Tanınmış sənətkar yubileyində özü aparıcılıq etdi
Ötən şənbə günü İranlı Mühacirlər Cəmiyyətində Həsən Cəbrayılovun (Ahəngi) 70 illik yubileyi keçirilib. Cəmiyyət üzvlərinin, tanınmış ziyalıların, elm və sənət nümayəndələrinin, media təmsilçilərinin iştirak etdikləri tədbiri İMC-nin sədri Firidun İbrahimi açıb. O, 1949-cu il mayın 1-də Tehranda dünyaya göz açan H. Cəbrayılovun nəsillərə örnək həyat və yaradıcılıq yolundan və eyni zamanda “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin İdarə Heyətinin üzvü kimi fəaliyyəti barədə ətraflı məlumat verib. Bütün bunların nəzərə alınaraq İMC-nin fəxri diplomuna layiq görüldüyünü bildirib və mükafatı sahibinə təqdim edib.
Azərbaycanın əməkdar jurnalisti Rəhim Hüseynzadə yubiliyarı Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil aldığı ötən əsrin 70-ci illərindən tanıdığını dilə gətirib: “O, cəmiyyətimizin elə bir şənliyi olmazdı ki, parodiyaları, satirik nümunələri ilə iştirakçılarda xoş ovqat yaşatmasın. Sonralar Həsəni və məşhur “Məşəl” ansambılını işlədiyim Salyan və Neftçala rayonlarına dəvət etdim. Onların ustalığından indiyədək şirin xatirə kimi danışlımaqdadır”.
“Bütöv Azərbaycan” qəzetinin baş redaktoru, AZ.TV-nin məsul əməkdaşı Tamxil Ziyəddinoğlu isə “Tərəqqi” medallı H. Cəbrayılovun orijinal sənətkarlıq xüsusiyyətlərindən danışmağı mədəniyyət və incəsənət ustalarının öhdəsinə buraxaraq dedi: “Həsən çoxsaylı təhqiqat xarakterli yazıların müəllifi, kitabların redaktorudur. O, Azərbaycan tarixinin, mədəniyyətinin ən incə mövzularını təqdim edir. Ölkənin bir nömrəli telekanalında ensiklopedik biliyindən geniş məlumatından, xidmətlərindən demək olar hər birimiz gündəlik faydalanırıq. Çalışdığım dövlət telekanalının rəhbərliyi və qəzetimiz bunları əsas götürərək Həsən Cəbrayılovu diplomlara layiq görüblər”. T. Ziyəddinoğlu diplomları təqdim edərək yubiliyara yeni-yeni uğurlar arzulayıb.
İMC-nin Qadınlar Təşkilatının sədri Mominat Puhən bu qurumun tədbirin təşkilindəki rolu barədə səslənən qeydlərə toxunaraq deyib ki, bu, H. Cəbrayılovun onların hər bir tədbirindəki maraqlı və orijinal çıxışlarına adekvat cavabıdır.
AMEA-nın Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, doktor Səməd Bayramzadə yubiliyara redaktoru olduğu “21 Azər”- 70- almanaxını təqdim edərək deyib ki, bu nəşr həm də Həsənin mənsub olduğu nəslin tarixçəsini yaşadan nümunədir.
İMC sədrinin müavini İsmayıl Abdullahi parodiyaçılar arasında birinci dünya çempionatının qalibi Həsən Cəbrayılovun sənət aləmində, ictimaiyyətdə tanıdılmasında onun da ötən əsrin 70-ci illərində üzvü olduğu “Məşəl” ansamblının müstəsna xidmətlərindən danışıb: “Tədbirimizdə həmin kollektivin üzvlərindən Azərbaycanın əməkdar artisti Ruhəngiz Musəvinin, tanınmış müğənni Tahirə Muradovanın çıxışları göstərir ki, “Məşəl” ikinci həyatını yaşamaqdadır”.
İMC sədrinin müavinləri Həsən Babai, Murtuza Nizamoğlu, həmçinin sənətkarın qardaşı Əjdər Cəbrayılov da yubiliyar haqqında fikirlərini bölüşüblər. Tofiq Əli-zadə yubiliyara rəhbəri olduğu Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək Cəmiyyətinin diplomunu təqdim edib və ona yeni-yeni həyat və yaradıcılıq uğurları arzulayıb.
Azərbaycanın tanınmış sənətkarlarından professor Abbasqulu Nəzəfzadə, dosent Elçin Nağıyev, xanəndə Mirməhəmməd Mircavadov yubiliyarı xalq mahnıları və təsniflərlə təbrik ediblər.