“Fransada İnsan Hüquqlarına dair İctimai dinləmələr” mövzusunda tədbir keçirilib
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Fransada İnsan Hüquqlarına dair İctimai dinləmələr” mövzusunda ictimai dinləmələr keçirilmişdir.
QHT.az xəbər verir ki, İçtimai dinləmələrin təşkilatçıları Beynəlxalq İnsan Hüquqlarının Müdafiə Komitəsinin Azərbaycan nümayəndəliyi, Beynəlxalq Dialoq və İnkişaf Alyansı və İçtimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzi olmuşdur.
Tədbiri giriş sözü ilə açan İçtimai Siyasi Proseslər Və Beynəlxalq Əlaqələr Mərkəzinin sədri Samir Adıgözəlli Fransada İnsan Hüquqlarına dair içtimai müzakirənin təşkil olunması zərurətindən danışdı.
O, keçən günlərdə Fransada baş vermiş ixtişaşlar zamanı hökumət qüvvələrinin nümayişçilərə qarşı tətbiq etdiyi qeyri-bərabər gücdən və beynəlxalq təşkilatların bu olaylara səssiz yanaşmasından ətraflı olaraq iştirakçılara məlumat verdi.
Daha sonra BİHMK-nın Azərbaycan nümayəndəliyinin rəhbəri Dr.İsmayıl Ağayev çıxış edərək illərdir həm Fransanın həm də Qərb ölkələrinin Azərbaycana qarşı ədalətsiz mövqe göstərdiklərini, bir milyondan artıq Azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarını gözardı edən beynəlxalq təşkilatları Ermənistanı qınamağa çağırdı.
Tədbirin təşkilatçılarından olan Beynəlxalq Dialoq və İnkişaf Alyansının rəhbəri Nüşabə Məmmədova çıxış edərək Fransanı Avropa və Xarici İşlər Nazirliyinin sözcüsü tərəfindən verilən bəyənatın əsassız olduğunu, əsil həqiqətdə isə Fransada nümayişçilərə qarşı baş verən zorakılıq və şiddət halları haqda faktların beynəlxalq içtimaiyyətə çatdırılmalı və qiymət verilməlidir bildirdi.
Daha sonra tədbirdə iştirak edən Milli QHT forumunun prezidenti Rauf Zeyni öz çıxışında Azərbaycanın demokratiya dəyərlərinə bağlı olduğunu, İnsan hüquq və azadlıqlarının təmin edildiyini, lakin Fransa və bu kimi dövlətlərin inkişaf etməkdə olan dövlətləri əzmək prinsipi ilə yanaşdığını qeyd etdi.
Tədbir iştirakçılarından daha sonra əməkdar jurnalist Azər Həsrət, BİHKM-nin Azərbaycan Nümayəndəlinin sədr müavini Elçin Axundzadə, İranlı Mühacirlər cəmiyyətinin sədri Firudin İbrahim, MQF BQD-nin sədri Səbinə Qəhrəmanova, Hüquq eksperti Elçin Quliyev və başqaları çıxış edərək, illərdir Azərbaycanın haqlı mövqeyini müdaifə etmək əvəzinə, İşğalçı Ermənistana dəstək verən Fransanı qınadıqlarını və bu ölkədə keçən günlərdə baş verən nümayişlər zamanı hökumət qüvvələrinin həyata keçirdiyi şiddət və zorakılığı Fransanın demokratiya sahəsində əsl üzünü ortaya qoyduğunu bildirdilər. İçtimai dinləmərdə Rusiya və Tacikistan səfirliyini nümayəndələri QHT və media təmsilçiləri iştirak etmişdir.
Tədbir iştirakçıları adından Azərbaycan və İngilis dillərində bəyanat qəbul edilmişdir.
BƏYANAT
Hazırda dünyada baş verən proseslərin xaos şəklində davam etdiyinin şahidi oluruq. Bu proseslər sferasında dünya ictimaiyyətini narahat edən ən vacib faktorlardan biri insan haqlarının pozulmasını və bunun kütləvi hal almasını şərtləndirən, uzun illərdir Azərbaycan xalqının da yaşadığı işğal problemidir. Separatizm və işğal müasir dünyanın ən böyük problemlərindəndir.
Məhz bu səbəbdən dünyada milyonlarla insan öz dünc yaşamaq hüquqdan məhrum olur, hərbi toqquşmalar nəticəsində öldürülür, qaçqına, məcburi köçkünə çevrilir, əsir və girov götürülürlər. Artıq 30 ildir Azərbaycan, Ermənistanın yaratdığı Dağlıq Qarabağ problemi ilə üz-üzə qalıb. Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunub, 20 min Azərbaycan vətəndaşının həyatına son qoyulub, bir milyon iki yüz mindən çox əhali öz doğma yurd-yuvasını tərk etmək məcburiyyətində qalıb. 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda azərbaycan əhalisinə qarşı soyqırımı törədilib. Hərbi təcavüz nəticəsində Xocalının 613 dinc sakinini, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirib. 1993-cü ildə BMT tərəfindən Ermənistan silahli qüvvələrinin işğal olunmuş Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılması barədə qəbul etdiyi 4 qətnamə bu günə qədər yerinə yetirilmir.
Ermənistan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə, Avropa Şurası, Avropa Birliyi, İKT, ATƏT kimi nüfuzlu beynəlxalq qurumların problemin həlli ilə bağlı çağırışlarına, BMT-nin Ümumdünya İnsan Hüquqları Konvensiyasının şərtlərinə məhəl qoymur. Lakin belə bir şəraitdə Ermənistana qarşı nəinki sanksiyalar tətbiq edilmir, hətta Avropa nümayəndələri, o cümlədən Fransa rəsmiləri və şirkətlərinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfərləri və buradakı fəaliyyətləri birmənalı şəkildə beynəlxalq hüquq normalarını pozur və Azərbaycanın ərazi bütövlüyünə xələl gətirir. Azərbaycan BMT-nin Ümumdünya İnsan Hüquqları Konvensiyasına qoşulub və ölkə ərazisində yaşayan bütün insanların etnik, dini, siyasi, sosial və s. mənsubiyyətlərindən asılı olmayaraq bərabər hüquqları malik olması təsbit və təmin edilib.
Son günlərdə Azərbaycanda məhkum edilmiş bloger Mehman Hüseynovla bağlı Fransanın Avropa və Xarici İşlər Nazirliyinin sözçüsü tərəfindən verilən bəyanat Azərbaycan ictimaiyyətində ciddi narahatçılıq doğurur, eyni zamanda beynəlxalq ictimaiyyəti çaşdırır və əsil həqiqətin nədən ibarət olması haqqında məlumat əldə etmək imkanını məhdudlaşdırır. Fransa çoxdandır ki, ermənipərəst mövqe tutur və bu, əslində Azərbaycana qarşı təzyiq kimi qəbul oluna bilər. Bununla eyni zamanda baş vermiş Fransada nümayişçilərə qarşı istifadə olunan zorakılıq, qeyri-proporsional şiddət növlərindən istifadə olunması, 4500-dən çox nümayişçinin saxlanılması faktları bütün dünya tərəfindən izlənilir. Biz, məhkum edilmiş bloger Mehman Hüseynovla bağlı Fransanın Avropa və Xarici İşlər Nazirliyinin sözçüsü tərəfindən verilən bəyanatın əsassız olduğnu bildirir və Azərbaycan dövlətinə qarşı bu kimi addımları pisləyir, dünya ictimaiyyətini bu kimi yanlış təxribatlara inanmamağa çağırırıq.
Beynəlxalq İnsan Haqlarının Müdafiəsi Komitəsinin Azərbaycan nümayəndəliyi
Beynəlxalq Dialoq və İnkişaf Alyansı
İctimai-Siyasi Proseslər və Beynəlxalq Əlaqələr Mərkəzi