آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

Fərəhnaz Şeybani

Tərcümeyi – hal

Fərəhnaz Şeybani Əhməd qızı 1963-cü ildə Bakı şəhərində anadan olub. Tibb işçisidir. 1982-ci ildə Bakı tibb məktəbini fərqlənmə diplomu ilə (qırmızı) bitirmişdir. 1982-ci ildən 2003-cü ilə qədər 1saylı stomotoloji polikilinikasında baş tibb bacısı vəzifəsində çalışmışdır. Poeziya həvəskarıdır. 16 ildir ki, könül duyğularını qələmə alır.

Vətən həsrəti

Vətəndən ayrı düşmüş qəriblərə, xüsusən atam Əhməd Şeybaniyə ithaf edirəm.

Vətəndən uzaqda yaşayırıq biz,
Həsrətdən alışır, yanır qəlbimiz.
Gərəkdir hər kəsdə olsun ləyaqət,
Vətənə məhəbbət, torpağa hörmət.


Vətən, Vətən deyir dilim hər zaman,
Ayrılıq ölümdən betər dərd imiş.
Xəyala dalaraq düşünürəm mən,
Tanrının qisməti nədən beləymiş?


Vətən torpağına, daşına qurban,
Qarlı dağlarının başına qurban.
Səninlə bağlıdır xatirələrim,
Uşaqlıq illərim, gənclik illərim.

Gəzib torpağını kaş qarış – qarış,
Çıxaydım seyrinə bir səyyah kimi,
Unutmam mən səni heç vaxt, heç zaman
Vətənə layiqli bir övlad kimi.


Səma üstə uçan bir quş olaydım,
Hərlənib başına dövrə vuraydım.
Sən isə Loğman olub, bir təbib olub,
Yaralı qəlbimə məlhəm qoyaydın.


O taydan ucalır ana naləsi,
Qərib balasına çatmayır səsi.
Bu tayda qəriblər verib baş- başa,
Söyləyir dərdini dosta, sirdaşa.


“Burada Vətəndir, əzizdir ”- deyib,
Təsəlli veririk bir – birimizə.
Əcəl şərbətini könülsüz içib,
Köçürük axirət mənzilimizə.

Fərəhnaz Şeybani


Mühacirətdə

(Əyyub Nəmininin keçdiyi ağır və məşəqqətli həyat yolunun və şahidi olduğu hadisələrin motivləri əsasında qələmə aldım.)

Şaxtalı, çovğunlu bir qış axşamı,
Ayrıldım yurdumdan, doğmalarımdan.
Qəlbimdə qəm-qüssə, mən ah gətirdim,
Vətəndən Vətənə pənah gətirdim.


Mühitin amansız zərbələrindən,
Bilmədim həyatdan küsüm, barışım?
Zülmü, haqsızlığı gözümlə görüb,
Haqqdan, ədalətdən necə danışım?


Vətəndən, torpaqdan söz düşən zaman,
Başımın üstünü bürüyür duman.
Ötən illərimin xoşbəxt çağları,
Gözlərim önündə canlanır o an.


İstərəm bir anlıq çətin də olsa,
Zamanın çarxını qaytaram geri.
Silərəm ömrümün səhifəsindən,
Bəxtimə yazılan qara günləri.


İgid oğulların, cəsur qızların,
Azadlıq uğrunda vuruşanların,
Yazılsın tarixə qəhrəmanlığı,
Şəhid məzarında uyuyanların.

Fərəhnaz Şeybani


Həqiqət aşiqi

Əyyub Nəmininin “İmdad ocağı” adlı xatirə-povestini oxuduqdan sonra

Bir yandan boşaldı, bir yandan doldu,
Dünyanı yaşadan insanlar oldu.
Həqiqət aşiqi olan kəslərin,
Məskəni qaranlıq zindanlar oldu.


Dözüb min əzaba, min əziyyətə,
Düşmənin önündə şax dayandılar.
Ölümlə gələrək hər gün üz-üzə,
Onlar qovuşdular əbədiyyətə.


Xəyal aləminin burulğanında,
Boylandım kədərlə, keçmişə sarı.
Sönməyib, ətrafa işıq saçırdı,
Közərən ocağın qığılcımları.


Vətən övladının ürəyindəki,
Sevginin atəşi sönməsin gərək.
Doğma el yolunda canından keçib,
Verdiyi vədindən dönməsin gərək.


Deməyin sözümün kəsəri yoxdur,
Hələ deyiləsi sözlərim çoxdur.
Düşmənə bir an da aman verməyən,
Ürəyə sancılan nizədir, oxdur.

Fərəhnaz Şeybani


Mübarək olsun!

Əyyub Nəmininin 90 illik yubleyi münasibətilə

Nəhayət, doxsana yetişdi yaşın,
Yığışdı məclisə dostun, sirdaşın.
Tanrı hər bir zaman səni qorusun,
Ad günün, şad günün mübarək olsun!


Yaşın doxsan nədir, yüzü haqlasın,
Üzündən təbəssüm əskik olmasın.
Arzun qoy həyata bir körpü olsun,
Ad günün, şad günün mübarək olsun!


Günəş işığından pay alsın yolun,
Yorulmaq bilməsin biləyin, qolun.
Qəlbin başdan-başa sevinclə dolsun,
Ad günün, şad günün mübarək olsun!


Mətinlik gizlənir adında sənin,
Vətənə məhəbbət qanında sənin.
Qürurun gənc nəslə qoy örnək olsun,
Ad günün, şad günün mübarək olsun!

Fərəhnaz Şeybani


Tanrı sevgisi

Yaradan yaradıb bütün cahanı,
Yeri, ulduzları, mavi səmanı.
Verib Yer üzünə bərabər payı,
Gündüzə Günəşi, gecəyə Ayı.


Tale yolumuzun cığırlarına
Tanrı qələmiylə yazılır yazı,
Tanrıya sevgidən mömin bəndələr,
Oxuyur Quranı, qılır namazı.


Ona yalvarırıq düşəndə dara,
Çətin günümüzün xilaskarıdır.
Doğru yol göstərən yeganə varlıq,
Şəriksiz, bənzərsiz ulu Tanrıdır.


Hər yerdə görünür möcüzələri,
Süfrənin bəzəyidir nemətləri.
Ayları, illəri, həm fəsilləri,
İnsana bəxş edir gözəl günləri.


Dözümlü olmağa səsləyir bizi,
Ondan istəyirik diləyimizi.
Rəhimli, mehriban, bağışlayandır.
Gözə görünməyən ilahi qüvvə,


Yaşanan ömür

Bu dünyanın sevinci az, qəmi çox,
Atəşi çox, alovu çox, közü çox.
Ömür gedən bir karvana bənzəyir,
Ağırlıqdan daşınmayan köçü çox.


Ömür misal, iqbal onun həllidir,
Ömrün sonu deyin kimə bəllidir?
Çətin gündə dost qapısın dost döyər,
Dərd çəkənə dost sözü təsəllidir.


Dərd əhlindən dərdini soruşasan,
Qoy desinlər sən də bir-bir yazasan,
İstərsən ki, saz götürüb çalasan,
Qəlbindəki qüssəni dağıdasan.


Dərd çəkdikcə qəlb tel olub üzülər,
Gözündən yaş leysan olub süzülər.
Dərd əlindən baş götürüb qaçsan da,
Tapar səni quş tək göyə uçsan da.


Dərd üstünə dərd gələrək qalandı,
Ömür bitsə söz yarımçıq qalandı.
Qoca dünya bir kələkdi, yalandı,
Nə kasıba, nə varlıya qalandı.

Fərəhnaz Şeybani

Facebook
Telegram
Twitter
Email