“Ata” poema-eposunun təqdimat-müzakirə tədbiri
Fevral ayının 19-da Azərbaycan Yazıçılar Birliyində “Şöhrət” ordenli xalq şairi Söhrab Tahir Azər-Azərin “Ata” poema-eposunun təqdimat-müzakirə tədbiri keçirildi.
Tədbiri giriş sözü ilə xalq şairi, Azərbaycan YB-nin birinci katibi Fikrət Qoca açdı. Daha sonra Azərbaycan YB-nin katibi, xaıq yazıçısı Çingiz Abdullayev, Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlı, DAMM İB-nin I vitse-prezidenti, İctimai Nəzarət Koalisiyası İH-nin sədri Rasim Məmmədov, “Şur” Nəşriyyatının direktoru Musa Ələkbərli, görkəmli tarzən, Azərbaycanın xalq artisti Ramiz Quliyev, Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin müdiri Sayman Aruz, Söhrab Tahirin qizi, Azərbaycan YB-nin üzvü, yazıçı-publisist Nəsibə Tahir Anadil, Mikayıl Müşfiq və “Qızıl qələm” mükafatları laureatı, Azərbaycan YB-nin üzvü, şair Oqtay Rza Söhrab Tahir Azər-Azərin “Ata” poema-eposunun yaranma tarixindən, əsərin Azərbaycan ədəbiyyatındakı rolundan, şairin ədəbi,ictimai-siyasi fəaliyyətindən danışdılar.
Qeyd edildi ki. “Ata” poema eposu Azərbaycanın tarixi-multikultural dəyərlərinin poetik ensiklopediyasına daxil edilmişdir. Tədbirdə S. Tahirin oğlu Tahir Tahirinin tədbir təşkilatçılarına və iştirakçılarına təşəkkür məktubunu oxudu.
Tədbirə dəvət edilən qonaqlar, şairin ata ocağı kimi tanınan, məfkurəsinin, amalının, taleyinin təməl daşı Azərbaycan Demokrat Firqəsinin sələfi – İranlı Mühacirlər Cəmiyyəti İctimai Birliyinin sədri, respublikanın Əməkdar jurnalisti Rəhim Hüseynzadə, , İranlı Mühacirlər Cəmiyyəti İB sədrinin müavini Murtuza Nizamoğlu, İranlı Mühacirlər Ədəbi Birliyin sədri, “Dədə Qorqud” Beynəlxalq mükafatı laureatı Tariyel Ümid, İranlı Mühacirlər Cəmiyyəti İB fəal üzvləri, fədai övladları hüquqşünas Nasir Məmmədov, Rəşid Şeybani, Azərbaycan Yazıçılar Birliyinin üzvü Tahir Talıblı, Söhrab Tahirin bu taydakı dayısı prof.İsrafil Səttarzadənin oğlu, şair Nazim Səttarzadə, və başqaları iştirak etdilər.
Azərbaycan ədəbiyyatında ən iri həcmli poetik əsər hesab edilən “Ata” poema-eposu ən qədim şeir forması–qoşma şəklində yazılaraq ümumilikdə 2048 səhifə təşkil edir. Epos VI giriş, XIII bölmə, bölmələr isə ümumilikdə 46 qapını, qapılar 296 söylənci özündə cəmləşdirir.
Poema-eposda on min il əvvəl Yaxın, Orta, Uzaq Şərq genişliklərində yaşayıb yaradan, dəyişib varlığını və ləyaqətini isbat edən türkdilli qəbilə, tayfa və xalqların, xüsusilə Azərbaycan xalqının eramızın əvvəllərinə qədərki həyat və məişətinin bədii-tarixi təsvir edilmişdir. “Ata” xalq danışıq dilində yazıldığı üçün burada demək olar ki, xarici sözlər işlənmir. Əsər Azərbaycan, Orta Asiya, Türkiyə, Rusiya, İran, Ərəb və bir sıra Avropa ölkələri alimlərinin tarixi sənədləri və tarixi fikirlərinə əsaslanmışdır.
Tədbir iştirakçıları əsərin ədəbiyyatşünaslar, türkoloqlar tərəfindən dərindən öyrənilərək tədqiq olunmasının zəruriliyini vurğuladılar.