MƏRUZƏ, ÇIXIŞLAR VƏ MÜKAFATLANDIRM
Aəzrbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsi və “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyi görkəmli dövlət xadimi, diplomat, hüquqşünas, yazıçı, jurnalist, publisist, təhqiqatçı, ADF-nin və “21 Azər” Hərəkatının ünlü simalarından biri, Milli Hökumətin Baş Prokuroru, şəhid, İran xalqlarının milli qəhrəmanı Firidun İbrahiminin anadan olmasının 100 illik yubileyi münasibətilə birgə konfrans keçirdilər. Ötən şənbə günü Beynəlxalq Mətbuat Mərkəzində düzənlənən tədbirdə hər iki qrumun rəhbərləri, üzvləri, tanınmış alimlər, təhqiqatçılar, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin təmsilçiləri, xarici ölkələrdən təşrif gətirən qonaqlar iştirak etdilər.
Öncə 1945-1946-cı illərdə Təbrizdə fəaliyyət göstərmiş Azərbaycan Milli Hökumətinin himni səsləndi. Sonra Firidun İbrahiminin həyat və mübarizə yolunu işıqlandıran “Qartal ömrü” sənədli filmi nümayiş etdirildi. Tədbiri İranlı Mühacirlər Cəmiyyətinin sədri, əməkdar jurnalist Rəhim Hüseynzadə açdı. O, hər iki təşkilatın 3 aydan bəri əlamətdar hadisəyə hazırlaşdığını, gündəliyə daxil olan məsələlər barədə məlumat verdi.
Azərbaycan Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadənin məruzəsində Firidun İbrahiminin 28 illik həyat yolunun diqqəti çəkən səhifələrinə nəzər salındı. F. İbrahimini XX əsrin görkəmli ziyalısı, hüquqşünası, partiya işini mükəmməl bilən şəxsiyyət kimi dəyərləndirən məruzəçi mərd mübarizi vətəninə bağlı, onun inkşafı üçün çalışan, xalqını sevən bir ailənin üzvü olduğunu vurğuladı. Çox qısa ömrünü Azərbaycanı, millətini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, milli kimliyini, varlığını dünyaya tanıtdırmağa həsr etdiyini dedi. Eyni zamanda F. İbrahiminin Paris sülh konfrasında iştirakına, Milli Hökumətin və onun rəhbəri Seyid Cəfər Pişəvərinin etimadını hər sahədə ləyaqətlə doğrultduğuna dair fikirlərini konkret sənədlərlə və sitatlarla əsaslandırdı.
ADF-nin və İMC-nin rəhbərliyində təmsil olnunan Azərbaycan Dövlət Tibb Universitetinin müəllimi, tibb elmləri namizədi 86 yaşlı Adilə Çernikbulənd iştirakçılara İbrahimilər nəslinin şəcərəsi barədə ətraflı məlumat verdi. İranda azadlıq və demokratiya uğrunda mücadilələrdə dörd şəhid verən bu nəslin mübarizə tarixinin ötən əsrin əvvəllərindən başlandığını, bunun təməlinin xeyirxah əmmələri ilə tanınan babaları Ağabala, ataları Qəni İbrahimi ilə qoyulduğunu, şəhid Firidun və Ənuşirəvan tərəfindən davam etdirildiyini dilə gətirdi. Ailənin digər üzləri ilə istər mühacirət illərində, istərsə də ondan qabaq sıx təmaslarda olduğunu xatırladı: “Firidunu ilk dəfə Ərdəbildə cavanların qurultayında gördüm. Bu gülərüz və səmimi insanın çıxışı sürəkli alqışlarla qarşılandı”.
Tarixçi alim Əkrəm Bijə də xatirələr konteksində söhbəti davam etdirərək dedi ki, Firidun İbrahimi adı sağlığında da, şəhadətindən sonra da gənc nəslə örnək olaraq qalmaqdadır: “Onun həyat və yaradıcılığı elə çox şaxəli və məzmunludur ki, hərəsi bir mötəbər tədbirin müzakirə mövzusu ola bilər. Mən isə söhbətimi Firidun İbrahiminin jurnalistlik fəaliyyəti müstəvisində quracağam”.
Akdemik Şahin Mustafayev (AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini) Firidun İbrahimi ilə bağlı məsələlərin təhqiqatlar konteksində nə dərəcədə ifadəsin tapdığının təhlinini verdi. Razılıq hissi ilə vurğuladı ki, son illər bu sahədə görülən işlər milli tariximizin daha dərindən öyrənilməsinə, təhqiqinə və təbliğinə diqqətə layiq ximətlər göstərməkdədir ki, bu sahədə yubiley tədbiri təşkilatçılarının da aktiv fəaliyyəti nəzərə çarpmaqdadır. Akademik AMEA-nın qərarı ilə yubiley ərəfəsində nəşr edilən “Azərbaycan danışır… İftixarlı tariximizdən bir neçə parlaq səhifə (Azərbaycanın qədim tarixindən)” və “Sülh uğrunda” əsərlərini, “Azərbaycan” qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz 1324 (1945-1946-cı illər)” kitabının işıq üzü görən ikinci cildini misal çəkdi.
“Dədə Qorqud” Fondunun rəhbəri Eldar İsmayılov İranlı Mühacirlər Cəmiyyətinin son illər daha da aktivləşən fəaliyyəti, Firidun İbrahimi kimi tanınmış simaların barəsində yazıların təsisçisi olduğu “Azərbaycan dünyası” jurnalında müntəzəm işıqlandırıldığını bildirdi. “Xalq qəzeti” baş redaktorunun müavini, əməkdar jurnalist Tahir Aydınoğlunun da çıxışında oxşar fikirlər səsləndi.
Konfransda tanınmış alimlərdən Eynulla Mədətli (AMEA-nın Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini), Firdovsiyə Əhmədova (Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri), tarix elmləri doktoru Solmaz Tohidi və başqaları da Firidun İbrahimini səciyyələndirən məsələlərdən danışdılar.
Yubiley tədbirinin növbəti hissəsində Firidun İbrahimiyə aid beynəlxalq yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı. İMC sədri R. Hüseynzadə müsabiqəyə Azərbaycan, fars və ingilis dillərində 55 yazı göndərildiyini bildirdi: “Bunların 38-i Bakıdan, 2-si Gəncədən, 1-i Qazaxdan, 14-ü isə Almaniya, İsveç, Danimarka, Belarus və İrandandır. Mükafatlandırılacaq şəxslərin sayı 30-dur”.
Beləliklə Ənvər Yusifoğluna (Azərbaycan), Həmidə (İran) və Səadət Kərimiyə (İsveç) baş mükafatlar təqdim edildi.
Dosent S. Kərimi qaliblər adından söz alaraq Firidun İbrahimi barədə yazılarını yaşayıb işlədiyi İsveçdə, eyni zamanda Azərbaycanda 3 dildə çap etdirildiyini vurğuladı, həssas yanaşmaya görə münsiflər heyətinə təşəkkurlərini yetirdi. Tarixçi alim Səməd Bayramzadənin, ABŞ-nın Şimali Kaliforniya ştatında fəaliyyət göstərən Azərbaycan Mədəniyyəti Cəmiyyətinin rəhbəri Həmid Azərinin də “21 Azər” Hərəkatı ideyalarının, Firidun İbrahimi irsinin təbliği, “Azərbaycan” qəzeti kitabının nəşri sahəsindəki xidmətləri bu cür qiymətləndirildi.
Xaricdə yaşayan yazıçı və jurnalistlərdən Məhərrəm Sarabi, Daryuş Zəfəri, Behruz Mütəllibzadə, Elyar Polad (Almaniya), Nahid Məzkuri (Belarus) və Danimarkadakı “Vətən Cəmiyyəti”nin sədri Səfər Sadiqinin yazıları fəxri diplomlara layiq görüldü.
Həsən Cəbrayılov – Ahəngi (“Bütöv Azərbaycan” qəzeti), Əhməd Qurbanoğlu (“İki sahil” qəzeti), Sədrəddin Soltan (“Report.az” İnformasiya Agentliyi) Fatma Cəfərova (Gəncə şəhəri), müstəqil jurnalist Saminə Sadıqova, təhqiqatçı alimlərdən Pərviz Kazımi, Esmira Fuad və Pərvanə Məmmədli də fəxri diplomlarla mükafatlandırıldılar.
Sonda “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyi sədrinin birinci müavini Firidun İbrahimi çıxış etdi. O, əmisi Firidun İbarhiminin 100 illik yubileyinin təşkilatçılarına, bütün iştirakçılarına, səmimi və dolğun fikirlər səsləndirən natiqlərə, həmçinin müsabiqə qaliblərinə İbrahimilər ailəsinin minnərdarlığını yetirdi.