آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

12 Şəhrivər bəyannaməsinə daha bir baxış

12 Şəhrivər bəyannaməsinə daha bir baxış

12 Şəhrivər bəyannaməsi bu mühüm tarixi sənədin nəşrindən 75 il keçmişdir. Bəyannamə 1324 şəmsi ili şəhrivər ayının 12-sində nəşr olunub. Bununla, bu bəyannamə Azərbaycan Demokrat Firqəsinin əsasını qoyub Azərbaycan xalqını öz azadlığı və hüquqları ilə tanış etdi. Bu bəyannamə (müraciətnamə) birinci siyasi və hüquqi sənəddir ki, orada işlədilən kəlmələr çox diqqət və düşüncə ilə seçilib, iki dildə – fars və azərbaycan türkçəsi- eyni vaxtda nəşr olunub. Həmişəyaşar sənəd bütün İrana və xüsusilə İranda yaşayan başqa millətlərin ictimai və siyasi fəallarına çatdırılmalı idi. Lakin, irticanın və istibdadın təbliğatı, pozucu işlərinə görə bu sənədin ölkənin başqa bölgələrdə nəşr və yayılması mümkün olmadı.

      Azərbaycan Rza şah dövründə ağır günlər keçirmişdir. Rza şahın birdillilik, bir millətlilik, bir mədəniyyətlilik siyasəti Azərbaycanda siyasi, iqtisadi və psixoloji geriliyə səbəb olmuşdur.  Siyasi şəxslər bir küncə çəkilib, öz nifrətlərini içlərində saxlayıb münbit şərait olmasını gözləyirdilər.

Rza şahın səltənətdən getməsi və sürgün edilməsi xalqda şadlıq, sevinc və gələcəyə ümid yaratdı, belə ki, Azərbaycanda mövcud olan siyasi və iqtisadi gerilik tez bir zamanda aradan götürüldü. Xalq uğrunda çox mübarizələr aparılan məşrutə inqilabının irəli sürdüyü məsələləri yerinə yetirmək istəyirdi. Siyasi, ictimai və mədəniyyət fəalları sürətlə işə başladılar. Təbrizdə “Yazıçılar İttifaqı”, “Mədəniyyət İşçiləri Birliyi” yaradıldı.

Uzun illər zindanda həbs edilən Pişəvəri azadlığa çıxdıqdan sonra Tehranda “Ajir” qəzetini nəşr elədi. Pişəvəri o zamankı siyasi vəziyyəti təhlil edərək öz iti dili və qələmi ilə bütün zəhmətkeşlərin, xüsusilə də Tehranın ucqar yerlərində (Yaftabad, Türkabad, Naziabad və s.) bir tikə çörək üçün çalışan Azərbaycanlı fəhlələrin çətin yaşayışından yazırdı. Pişəvərənin yazdıqları Tehrana hakim olan mürtəcelərin xoşuna gəlmədi. Onlar var qüvvələri ilə Tehranda və Azərbaycanda bu yazıların nəşr olunmasına və yayılmasına mane olurdular. Mürtəce hakimlər və 13-cü məclis gizli və aşkar şəkildə Amerika və İngilis nümayəndələri ilə əl-ələ verib iqtisadi böhrandan çıxmaq üçün yollar axtarırdılar. Doktor Milispun (müstəşar) maliyyə işləri ilə məşğul olması üçün mərkəzi idarəyə təyin edildi. Amerika müstəşarları (məsləhətçiləri) hərbdə, jandarmada, polis idarələrində işə başladılar. Bununla yanaşı böyük neft şirkətləri ilə də gizli sürətdə danışıqlar aparırdılar. İqtisadi vəziyyət çox pis və ağır idi. Təbriz yaxın zamanlaradək ölkənin buğda və bütün qida məhsullarının mərkəzi sayılırdı, indi isə qıtlıq və aclıq çəkirdi. “Fəryad” qəzetinin “Təbriz şəhərinin mənzərəsi” məqaləsində şəhər belə təsvir olunurdu: “Təbriz sənətkarlıq, mənəviyyat, azadlıq və vətənsevərlikdə tovuz quşu kimi nəqşi-nigar (güllü-naxışlı) idi. İndi qolu-qanadı sınmış, quyruğu və kəkili yolunmuş bir quş kimi bütün gözəlliklərindən məhrum olmuşdur.” (Fəryad № 4, 21 Azər, 1321 şəmsi). Beləliklə, bu şəraitdə xalqın ayağa qalxması və bu böhranlı şəraitdən çıxması üçün ictimai fəalların, fəhlələrin və ziyalıların vəzifəsi idi ki, bir çarə tapsınlar. O zaman baş nazir Soheyli tərəfindən 14-cü məclisin seçkilərinin (1322 şəmsi, Xordad ayında) başlanması əmri verildi. Amma hələ komendant saatı var idi. Bununla onlar həqiqi nümayəndələrin məclisə yol tapmaqlarına mane olurdular. Azərbaycan, xüsusilə Təbriz, daha çox diqqət mərkəzində idi. Seçkilərdən əvvəl general-mayor Müqəddəm, Azərbaycanın valisi, bir sıra böyük torpaq sahiblərini, və azadlıqsevərlərin düşməni olan bir sıra şəxsləri nəzarət şurasına toplayıb, onlara tapşırıqlar verdi. Belə ki, onlara seçkilər qurtarandan sonra tez bir zamanda rəy qutularını yığıb “işlərini” bitirmələrini dedi. Buna baxmayaraq, Seyid Cəfər Pişəvəri və Hacı Rəhim Xoyi rəylərin əksəriyyətini toplayıb başqa nümayəndələr ilə birlikdə məclisə yola düşdülər. Pişəvəri və Rəhim Xoyinin seçilməsi irticanı dəhşətə gətirdi və onların əleyhinə işlər başlandı. Əvvəl Təbrizdəki seçkiləri sual altına alıb, şübhə etdilər. Nəhayət, böyük hiyləgərliklər ilə Pişəvərinin və Xoyinin etibarnaməsini rədd etdilər. Onlar Pişəvərinin iti dilindən qorxurdular. Pişəvərinin etibarnaməsi rədd edildikdən sonra öz qəzetinə qayıtdı və Azərbaycanla əlaqəsini daha da genişləndirdi. O, Azərbaycanın müxtəlif şəhərlərinə, xüsusilə kəndlərə, gedib onların dözülməz güzəranları ilə tanış olurdu.

Bu görüşlər nəticəsində Təbrizin ictimai və siyasi fəalları Pişəvərinin Təbrizdə qalmasını xahiş etdilər. Beləliklə, 1324 şəmsi Şəhrivərdə, “Ajir” qəzetini yaxın yoldaşlarına tapşırıb Təbrizə getdi. İlk fürsətdə, Mirzə Əli Şəbüstəri və başqa yoldaşlar ilə birlikdə “Azadlıq Cəbhəsi” birliyini təşkil etdi. İctimai və siyasi fəallar arasında danışıqlar və müzakirələr davam edirdi. Bu arada Şəbüstəri “Azərbaycan qəzeti”nin ixtiyarını Pişəvəriyə verdi. Pişəvəri Azərbaycanın ağır və partlayış dərəcəsinə gəlmiş iqtisadi vəziyyətini nəzərə alaraq tənqidi məqalələr yazırdı. Eyni zamanda mühüm tarixi sənəd olan “12 Şəhrivər bəyannaməsi”ni türk və fars dillərində hazırlayıb özünün mübariz yoldaşlarının və dostlarının bəyannamə haqqında fikirlərini öyrənmək istəmişdir. “12 Şəhrivar bəyannaməsi”nin sonuncu variantı 48 nəfərin – Təbrizin baş bilənləri o cümlədən, Sadiq Padeqan (Hizbi Tude İranın əyalət komitəsinin başçısı), – imzası ilə dərc olundu. Bu bəyannamə dərc olunduqdan sonra Azərbaycanın müxtəlif yerlərindən – şəhərlərindən və kəndlərindən çoxlu teleqraflar gəldi. Bəyannaməni sevə-sevə qəbul edirdilər. Nəticədə Pişəvəri və yoldaşları bir siyasi təşkilatın yaranmasının zəruri olduğunu lazım bilib öz fəaliyyətlərinə başladılar.

Bəyannamə bir müqəddimə və 12 maddədən təşkil olunmuşdu. Müqəddimədə deyilir: “İran ayrı-ayrı millət və tayfaların məskənidir. Bu millətlər və tayfalar nə qədər azad yaşasalar, bir o qədər onların aralarında birlik olar. Millətlərin həqiqi birliyi o zaman yaranar ki, onlar öz şəxsi azadlıqlarını qoruyaraq inkişaf edə bilsinlər. Bütün millətlər arasında bərabərlik olmalıdır”. Azərbaycan deyir: “Tehran bizim dərdlərimizə yetişmir. Bizim ehtiyaclarımızı dərk edə bilmir. Biz öz evimizin sahibi olub, onu öz səliqəmiz ilə qurmağa haqqımız var.”

Azərbaycan Demokrat Firqəsi bu ehtiyacdan yaranır və “12 Şəhrivər bəyannaməsi”ndə ixtisar şəkildə belə yazır:

/ Azərbaycan öz müstəqilliyini, bütövlüyünü qorumaqla öz taleyini özü həll edəcək.

/ Əyalət və vilayət əncümənləri (assosiasiyaları) seçilib, mədəniyyət, səhiyyə və iqtisadi sahələr üzrə olan işlərə və məmurların işlərinə nəzarət ediləcək.

/ Azərbaycan məktəblərində tədris üçüncü sinifə qədər Azərbaycan dilində sonra hər iki (Türk və Fars dillərində) dildə aparılacaqdır. Azərbaycanda universitetin təşkil edilməsi firqənin əsas məqsədlərindən biridir.

/ Firqə sənayenin, fabriklərin, əl sənətinin inkişafı və işsizliyin aradan qaldırılması üçün ciddi çalışacaqdır.

/ Firqə ticarəti genişləndirmək, əkinçilərin məhsullarını daxili bazara çatdırmaq və ixrac etmək üçün tranzit yollarını düzəltməyə çalışacaqdır.

/ Firqə xalqın köməyindən istifadə edərək şəhərlərin abadlığına və ilk növbədə Təbrizi su ilə təmin edəcək.

/ Firqə kəndli hərəkatını nəzərə alaraq elə işlər aparacaq ki, həm kəndli razı qalsın, həm də malik öz gələcəyindən əmin olsun.

/ Xalisə yerlər – Azərbaycanı tərk edib gedən ərbabların torpaqları – qeyd-şərtsiz kəndlilər arasında bölüşdürüləcək.

/ İşsizlik ilə mübarizə etmək üçün ticarət genişləndiriləcək, fabriklər və kənd təsərrüfatı müəssisələri yaradılacaq, dəmiryolları çəkilib, şose yolları salınacaq.

/ Məclisdə Azərbaycanın nümayəndələrini cəmiyyətin sayına görə artırılacaq (mənim fikrimcə bu məclis nümayəndələrinin üçdə biri olacaq).

/ Firqə tam gücü ilə dövlət idarələrində işləyən rüşvətxorlar və natəmiz adamlarla mübarizə edəcək, və məmurların yaşayışını yaxşılaşdırmağa çalışacaqdır.

/ Firqə Azərbaycandan alınan maliyyətin yarısından çox hissəsini Azərbaycan üçün istifadə olunmasını və qanundankənar alınan maliyyətlərin ciddi surətdə azaldılmasını tələb edəcək.

/ Firqə bütün demokratik dövlətlərlə dost olmağın tərəfdarıdır. Bu dostluğu qorumaq üçün çalışacaqdır.

      Sonda ümid edirik ki, vətənini sevən hər bir Azərbaycanlı istər daxildə, istərsə də xaricdə məqsədimizi yerinə yetirə bilməyimiz üçün bizimlə birlikdə olacaq. Əlbəttə, əgər insan öz evini düzəldə bilməsə, məhəlləni, şəhəri və ya ölkəni necə düzəldə bilər? Azərbaycanın inkişafı, İranın inkişaf etməsinə səbəb olacaq. Beləliklə, vətən quldurlardan, mürtəcilərdən nicat tapacaq (Qızıl səhifələr kitabından xülasələr, ADF-nin nəşri). Tehrana hakim olan istibdad və mürtəci qüvvələr kitabın nəşr olunmaması üçün var qüvvələrindən istifadə etdilər. Geniş təbliğat yolu ilə bəyannamənin İranda yayılmasına mane oldular. Bu bəyannaməni İranın başqa məntəqələrində ziyalılar, siyasi və ictimai fəallar oxuyub, onların azadlıq və demokratiya yollarını aydınlaşdırardılar.

Bəyannaməni nəşr edib, ADF öz fəaliyyətlərinə başladı. “Azərbaycan qəzeti” onun rəsmi orqanı oldu. Qəzetin birinci sayısında Pişəvərinin “Azərbaycan Demokrat Firqəsi fəaliyyətə başladı” məqaləsində yazır: “12 Şəhrivər bəyannaməsi çox böyük rəğbətlə və duyğularla qarşılandı. İnsanlar xoşbəxtlik və azadlıq yolunu hiss etdilər. Lakin Tehrandakı irtica qüvvələri bunu çox pis qarşıladılar. Öz gələcəklərindən qorxub Azərbaycana yalan, böhtan ilə hücum edib və qorxudurdular. Bu dəfə Pişəvəri “Bizim axır sözümüz iki yol ayrıcında” məqaləsini dərc etdi. Bu məqalədə yazırdı: ”Bütün gücümüz ilə azadlıq və demokratiyanı qorumağa and içmişik. Azərbaycan öz işlərini idarə etməyə qadirdir. Əgər Tehranın hoqqabazları Londondan ilham alaraq bizim azadlığımızı məhv etmək istəsələr, biz bir addım irəli atıb onlarla əlaqələrimizi kəsəcəyik. Tehran hökuməti başa düşməlidir ki, Azərbaycan öz yolunu seçib, o, azadlıq və demokratiya üsullarına vəfalı qalacaqdır”.

12 Şəhrivər bəyannaməsi elə birinci gündən istibdadın və mürtəcelərin qəzəbinə məruz qaldı. O qədər irəli getdilər ki, hətta, bəzi siyasi fəallar, azadlıq-demokratiya tərəfdarları belə onların təsiri altına düşüb ikinci dünya müharibəsindən sonra demokratiyaya yol aça biləcəkləri bir halda susdular, sükut etdilər.

Azərbaycan Demokrat Firqəsi dağıldıqdan sonra hakimiyyət öz işini yenidən qurdu, siyasi qüvvəti əlinə aldı. Bütün bu illər boyunca, ADF və Azərbaycan Milli Hökuməti ilə düşmənçilikdən əl çəkmədi.

İndi də bəziləri Avropada, bəziləri də Bakıda oturub yalançı sənədlər düzəldib öz fikirlərini irəli sürürlər.

“12 Şəhrivər bəyannaməsi” istibdad və irtica əleyhinə mübarizə funksiyası daşıyıb, demokratiyaya yol açırdı.

Azərbaycan Demokrat Firqəsi 75 il əvvəl xalqın öz taleyini özü həll etmə məsələsini qaldırmış və irəli sürmüşdür. İllər sonra dünyanın müxtəlif konvosyonlarında BMT-də insan hüquqları, mədəniyyət hüququ, siyasi hüququ qəbul olunmuşdur.

Nəticədə, “12 Şəhrivər bəyannaməsi”nin dəyərli və tarixi mətni, bir illik milli hökumətin gördüyü işləri təkrar təkrar oxumaq və qiymətləndirmək lazımdır.

Facebook
Telegram
Twitter
Email