimi üzünü dustaqlara tutub deyirdi: -“Mən öz ömrümü Azərbaycan zəhmətkeşlərinin və bütün İranın azadlığı və səadəti yolunda sərf etmişəm. Bu zaman içərisində çalışdım ki, öz vəzifəmi şərəflə yerinə yetirim. Mən xalq mübarizəsinin şölələri içərisində tərbiyə olunmuşam. Bu üzdən də özümü xalqa xidmətdə borclu bilirəm və müqəddəs mübarizə yolunu tutduğum üçün fəxr edirəm. Mübarizənin bu axır mərhələsində də öz iradə və cəsarətimi qoruyacağam”.

İmperialistlərin nökəri olan Pəhləvi şahlıq rejimi polad iradəli mübarizlərə edam hökmü oxudu. Edamdan 2 gün əvvəl F.İbrahimi ailəsi ilə əlaqə yaratdı. Paris Sülh Konfransına gedərkən aldığı kostyumunu zindana gətirtdi. Edam günü sübh tezdən üzünü təraş etdikdən sonra kostyumu geyindi, qırmızı qalustukunu taxdı. Bu cəngavərə çox yaraşırdı.

1947-ci ilin 23 may günü səhər saat 4-də Təbrizin Səttarxan xiyabanında, “Gülüstan” bağının qarşısındakı meydanda edam hökmü oxunarkən F. İbrahimi üzünü Savalan dağına tərəf çevirərək gözlərini qapadı və sanki Vətənlə , Savalanla vida əlaməti olaraq dağa baş əydi, təzim etdi, gur səsi ilə hayqırdı:

“Yaşasın Azərbaycan!

Yaşasın Azadlıq!

Məhv olsun istibdad!

Yaşasın İran xalqlarının birliyi!!!”

Meydanın qan selinə döndüyü, insanların qanlı göz yaşlarının seli, gənclərin etiraz mitinqləri, nümayişləri gözlərim önündən hələ də çəkilmir. Heç vaxt da çəkilməyəcək !..

Milli Qəhrəman görkəmli inqilabçı, ictimai-siyasi xadim, diplomat, istedadlı jurnalis, publisist, Azərbaycan Milli Hökumətinin Baş Prokuroru Firudin İbrahiminin həyatından söhbət açdığım kiçik məqamlar Azadlıqsevər insanlar üçün elə bilirəm ki, nə isə deyir ..!

Yuxudan hövlənk oyandım. Qan-tər içərisində üzürdüm. Alnımı ovuşdurdum, üzümə su vurdum. Bir qədər avazıdım, özümə gəldim. Hafizəmi qurdaladım, gözümün önünə ilk olaraq bu gəldi.

Firudin İbrahimi: 21 noyabr 1918-ci il Astara (İran) şəhəri;
Hacı Müvəssəqi: 06 noyabr 1951-ci il Qazax şəhəri.
Dərhal da qəti əmin oldum ki, Od parçası, Od oğlu Od Firudun İbrahiminin özü ilə deyil ruhu ilə məni qovuşduran, görüşdürən canım fəda olmuş Böyük Yaradanın özü imiş…

Onu da bilirəm ki, Allah-Təalanın buyrğu ilə Firudin İbrahiminin, onun silahdaşlarının həyata keçirə bilmədikləri arzunu onların minlərlə, milyonlarla sayda olan həmvətənli oğul və qızları həqiqətə çevirəcək, reallaşdıracaqlar! Yaxındadır o möhtəşəm gün! Gələcək hökmən gələcək!

Ruhun şad, yerin behiştlik olsun, millətin qeyrəti, şan-şöhrəti olan Firudin İbrahimi!!! Od oğlu Od!!!

Hacı Müvəssəqi – Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Mətbu

baxış” qəzetinin baş redaktoru.

Qeyd: 1. Yazıda F.İbrahiminin “Azərbaycannın qədim tarixindən” ön söz kimi verilən

əhatəli yazılan rəqəmlərdən, tarixi faktlardan qismən bəhrələndiyim üçün yazı

müəllifi, tarix üzrə fəlsəfə doktoru cənab Bayramzadə Səməd Zülfəli oğluna

minnətdarlığımı bildirirəm.

  1. Firduin İbrahimi – 100!

(Beynəlxalq müsabiqəyə)

Facebook
Telegram
Twitter
Email