Sərdar Həsən oğlu Xorşa 1280 – cı şəmsi ilində (miladi 1901 – ci il) Ərdəbil vilayətinin Yurtəçi mahalının Muğanlı kəndində anadan olmuşdur.Yoxsul kəndli ailəsindən olan Sərdar hələ gənc yaşlarından əmək fəaliyyətinə başlayır.Lakin, nə Sərdarın, nə də atasının gecə – gündüz işləmələrinə baxmayaraq ailənin yaşayış şəraitini təmin edə bilmirlər. Sərdarın atası Həsən kişi, nəhayət, bütün ailəsi ilə birlikdə iş dalınca sənaye məntəqələrinə getmək məcburiyyətində qalır.Atası ilə bərabər sənaye sahəsində çalışan Sərdar fəhləlik həyatı ilə tanış olur və daha da möhkəm iradəli olur. Sərdar Xorşa ailəsi ilə birlikdə vətənə qayıtdıqdan sonra Yurtçi mahalı kəndləri arasında inqilabi təbliğat aparır; feodalların, dövlət məmurlarının zülm və özbaşınalığını ifşa etməyə çalışır.
Rza xan diktatorluğu dövründə inqilabi fəaliyyətinə görə Sərdar Xorşa bir neçə dəfə həbs olunur.Nəhayət, o , həbsdən azad olduqdan sonra kənddə qala bilmir və Ərdəbilə köçür.Rza xan diktatorluğu yıxıldıqdan sonra Sərdar Xorşa Ərdəbil şəhərində azadlıq mübarizləri sıralarında özünə məxsus görkəmli yer tutur.
O, Tudə Xalq Partiyasının üzvü olaraq partiyanın məram və məqsədi uğrunda fəaliyyət göstərir.1324 – 1325 – ci illərdə (1945 -1946)
Azərbaycan Demokrat Firqəsinin bayrağı altında genişlənən milli demokratik hərəkatda; silahlı üsyanın hazırlanması və keçirilməsində Sərdar Xorşa da silah əlində fədai kimi fəal iştirak edir.O, Milli Hökumət dövründə nəzmiyyə idarəsində və fərmandarlığın entezabat şöbəsində ləyaqətlə çalışır.Onun xidmətləri nəzərə alınaraq Milli Məclis tərəfindən 21 Azər medalı ilə təltif edilmişdir.Şəhid Sərdar Xorşa ömrünün axırına qədər firqə və xalqa xidmət edir.
Sərdar Xorşa 1325 – ci ilin (1946) Azər ayında mürtəce şah hökumətinin əli ilə edam olunur.O, ölüm ayağında da özünü möhkəm iradəli və mətin bir inqilabçı kimi aparmışdır.O, edam meydanına gedərkən belə demişdir:”Mənim ailəmə və yoldaşlarıma deyin ki, qəmgin olmasınlar.Mən ölürəm, lakin arzularım yaşayacaq və qalib gələcəkdir, cəlladlar isə gec – tez ədalətli xalq məhkəməsinin əlilə cəzalanacaqlar!”
Sərdar Xorşanı edam ağacına bağlayanda o cəsarətlə demişdir:” Məhv olsun zülm və irtica,
yaşasın xalq və azadlıq!”
Azadlıq yolunun mübariz fədaisi Sərdar Xorşa bu gün öz yoldaşları sırasında yoxdursa, onun uğrunda can verdiyi məram və məsləyi yaşamaqdadır.
Guləddin İsmayilov