آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

Adı tarixin və ədəbiyyatın qızıl səhifəsinə həkk olunmuş Firudin İbrahimi

Dr.Pərvanə Məmmədli

Mirzə İbrahimovun “Gələcək gün” romanının qəhrəmanı Firudin İbrahimi, Güney Azərbaycan Milli Hökümətinin qurucularından biri və baş prokuroru olub. Çox az ömür sürüb. Firidun İbrahiminin 1947-cı ildə mənfur şah rejimi tərəfindən 28 yaşında edam olunub – dar ağacından asılıb.

Mirzə İbrahimovdan sonra Həbib Sahir, Fəthi Xoşginabi, Balaş Azəroğlu, Mədinə Gülgün, Söhrab Tahir, Xəlil Rza Arif Səfa, Tariyel Ümid əsərlərində onun poetik obrazını yaradıblar.

Dolaşarkən şimal yeli,

Yurdun qızıl bayrağında,

Ellər ilə od yandırdın.

Babəkilər ocağında.

Lakin əfsus, son ışıq tək,

Söndün həyat çırağında.

Bu misralar tanınmış Güney Azərbaycan şairi Həbib Sahirindir. “Namurad Firudin İbrahimiyə” adlı bu şeirin altı sətrinin hər misrasında bir tarix yatır, vətənsevər və şərəfli bir mübarizin həyat yolları işıqlandırılır. O Firudin İbrahiminin ki, Cənubi Azərbaycanda milli demokratik hərəkatın rəhbərlərindən biri olmuşdu. 1945-ci il dekabrın 12-də Seyid Cəfər Pişəvəri Nazirlər Kabinetini formalaşdıranda Firidun İbrahimini Azərbaycan Milli Hökumətinə baş prokuror təyin etmişdi.

İranda qədim tariximizə aid ana dilimizdə ilk əsəri yazmaq Firidin İbrahiminin boynuna düşür. F. İbrahimi hələ çox gənc yaşlarından mütaliyə etməyi çox sevirdi.Özəlliklə də xalqının keçmiş tarixi, mədəniyyəti ilə bağlı məsələlələrlə bağlı çox maraqlanardı.Elə bu həvəs,maraq onu sonralar bir jurnalist və tarixçi kimi yetişməsinə zəmin yaratdı. Tehran Unversitetinin hüquq fakültəsini bitirən Firidun İbrahiminin gözəl qələmi və jurnalistlik təcrübəsi də vardı. Hələ tələbəlik illərində yazdığı məqalələrini “Rəhbər”, “Mərdom”, “Ettelaat”, “Ajir”, “Zəfər”, “Siyasət”, “Azərbaycan” qəzetlərində çap etdirirdi. Hətta Təbrizdə İran Xalq Partiyasının orqanı “Xavəre Nov” qəzetinə redaktorluq da etmişdi.

Azərbaycan tarixi kitabının yazılmasında fəal iştirak edən F.İbrahimi Zеynalabidin Qiyamiylə birlikdə mövzuya aid materiallar toplayırdı.Çox təqdirəlayiqdir ki,F.İbrahimi həmişə marağında olduğu və böyük məsuliyyətlə yanaşdığı işi – “Azərbaycan tarixi” kitabını yazıb ərsəyə gətirdi.

O illərdə həm də Təbrizin tarixi və coğrafiyası haqqında 100 il əvvəl Nadir Mirzənin fars dilində yazmış olduğu məşhur əsəri və bu kimi tarixi əhəmiyyətli kitablar da tərcüməyə cəlb olunmuşdu.

F.İbrahiminin bu kitabına gəldikdə isə bizlər öncə onun şərəfli adını, soyadını daşıyan, prokrorluq orqanlarında 37 il qüsursuz işləyib təqaüdə çıxmış, Azərbaycan Respublikasının prokurorluq orqanlarının fəxri əməkdaşı adına layiq görülmüş Firidun Ənuşirəvan oğlu İbrahimiyə minnətdarıq. O, 70 il arxivlərdə yatan, 1946-cı ildə Təbrizdə buraxılan kitaba bir növ əsirlikdən qurtarıb Azərbaycan oxucusuna təqdimatının təşəbbüskarı olub.

F.İbrahimi Milli hökuməti çökdürmək istəyən terrorçu qruplaşmalara qarşı mübarizə aparan sonralar Həbib Sahirin in ona həsr etdiyi şeirində yazdığı kimi Babəkilər ocağında, ellər ilə od yandırıbr.. “Babək” adlı könüllü dəstələrin təşkilatçısı olur.

Artıq uzun illərdir Babəkin anadan olduğu tarixdə – iyulun ayının ilk günləri Güney Azərbaycan Milli Hərəkatı Kəleybər yaxınlığında yerləşən Bəzz qalasına yürüş həyata keçirir.

Milli fəallar Azərbaycanın xalq qəhrəmanı Babək Xürrəminin və onun ərəb işğalçıları ilə mübarizə aparan qəhrəman silahdaşlarını yad edir, milli kültürəl tədbir keçirirlər. Firidun İbrahiminin təşkilatçılığı ilə əsası qoyulan “Babək” adlı könüllü dəstələrinin bu günki davamçıları Bəzz qalasına yürüş aksiyası keçirirlər.Bu hərəkat Azərbaycanın görkəmli ziyalıları professorlar Məhəmmədtağı Zehtabi və Həsən Dəmirci nin təşəbbüsü ilə, ötən əsrin 90-cı illərində başlanıb. 2000-ci illərdə Bəzz qalası yürüşləri daha izdihamlı keçirilirdi.

Bəzz qalasına yürüş aksiyası bu gün də aktualdır. Hər il milli fəallar qalaya toplaşır, milli şüarlar səsləndirir, Azərbaycan xalq mahnılarına qulaq asırlar.

Firidun İbrahimininin fəaliyyəti İranla məhdudlaşmır. 1946-cı ildə Parisdə keçirilən Sülh Konfransında iştirak edir.

ADF yaradıldıqdan iki gün sonra Təbrizdə ana dilində “Azərbaycan” qəzeti nəşrə başlamışdı. Qəzetin yubanmadan nəşri məsələsini S.C.Pişəvəri ortalığa gətirmiş və az müddətdə qəzet öz ətrafına Həmzə Fəti Xoşginabi, İsmayıl Şəms, Firidun İbrahimi, Məhəmməd Biriya, Əli Fitrət, Yəhya Şeyda, Balaş Azər oğlu və s. gənc jurnalistləri, yazıçı və şairləri toplaya bilmişdi. 1946-cı ilin dekabrında xarici güclərin yardımı ilə şah rejiminin əskəri birlikləri Azərbaycanın üzərinə yürüş edir. Azərbaycan Milli Hökumətinin rəhbərlərivə Azərbaycan Demokrat Firqəsinin fəallarının bir qismini Sovet hökuməti Sovet Azərbaycanına keçəndə F. İbrahimi Təbrizdə qalmağı seçir. Firidun İbrahimi bir həftədən çox Milli Hökümətin dövlət binasını silahdaşları ilə bir yerdə olub onu qorumağa çalışırlar. Təbriz qan içində boğulanda Firidun İbrahimini və məsləkdaşlarının bir çoxu həbs edirlər. Uzun sürən işgəncəli istintaqdan sonra 1947-ci il mayın 22-sinde Firidun İbrahimi, özü kimi başqa mərd vətən oğulları ilə bərabər Təbriz şəhərinin “Gülüstan” bağı”nda edam edilir.

Həbib Sahirin yazdığı kimi Güney Azərbaycanda, Təbrizdə “Babəkilər ocağında, məktəblərdə ana dilin oxutduran ustad olmasa da” onun özündən sonra izi, qəhrəmanlıq xatirəsi qaldı:

Nə ellərin məktəbində

Kitabını açan oldu,

Nə yazdığın qızıl yazı

Rəvac tapıb dastan oldu.

Lakin sanma bu əsrdə

Hər şey bitib nisyan oldu

Firidun İbrahim edam edilsə də, onu sevən xalqın qəlbində yaşadı və ədəbi qəhramana çevrilib. Mirzə İbrahimov “Gələcək gün”, Xəlil Rza “Hara gedir bu dünya?…” Həbib Sahir” Namurad Firudin İbrahimiyə”, Mədinə Gülgün “Firidun”, Fəthi Xoşginabi, Balaş Azəroğlu və başqaları əsərlərində onun obrazını yaradıb.

M.İbrahimovun yaradıcılığında mühüm mərhələ təşkil edən “Gələcək gün” romanında Cənubi Azərbaycanda baş verən azadlıq hərəkatı bədii boyalarla göstərilir. Güney Azərbaycanı yaxından tanıması, xalqın həyatına dərindən bələdliyi M.İbrahimova bu həyatı təsvir etmək imkanı yaradıb. Bu ona xalqın milli azadlıq hərəkatının baş qəhrəmanlarından biri kimi təsvir etdiyi obrazların prototipini canlı həyatdan götürmək şansını da verib. Romanda ikinci dünya müharibəsindən əvvəl və müharibə illərində İranda, Güney Azərbaycanda baş verən ictimai-siyasi proseslərdən, Pişəvəri hərəkatından, sovet ordusunun 41-ci ildə İrana girməsindən bəhs edilir.

Baş qəhrəman Firudinin prototipi 40-cı illərdə Güney Azərbaycanda milli demokratik hərəkatın rəhbərlərindən biri alovlu vətənpərvər, prokuror Firudin İbrahimidir. Əsərdə belə bir epizod var; Firudin hakim rejimin məmuru Hikmət İsfahani ilə mübahisəsindən sonra həbs olunur. Sonra isə həbsdən qaçaraq Tehrana gəlir və “istibdad rejimi” əleyhinə mübarizə aparmaq üçün təşkilatlanmaqda olan bir qrupa qoşulur. Və hadisələrin mübarizə və faciə dolu axarı bundan sonra başlayır. “Gələcək gün” romanı güclü bədii ümumiləşdirmələrinə, real həyatda baş verən hadisələrlə birbaşa səsləşdiyinə görə, bu mövzuda yazılmış digər əsərlərdən fərqlənir. Romanda xalqın azadlığı uğrunda mübarizə aparan Firudin İbrahimin və onun ailəsinin faciəsi inandırıcı bədii lövhələrlə təsvir olunur.

Başqa bir müəllifin xalq şairi Xəlil Rzanın Cənubi Azərbaycanın dərdlərindən xəbər verən “Hara gedir bu dünya” poemasında Firudin İbrahiminin qəhrəman obrazı ilə rastlaşırıq. Tarixlər boyu “Hara gedir bu dünya?…” problemi bir çox xalqların sənətkarlarını düşündürdüyü kimi X.Rzanı da narahat etmişdir. Bu əsər Azərbaycanı ikiyə bölən, onun Şimalını bir, Cənubunu başqa imperiyanın caynağına verən, Azərbaycan xalqını əslindən, kökündən, tarixindən, qədim ənənələrindən, mənəviyyatından ayırmaq üçün bütün vasitələrə əl atan qüvvələrə qarşı çevrilmişdir.

Əsərin “Qalx ayağa Vətənim!” bölməsində böyük məslək və əqidə sahibi, Cənubi Azərbaycanın ilk demokratik hökumət qurumunun baş prokuroru, məhbus Firudin İbrahiminin tərtəmiz kostyum geyib, qalstuk bağlayıb edam olunacağı vaxtı gözləməsindən söz açılır. Ölüm qabağı Firudinin:

Mənim eşqim, məsləkim günəş qədər təmizkən,

De, nə üçün ölümə miskin getməliyəm mən?

deməsi onun əqidəsinin paklığını göstərir.

Əsərin sonunda müəllif Firudin İbrahiminin nəfəsindən, canından, iliyindən, qanından çıxmayan “dosta dayaq, düşmənə, yada qənim” olan:

Qalx ayağa, Vətənim!”

Qalx ayağa, Vətənim!”

sözlərini bir daha xatırladır.

Firudin İbrahimi özündən sonra gələcək nəsillərə bir qəhrəmanlıqla dolu bir iz,xatirə qoya bildi və yaddaşlara həkk olundu.

Yazılma tarixi 2017

Facebook
Telegram
Twitter
Email