Lütfəli müəllim tariximizin ən parlaq səhifələrindən olan 21 Azər hərəkatının araşdırılması və təqdim olunması işində fəaliyyəti, elmi məqalələri də diqqətəlayiqdir. O uzun illər zəhmət çəkdi, əmək sərf etdi, çalışdı və nəhayətdə axtarışlarının nəticəsi olaraq “Fədailər Azərbaycan xalqının 21 Azər nehzətində” adlı tədqiqat əsərini yazıb çap etdirdi. Lütfəli Fələki sözügedən əsərində Azərbaycan xalqının ana yurduna ürəkdən bağlılığını, onun yüksək mədəniyyətə malik olmasını, vətənin istiqlalı və ərazi bütövlüyünün əldə edilməsi və qorunması uğrunda mübarizəsini çox sadə bir dildə, danılmaz faktlar və məntiqi təhlillər əsasında təqdim etmişdir. Kitabda Azərbaycan xalqının son 100 ildə yüksək amallar uğrunda dəfələrlə silahlanaraq ayağa qalxması və bu amallara yetişmək yolunda apardığı milli mübarizənin məntiqi zirvəsi olan Cənubi Azərbaycandakı 1945-1946-cı illər 21 Azər hərəkatının məram və məqsədləri, baş verən hadisələr, xüsusilə Milli Hökumətin hərəkatın əsas silahlı qüvvəsi olan və bu hərəkatı qələbəyə çatdıran fədai dəstələri və milli qoşun növlərinin yaradılması yolunda həyata keçirdiyi tədbir və islahatlar öz parlaq əksini tapmışdır.
Fədailər əsasən zəhmətkeş kəndlilərin, şəhərlərdə muzdla işləyənlərin, fəhlə və xırda sahibkarların sıralarından çixmış döyüşçülər olmuşlar. ADF-nin rəhbərliyi altında onlar səngərlərdə, döyüş meydanlarına şah əlaltılarına, istibdad qüvvələrinə və zülmkar feodallara qarşı xalqın azadlığı və səadəti uğrunda
mərdliklə vuruşmuş və çoxsaylı şəhidlər vermişlər. Şah qoşunları Azərbaycana girdikdən sonra isə fədailər təqiblərə, həbs və sürgünlərə, hər cür işgəncəyə məruz qaldılar. Bir çoxları edam olundular.
Şəhid fədailər öz qanları ilə tariximizin ən parlaq və iftixarlı səhifələrini yazdılar, gələcək nəsillər üçün unudulmaz qəhrəmanlıq nümunələrini yadigar qoyub getdilər.
Bu gün xatirəsini fəxrlə və qürurla yad etdiyimiz Ərdəbilli Lütfəli Fələki azadlıq yolunun fədaisi olmaqla bərabər 21 Azər hərəkatı fədailərinin də fədaisi oldu. Onların qəhrəmanlıq salnaməsini bizə və gələcək nəsillərə yadigar qoyub getdi. 21 Azər hərəkatında fədailərin təşkilatlanması, Azərbaycan millətinin doğal haqqı uğrunda əzmkar mübarizəsini, göstərdiyi şücaət və qəhrəmanlıqları dəqiq tarixi faktlar və inkaredilməz mənbələr əsasında çox məntiqi ardıcıllıqla işləyib ortaya qoydu, bu yolda heç kimdən və heç nədən umacağı olmadı, Vətəninə millətinə təmənnasız xidmət etdi. Azərbaycan millətinin müstəqillik əldə edəcəyinə, ərazi bütövlüyünü təmin edib qoruyacağına bir an belə şübhə etmədi, bu yolda bütün gücünü və bacarığını öz ziyasının süzgəcindən keçirərək xərclədi.
XX əsrin 90-cı illərində Azərbaycanın şimalındakı müstəqillik hərəkatını diqqətlə izlədi, xalqla birlikdə günlərlə meydanlarda oldu, 1990-cı ilin 19 yanvardan 20-nə keçən gecə o da xalqın sadə bir nümayəndəsi kimi azadlıq aşiqlərinin sırasında idi, Bakıda Prezident Aparatı qarşısındakı izdihamın içərisində idi, hadisələrin gedişini əvvəldən axıra kimi izlədi, o da rus qoşunlarının Azərbaycana girməsinə, azadlıq, müstəqillik və suverenlik ideyalarının boğulmasına qarşı idi. Bu yolda o da şəhid olmağa hazır idi. O birmənalı olaraq inanırdı ki, Azərbaycanın şimalındakı bu azadlıq hərəkatı, burada qazanılacaq müstəqillik və suveren hüquqlar cənubdakı soydaşlarımızın azadlıq və müstəqillik uğrunda hərəkatlarına güclü təkan verəcək, onların milli şüurunda bir dönüş yaradacaqdır. Həqiqətdə də, o öz istək və arzularında, müşahidələrində yanılmırdı.
Mübarizə davam etməkdədir, 21 Azər fədailərinin və onların ardıcıllarının İrandakı azərbaycanlıların suveren haqq və hüquqları uğrunda mübarizəsi davam etməkdə və genişlənməkdədir.
Fədailərin fədaisi olmuş Ərdəbilli Lütfəli Fələkinin də uğrunda mübarizə apardığı və arzu etdiyi gün gələcəkdir.
28 aprel 2018