Hörmətli sədarət, hörmətli tədbir iştirakçıları,
Bizlər bu gün buraya Firudin İbrahimi kimi bir şəxsiyyətin vətənpərvər simasını Azərbaycan xalqına və xüsusilə onun gələcəyi olan gənc nəslə təqdim etmək üçün toplaşmışıq.
Bir zamanlar məktəblərdə xalq yazıçısı Mirzə İbrahimovun “Gələcək gün” romanında və şairə Mədinə Gülgünün “Firudin” mənzuməsində şəraitə uyğun olaraq gənc nəslə, yəni bizlərə F.İbrahiminin şəxsiyyəti, vətənpərvərliyi, amalı, hədəfi, onların gerçəkləşməsi uğrunda mübarizəsi bədii obrazlarla təqdim olunmuşdu. Müstəqillikdən sonra isə Azərbaycan Respublikasında yaranmış münasib və münbit şəraitdən istifadə edərək onun əsl simasını xalqımıza, gəncliyimizə təqdim etmək üçün daha geniş, dolğun imkanlarımız vardır. Bugünkü əzəmətli toplantıda 3 sentyabr 1945-ci il tarixində Təbrizdə təsis edilmiş Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin (ADF MK) üzvü, 1945-ci ilin dekabr ayının 12-də (21 Azər günü) açılmış Azərbaycan Milli Məclisinin nümayəndəsi və həmin gündə də yaradılmış Azərbaycan Milli Hökumətinin 27 yaşlı gənc Baş prokuroru Firudin İbrahiminin ictimai-siyasi şəxsiyyəti barədə söz demək məsuliyyəti mənə həvalə olunduğundan qürur düyuram. Bu etimada görə Konfransın təşkilat komitəsinə, İranlı Mühacirlər cəmiyyətinin rəhbərliyinə, Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinə və sədrinə dərin səmimiyyətlə təşəkkürlərimi bildirirəm.
F.İbrahiminin şəxsiyyəti və simasını tanıtmaq üçün onun “Azərbaycan danışır… İftixarlı tariximizdən bir neçə parlaq səhifə” və “Sülh uğrunda” kitablarına müvafiq olaraq ön söz ünvanında yazdığım “Firudin İbrahimi – Azərbaycanın danışan dili”, “Firudin İbrahimi və azərbaycançılıq” başlıqlı məqalələrimdə oxuculara mümkün olan qədər məlumat verilmişdir. Həmin kitablar hazırda qarşınızdadır.
Ona görə də burada F.İbrahimin XX əsrin görkəmli ictima-siyasi dövlət xadimi kimi yetişməsi şərtlərindən və fəaliyyətindən yığcam şəkildə bəhs etmək istərdim.
F.İbrahiminin İran Astarasında yaşayan babası Mirzə Ağabala dövrünün tanınmış və təcrübəli tacirlərdən olmuşdur. Türkmənistandan tutmuş Qafqazdakı şəhərlərə kimi İran mallarını göndərər və oradanda da İrana Rusiya mənşəli mallar gətirərdi. Mirzənin 5 övladının hamısı təhsil görmüş və özü də bunun üçün onlara maddi-mənəvi cəhətdən hər cür dəstək göstərmişdir. Həmin 5 övladdan biri Firudinin atası Qəni olmuşdur. Qəni İbrahimi öz ana dili olan Azərbaycan dilindən başqa fars, ərəb, rus və fransız dillərində sərbəst danışa, yaza və oxuya bilirdi. O, Astara kimi kiçik bir şəhərdə ən savadlı adamlardan biri olmaqla yanaşı müstəqil fikir sahibi və və eyni zamanda da dərin mütaliə qabiliyyətinə malik bir insan idi.
Qəni atası ilə birlikdə uzun müddətə dəfələrlə Bakıda və Qafqazın bir çox şəhərlərində olmuşdu. O, bu bu regionda burjuaziyanın, xüsusilə Bakıda və ətrafında neft sənayesinin sürətli inkişafının, eyni zamanda da belə bir cəmiyyətdə sinfi qarşıdurmanın, zəhmətkeş kütlənin hədsiz və ədalətsiz istismarının, onlara qarşı qeyri insani münasibətlərin, buraya kəsbkarlığa gələn iranlıların ağır güzəranının, dözülməz iş və yaşayış şəraitlərinin şahidi olmuşdur. Qəni İbrahimi Bakıda yerli tacirlər, siyası ziyalılar, fəhlə və zəhmətkeşlər arasında təbliğat işi ilə məşğul olan Sosial-Demokrat partiyasının üzvləri ilə tanış olur, get-gedə insanların azadlığı, onların hüquqlarının qorunması və təmin edilməsi uğrunda davamlı olaraq canlarını belə əsirgəmədən çaılışan inqilabçı və mübariz insanlarla daha yaxından tanış olur, nəhayət onların amal, hədəf və siyasi-ictimai platformalarını özününkü hesab edərək onlara qoşulur, Rusiyada baş verən Oktyabr inqilabından sonra Astara və onun ətrafındakı əhali arasında təbliğat və təşviqat işi ilə məşğul olur, xalqı dərəbəyliyə, hakim dairələrin istibdad rejiminə, xaricilərin ölkədəki nüfuzuna qarşı mübarizəyə səsləyir.
Oktyabr inqilabından sonra Qafqazın müxtəlif şəhərlərində, xüsusilə də Bakıda iranlı ziyalılar və fəhlələr arasında fəaliyyət göstərən, İran Məşrutə inqilabının məğlubiyyətindən və Birinci dünya müharibəsindən sonrakı illərdə də öz fəaliyyətini qoruyub saxlaya bilmiş iranlıların “İctimaiyun-e amiyun” partiyasının radikal qanadı “Ədalət” partiyasını təşkil etdi. Qəni İbrahimi də bu partiyanın Astara şəhərindəki şöbəsini yaratdı və onun fəaliyyətini çox nizamlı və modern bir şəkildə təşkil etməyə nail oldu.
1920-ci ilin iyun ayında “Ədalət” partiyasının Ənzəli şəhərində keçirilən 1-ci qurultayında həmin partiyanın İran Kommunist partiyasına çevrildiyi elan olunur, Qəni İbrahimi də bu partiyanın ən fəal üzvlərindən birinə çevrilir.
Rza xan İranda hakimiyyəti ələ aldıqdan, istibdad rejimini bərqərar etdikdən sonra Parlamentdə siyasi dairələrin “Qara qanun” adlandırdığı çox sərt və şovinist məzmunlu bir layihəni qəbul etdirməyə nail olur. Bu qanuna görə İranda milli qüvvələrin bütün növ fəaliyyətləri qadağan edilir, öz məram və istəklərini təbliğ etmək istəyən şəxslər üçün isə 3 ildən 10 ilədək azadlıqdan məhrum etmə cəzası təyin olunur. Bu qanun təsdiq olunduğu gündən bütün ölkəni başdan-başa tuthatut və həbslər dalğasl bürüyür. Həmin dalğa sərhədd zonasında yerləşən kiçik Astara şəhərinə də yetişir.
Q. İbrahimi də insanlıq, qardaşlıq, bərabərlik, zülmkar təbəqənin olmadığı bir dünya yaratmaq uğrunda mübarizəsinə və siyasi fəaliyyətinə görə həbs edilərək zindana salınır. O bütün işgəncələrə mərdliklə sinə gərir, iradəsini qoruya bilir. Onun yeganə narahatlığı və təşvişi yalnız evində olan partiya sənədlərinin, gizli adlarla fəaliyyət göstərən partiya üzvlərinin onun evindəki sənədlər arasında öz dəsti-xətti ilə yazdığı ad və siyahılarının olması ilə bağlı idi.
Evindəki sənədlərin tapıldığı və incələndiyi təqdirdə daha 60-70 nəfər məsləkdaşı zindana düşə, bir sözlə, Astara təşkilatı aşkarlana bilərdi. Belə bir işin baş verməsindənsə, Qəni ölməyi daha üstün tutur. O intihat etmək fikrinə düşür. Otaqda olan neft lampasının fitil yerini açır, nefti tamailə üzərinə töküb özünü odlayır. Keşikçilər otağa daxil olub onu bürüyən alovu söndürməyə nail olurlar. Ağır yanıq xəsarəti alan Qənini faytonla şəhərdə olan yeganə xəstəxanaya çatdırırlar. Gözünü açdıqda xanımı Fatma Şirvanini və böyük oğlu Firudini başının üstündə görən Qəni dərhal “evi axtardılar?”, deyə soruşur. Xanımı cavab verir ki, “bəli, axtardılar, amma bir şey tapa bilmədilər, əlləri ətəklərindən uzun geri qayıtdılar. Çünki mən və Firudin məmurlar gəlməmişdən öncə evi yaxşıca axtarmışdıq.”
Elə bu zamanlardan başlayaraq Firudin Qəni oğlu İbrahiminin həyat yolu müəyyən olunur. O qarşıdakı həyatında Rza xanın çox sərt və şiddətli bir şəkildə həyata keçirdiyi kor millətçilik siyasəti və fars şovinizmi ilə rastlaşır. Azərbaycanlılara qarşı ayrı-seçkilik siyasətinin və milli zülmün, bir millətin məhvə doğru sürükləndiyinin canlı şahidi olur.
1941-ci ilin avqust-sentyabr aylarında Iranda Rza şah diktaturasının dağılması ilə xalqın müxtəlif təbəqələri ədalətsizliyə, milli zülmə qarşı mübarizəyə qalxdığı, ayaqlar altına atılmış və əzilmiş hüquqlarının bərpasını istədiyi, nəticədə mütərəqqi siyasi partiya və təşkilatlar fəaliyyət azadlığı, mitinqlər və nümayişlər keçirmək, mətbuat nəşr etmək kimi bir sıra demokratik azadlıqlar əldə etdiyi bir şəraitdə Tehran universitetinin hüquq fakültəsinə qəbul olan F.İbrahimi İran Xalq Partıyasının sıralarına qoşulur, 1943-cü ildən S.C.Pişəvərinin təsis etdiyi “Ajir” qəzeti ilə əməkdaşlığa başlayir, öz məqalələrində imperializmi və onun yerli əlaltılarını ifşa edir.
F.İbrahiminin günün ictimai-siyasi məsələlərinin təhlilinə həsr olunmuş çoxlu sayda məqalələri ardıcıl olaraq İXP-nin rəsmi orqanı “Rəhbər”, antifaşist “Mərdom”, Fəhlə və Zəhmətkeşlər Birliyi Mərkəzi Şurasının orqanı “Zəfər” qəzetlərində, Azərbaycanda çıxan “Xavəre nou” (Yeni Şərq) və “Azərbaycan” kimi mütərəqqi və demokratik mətbuat orqanları səhifələrində çap olunmuşdur.
F.İbrahimi də atasının yolunu gedərək öz ana dili ilə yanaşı fars, fransız və ərəb dillərini mükəmməl öyrənənir və bununla da hərtərəfli mütaliə imkanlarına malik olur. Azərbaycana və azərbaycanlılara qarşı ayrı-seçkilik siyasəti yeridən fars şovinistlərinə əsaslı və tutarlı cavablar hazırlamağı, Azərbaycan tarixini, azərbaycanlı milli varlığını, kimliyini, mədəniyyətini, milli-mənəvi dəyərlərini ən güclü silah kimi onlara qarşı istifadə etməyi qarşısına məqsəd qoyan F.İbrahimi çox böyük cidd-cəhdlə Həsən Pirniyanın qədim İran tarixinə aid əsərlərini, Justin Praşekin “Midiya və İran” kitabını, Julius Oppert, Hügo Vinkler kimi alimlərin region dövlətlərinin qədim tarixinə aid tədqiqatlarını dərindən mütaliə edir, məşhur şərqşünas alim akademik Bartoldun Azərbaycanın iki min ildən çox tarixə malik olduğu fikri ilə tanış olur, məşhur dilçi alim akademik Marrın “Azərbaycan” sözünün mənşəyi barədə mövqeyini öyrənir.
Eyni zamanda da ardıcıl mütaliə və tədqiqatlar aparan F.İbrahimi yalnız İranın qədim tarixi ilə deyil, eyni zamanda Yunanıstan, Roma, Suriya, Misir, Ərəbistan, Hindistan və bu kimi mühüm ölkələrinin tarix və mədəniyyətləri ilə də tanış olur, İrandakı madlar, əhəmənilər, əşkanilər və eyni zamanda Yunanıstandakı selevkilər kimi sülalələr barədə ilk mənbələr əsasında məlumatlar əldə edir, onları tutuşdurmaq, müqayisə etmək və bunlar arasında öz milli dəyərlərini, varlığını və kimiliyini dəqiq müəyyən etmək, onları oxucusuna təqdim etmək imkanı qazanır.
Firidun İbrahimi milli kimliyimizlə, milli varlığımızla bağlı xüsusiyyətləri qısa şüurlu ömrünün hər anında özü ilə daşıdı, nümunə kimi ortaya qoydu, digərlərinə aşılamağa çalışdı və nəhayətdə, bunları daşımaq məsuliyyətini gələcək zaman və nəsil üçün ən gözəl nümunə kimi yadigar qoyub getdi.
1945-ci ilin mayında Tehran universitetinin hüquq fakültəsini bitirdikdən sonra İran Xarici İşlər Nazirliyi və “Ettelaat” qəzeti tərəfindən ciddi şəkildə iş təklifi alan F.İbrahimi xalqına xidməti özünün əsas vəzifəsi hesab edərək bu təklifləri qəbul etməmiş və öz ana yurdu Azərbaycana qayıtmışdır. Onun ADF orqanı “Azərbaycan” qəzetindəki milli mədəniyyətimiz, tariximiz barədə məqalələri Azərbaycan xalqının milli qürur hissinin oyanmasında mühüm rol oynamışdır. O, özünün Azərbaycanla bağlı yuxarıda adını çəkdiyim iki şah əsərini – “Azərbaycan danışır…” və “Sülh uğrunda” adlı əsərlərini məhz “Azərbaycan” qəzeti vasitəsilə İranın və dünyanın bir çox xalqlarına təqdim etməklə daxildəki və xaricdəki düşmənlərimizə, fars şovinistlərinə, “sapı özümüzdən olan baltalara” dişsındırıcı cavab vermiş və gələcək nəsillərimiz üçün şərəfli qəhrəmanlıq tariximizi, milli kimliyimizi açıb göstərmişdir.
“Azərbaycan danışır…” kitabının müqəddiməsində bu toplunun tərtib olunması barədə əsl məqsədini şərh edən F.İbrahimi yazır: “Bu xatirələri yazmaqda ilk məqsədim budur ki, Tehran boşboğazlarını yerində oturdum. İkincisi, azadlıqsevər və iftixarlı millətimin hüququnu, tarixini və parlaq mədəniyyətini müdafiə etməklə göstərim ki, o kimdir, tarixi keçmişi nədir və ulu babaları kimlər olub və öz milli heysiyyətlərini qorumaq üçün hansı fədakarlıqları etmişlər? İstəyirəm ki, azad və demokratik bir cəmiyyətdə özünə aid yerini və mövqeyini əldə etmək üçün ayağa qalxmış Azərbaycan millətinin həqiqi kimliyini bütün dünyaya bildirəm”.
F.İbrahimi Azərbaycan Milli Hökuməti (AMH) tərkibində Baş prokuror kimi üzərinə qoyulmuş məsuliyyəti sona kimi layiqincə yerinə yetirdi. Hökumətin və Məclisin qəbul etdiyi bütün proqram, qanun və göstərişlərin hamısı, demək olar ki, F.İbrahiminin təfəkkür süzgəcindən keçdi, milli və şəxsi mənafelər nəzərə alınmaqla, bərabərlik və ədalət prinsipləri qorunmaqla qəbul və icra edildi. İcra üzərində tam dövlət nəzarəti bərqərar olundu, məmur özbaşınalığına, dərəbəyliyə son qoyuldu. AHM-in təşkilinə qədər isə “Azərbaycan “ qəzetində bütün hüquqi məsələlər F.İbrahimi tərəfindən şərh edilir, hər kəsin Konstitusiya haqqı sadə və anlaşıqlı bir dildə izah olunurdu.
F.İbrahimi nəinki təcrübəli bir yazıçı və məşhur hüquqşünas, eyni zamanda da kamil bir diplomat idi.
F.İbrahimi Paris Sülh Konfransına yola düşdüyü gündən qayıdana kimi oradakı fəaliyyətində, Azərbaycana göndərdiyi hesabatlarında, “Azərbaycan” qəzetində bu konfrans barədə “Sülh uğrunda” başığı altında çap etdirdiyi silsilə yazılarında da Azərbaycanı, onun xalqını, milli varlığını, qurduğu Milli Hökumətin islahatlarını, azərbaycançılıq ideyalarını özü üçün əsas fəaliyyət xətti kimi qəbul etmiş və son nəfəsinə kimi də bu prinsiplərə sadiq qalmışdır.
Paris Sülh konfransında İranın mətbuat nümayəndəsi sifətilə iştirak etmək üçün Tehrandan Parisə səfərini rəsmiləşdirən zaman İran Xarici İşlər Nazirliyində Təbriz polis idarəsində Azərbaycan dilində pasport aldığına görə Fransa vizası, eləcə də yolüstü keçib gedəcəyi Suriya, İordaniya, Livan, Fələstin və Misir kimi ölkələrin tranzit vizalarını almaq işində F.İbrahimi ciddi çətinliklərlə üzləşir. Belə ki, İran XİN-də “Azərbaycan dili rəsmi dil deyil” deyərək viza verməkdən imtina edirlər. Pasport idarəsinin rəisi cənab Ərdəşiri qarşıında danılmaz dəlil kimi Azərbaycan dilinin tanınması barədə İranın Qəvamüssəltnə hökumətinin Azərbaycan barədə 7 maddədən ibarət bəyannaməsinin 3-cü (ADF MK orqanı “Azərbaycan” qəzeti, 27 ordibeheşt 1325/17 may 1946) və 13 iyun 1946-cı ildə Təbriz şəhərində Azərbaycan Milli Hökuməti və Qəvamüssəltənə dövləti arasında arasında imzalanmış müqavilənin 12-ci (ADF MK orqanı “Azərbaycan” qəzeti, 26 xordad 1325/16 iyun 1946) maddəsini qoyan F.İbrahimi nəhayət göstərilən dövlətlərin səfirliklərinə notaların hazırlanıb göndərilməsinə nail olur və bu barədə nəticə olaraq yazır: “…orada da Azərbaycan dili öz mövcudiyyətindən müdafiə edib qalib çıxdı.”
7 avqust 1946-cı il tarixində yolüstü Misirin paytaxtı Qairəyə yaxın Helio Polis adlı yaşayış məntəqəsində müvəqqəti dayanan F.İbrahimi fürsətdən istifadə edərək Misir ehramlarını görməyə gedir. Orada cavan misirli ziyalılarla görüşüb söhbət edir, onlara AMH-in islahatları, Azərbaycan xalqının böyük hərəkatı, kəndlilər arasında yer bölgüsü məsələsi, universitet təsisi və xüsusilə Təbriz radiosunun təşkili barədə məlumat verir və bu xəbərlərin onları ciddi surətdə maraqlandırdığının şahidi olur. “Sülh uğrunda adlı qeydlərində də bu məsələyə işarə edərək yazır: “Xalqımızın azadlıq vədəsi verən nidası bütün Yaxın Şərq ölkələrini bürümüş və piramida ətəklərində öz vətəninin həqiqi azadlığını arzu edən misirli cavana mübarizə dərsi öyrətmişdir.”
Paris Sülh Konfransı barədə Firidun İbrahimidən ardıcıl, izahlı, doğru və düzgün məlumat alan S.C.Pişəvəri 3 sentyabr 1946-cı il tarixində ADF-nin təsis olunmasının bir illiyi münasibətilə Təbriz teatr salonunda təşkil olunmuş bayram mərasimindəki nitqində böyük bir fəxrlə deyir: “İndi Sülh Konfransında Yaxın Şərqdə yox, bəlkə Əlcəzair və Tunisdən gələn mətbuat nümayəndələri də bizim nümayəndələrə demişlər ki, onlar da bizim böyük işimizi alqışlayırlar.”
F.İbrahimi Parisdə Konfransa olduğu müddətdə Fransanın müstəmləkəsi olan ölkələrin istiqlaliyyət və azadlıq hərəkatı rəhbərləri və nümayəndələri ilə əlaqə yaradır, onlarla danışıqlar aparır, fikir mübadiləsi edir. O, bu danışıqlar barədə belə yazır: “… mən bir demokrat qəzet yazarının vasitəsi ilə Mərakeşin İstiqlal Partiyasının nümayəndə heyəti ilə tanış oldum. … biz bir saatdan çox söhbət etdik. Azərbaycan hərəkatı haqqında geniş məlumatları var idi. Amma təəccüb edirdilər ki, bir müsəlman milləti Ərəb Dövlətləri Liqasının köməkliyi olmadan necə öz azadlığını əldə etməyə müvəffəq olmuşdur. Ərəb Dövlətləri Liqası onların nəzərində böyük bir milli qüvvə kimi görünürdü və ona görə belə düşünürdülər ki, bütün müsəlman xalqlarının nicatı bu qüvvədən asılıdır. Mən Ərəb Dövlətləri Liqasının nə olduğunu və həqiqi mahiyyətini onlar üçün izah etdim və dedim ki, hər bir millət həqiqi azadlıq əldə etmək və öz müqəddəratına sahib durmaqdan ötrü fəqət bir qüvvəyə söykənməlidir. O da millətin birliyi və bu birlikdən əmələ gələn qüvvədir.”
13 iyun 1946-cı il tarixli Təbriz-Tehran müqaviləsinin şərtlərini pozan İran şahının qoşunları xəyanətgarcasına Azərbaycan üzərinə hücum çəkərkən Firidun İbrahimi ADF MK-nın binasında az bir dəstə və silahla onlarla üz-üzə dayandı, milli qürur və mənlik qərargahını son gülləsinə qədər vuruşaraq müdafiə etdi və əsir düşdü.
Zindanda qaldığı 6 ay ərzində atası Qəni kimi ağır işgəncələrə məruz qalan, bütün bu çətinliklərə dözən F.İbrahimi fəxrlə deyirdi: “Mən öz ömrümü Azərbaycan zəhmətkeşlərinin və bütün İranın azadlığı, səadəti yolunda sərf etmişəm. Bu zaman içərisində çalışdım ki, öz vəzifəmi şərəflə yerinə yetirim. Mən xalq mübarizəsinin şölələri içərisində tərbiyə olunmuşam. Bu üzdən də özümü xalqa xidmətdə borclu bilirəm və müqəddəs mübarizə yolunu tutduğum üçün fəxr edirəm”.
Satqın şah rejiminin təşkil etdiyi məhkəmədə özünü müdafiə edən F.İbrahimi demişdi: “… Gün gələcəkdir ki, bütün İran xalqını öz hüquqlarından məhrum edənlər, onların mədəniyyət və milli qürurlarını tapdalayanlar, öz ciblərini və kisələrini qızılla doldurmaq xatirinə zəhmətkeş insanları istismar edənlər xalq qarşısında törətdikləri xəyanət və cinayət əməllərinə görə cavab verməyə məcbur olacaqlar.”
F.İbrahimi 1947-ci ilin 23 may gününün səhəri saat 4-də Təbrizin Səttarxan xiyabanında, “Gülüstan” bağının qarşısındakı meydanda edam olundu. Kəndir boynuna salınmamışdan öncə cəlladların cəkic zərbəsi kimi fərqinə vardıqları uca səslə dedi:
“Yaşasın Azərbaycan! Yaşasın azadlıq! Məhv olsun istibdad! Yaşasın İran xalqlarının birliyi!”
Əslində onun ölüm ayağında söylədiyi bu sonuncu şüarı 21 Azər hərəkatının məğlubiyyət səbəbini şərh edən əsas səbəb və gələcəyin fəaliyyət proqramı idi. Belə ki, bu şüar 1947-ci ilin fevralında Bakıda Azərbaycan KP MK-da Bağırov ilə görüşü zamanı ADF sədri S.C.Pişəvərinin 1945-1946-cı illər demokratik hərəkatın məğlubiyyət səbəbi barədə söylədiyi fikirlə üst-üstə düşürdü. Onda Pişəvəri demişdi: “21 Azər hərəkatının əsas səhvi və məğlubiyyət səbəbi Azərbaycan demokratlarının lazım olan səviyyədə İranla Azərbaycanın və iranlılarla azərbaycanlıların ayrılmaz və sarsılmaz birliyinə arxalanmamsı ilə bağlı idi”. F.İbrahimi bu görüşdən tam xəbərsiz idi, amma o da Pişəvəri kimi düşünürdü, həqiqətləri olduğu kimi ortaya qoyurdu.
Ruhu şad olsun. Çıxışımı Azərbaycanın azadlığı, milli və demokratik hüquqları uğrunda mübarizə aparıb şəhid olmuş Ş.M.Xiyabaninin məşhur kəlamları ilə bitirmək istəyirəm:
“Ey ölməz Azərbaycan, başını uca tut, yaşa və əbədi var ol!”
Diqqətinizə görə təşəkkür edirəm.
Səməd Bayramzadə,
Bakı, 24 noyabr 2018-ci il