آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

Birgə anım tədbiri – bu dəfə “20 Ynavar” İctimai Birliyində

“İranlı Mühacirlər Cəmiyyəti” və “20Yanvar” ictimai birlikləri 3 ildir ki, qarşılıqlı əməkdaşlıq barədə sənəd imzalayıblar. Buna müvafiq olaraq ümumxalq anım günləri bir dəfə İMC-də, digəri Beynəlxaq Mətbuat Mərkəzində keçirilib. 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibəti ilə birgə anım tədbiri isə 17 yanvar 2019-cu ildə tərəfdaşlarımızın ofisində baş tutub.

“Dəyirmi masa”da hər iki qurumun təmsilçiləri, 20 Yanvar şəhidlərinin ailə üzvləri, qanlı olaylar zamanı yaralanan, sağlamlığını itirən insanlar iştirak ediblər. Öncə müstəqillik yolunda şəhid olanların xatirələri bir dəqiqəlik sükutla yad edilib.

“20 Yanvar” İctimai Birliyinin sədri Soltan Əzimzadənin məruzəsində minlərlə insanı paytaxtın baş meydanına, küçə və xiyabanlarına cəmlləşdirən hadisələrin xarakteristikası verilib. “Azadlıq uğrunda mübariz” fəxri adını daşıyan təşkilat rəhbəri Azərbaycanı XX əsrdə ikinci dövlət müstəqilliyinə qovuşduran yolda möhtəşəmliyi ilə fərqlənən bu tarixi hadisənin hərtərəfli şərhini verib. O, konkret faktlar gətirərkən sözlərini Ümummmili Liderimiz Heydər Əliyevdən sitatla əsaslandırıb: “Yenə deyirəm, o günün mənası həyatını qurban vermiş, yaxud yaralanmış adamların sayı ilə ölçülməməlidir. O günün böyük siyasi-mənəvi mənası var”.

S. Əzimzadənin məruzəsində həmçinin müqəddəs amal yolunda şəhid və əlil olan iranlı mühacirlər və onların ailə üzvlərinin barəsində misallar çəkilib, bu amilin əhəmiyyəti qeyd olunub.

İranlı Mühacirlər Cəmiyyətinin sədri, əməkdar jurnalist Rəhim Hüseynzadə onun fikirlərini davam etdirərək deyib ki, bu, təşkilatımızın mövcud olduğu müddətdə Azərbaycan cəmiyyətinə inteqrasiyasının daha da dərinləşməsi yolunda başqa qurumlarla reallaşdırdığı ilkin birgə tədbirlərdən biri olduğundan xüsusi əhəmiyyət daşıyır: O, ölkədə mühacirlərə göstərilən hərtərəfli bəşəri qayğılar barədə məlumat verib və bu insanların belə diqqəti hər zaman cavabsız qoymadığını bildirib: “Bizim də igidlərin məzarları Bakıda, şəhər və bölgələrin şəhidlər xiyabanlarında ziyarət edilir. Məhz bu baxımdan ilk birgə tədbirə “20 Yanvar” İctimai Birliyi ilə başlamağımız tamamilə məntiqidir”.

Tədbir iştirakçılarından “20 Yanvar” İB-nin sədr müavini Mustafa Əliyev qanlı hadisənin 25 yanvar 1990-cı ildə Neftçala rayonunda müşahidə edilən epizodlarından xatirələrini danışır. Hər iki cəmiyyətin funksionerlərindən olan mayor Nizami Rzaşüari, veteranlardan Tofiq Yusifov, Tahir Fətullayev, Samir Liftiyev və başqalarının xatirələri maraqla dinlənilib.

Facebook
Telegram
Twitter
Email