Maarifləndirici tədbirlərdə ölkəmizə mühacirətin mərhələləri, spesifik cəhətləri öyrəniləcək
“İranlı Muhacirlər Cəmiyyəti” İctimai Birliyi iyulun 20 –də yeni layihənin icrasina start verib. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə keçirilən layihə bu ilin 4 ayını əhatə edəcək layihə “Azərbaycan Respublikasına olan mühacirətin mərhələləri, ölkədə mühacirlərlə iş sahəsində tendensiya və xüsusiyyətlərin öyrənilməsi mövzusunda maarifləndirici tədbirlərin keçirilməsi” adlanır.
İMC-nin sədri Firidun İbrahimi bildirib ki, mühacir, muhacirət müasir dünyamızın aktual məsələlərindəndir. Araşdırmaları, monitorinqlər alim və tədqiqatçılarımızın, mediamızın Azərbaycandan xarici dövlətlərə mühacirət mövzusuna Azərbaycana mühacirətə nisbətən daha çox müraciət etdiklərini göstərir. Təkcə ötən əsrdə ölkəmizə İrandan 7 kütləvi mühacirət olmasına baxmayaraq bu sahədəki ictimai bilgisizliyə, məlumatın bəsitliyinə heç cürə haqq qazandırmaq mümkün deyil. Respublikanın əməkdar jurnalisti Rəhim Hüseynzadənin rəhbəri olduğu layihə maarifləndirici tədbirlər vasitəsilə bu durumun aradan qaldırılmasını qarşıya məqsəd qoyub.
F. İbrahimi əlavə edib ki, həmin mühacirlərin tam əksəriyyəti azərbaycanlılar olduğundan digər ölkələrdə yaşayan soydaşlarımızın vəziyyəti ilə müqayisələr aparmaq, Qubada, Qazaxda, Tərtərdə və Bakıda keçirəcəyimiz “dəyirmi masa”larda iştirakçıların fikirlərini, rəylərini dinləmək imkanları yaranacaq. Ancaq fakt budur ki, 72 yaşlı təşkilatımız mühacirətin dünyəvi Azərbaycan modelidir. Tədbirlərdə bu barədə iftixar hissi ilə danışılacaq, elm, təhsil, səhiyyə, mədəniyyət və quruculuq işlərində fərqlənən mühacirlərə, onların övladlarına diplomlar təqdim ediləcəkdir.