(1922 – 1997)
Məmmədəli Hüseyn oğlu Müsəddiq 1922 – ci ilin mart ayının 21 – də Cənubi Azərbaycanın Gərməri vilayətinin Yengicə kəndində( Bərvanə Yengicəsi) anadan olmuşdur.O, ilk təhsilini əvvəl dini mədrəsədə, sonradan isə Yengicədə dövlət məktəbində almışdır.Ailəsi Miyana şəhərinə köçdükdən sonra təhsilini orada davam etdirmişdir.10 yaşına qədər M.Müsəddiq kənddə, ondan sonra 24 yaşına qədər Miyana şəhərində yaşamışdır.Ailənin üçüncü övladı olan Məmmədəli hələ kiçik yaşlarından öz böyük marağı ilə qardaşlarından fərqlənirdi.Böyük qardaşı Həsənin faciəli şəkildə dünyasını dəyişməsi ailəyə ağır təsir göstərdi. Onların ikinci övladları Zülfüqar daha çox İranın başqa yerlərində işlədiyindən evdə çox vaxt olmadığı üçün ata – ana bütün mehrini balaca Məmmədəliyə saldı.Bu elə bir vaxta təsadüf edirdi ki, atası Hacı Hüseyn Cənubi Azərbaycanın böyük, yorulmaz mübarizlərindən olan Şeyx Məhəmməd Xiyabaninin silahdaş -Iarından idi.
Ş.M.Xiyabaninin rəhbərlik etdiyi üsyanda iştirak etmək üçün Gərməridən gələn dəstənin içərisində Hacı Hüseyn də var idi.Onun yaxınlarının bu hərəkatda iştirak etməsinə etiraz etməsinə baxmayaraq, öz mübarizə yoldaşlarından ayrılmamışdı,vətəninin azadlığı uğrunda canından keçməyə hazır olduğunu bildirmişdi. M.Müsəddiq anasından eşitdiyinə görə Hacı Hüseynin belə bir fikri var imiş ki, “əgər mən ölərəmsə qanım tökülən torpaqlarda gələcək nəsillər, övladlarımız azad yaşayar.”
Şeyx Məhəmməd Xiyabani hərəkatında yaxından iştirak etdiyinə görə Məmmədəlinin atası Hacı Hüseyn həbs olunur.Var – dövlətləri dövlət tərəfindən qarət ediləndən sonra ailəlikcə Miyana şəhərinə köçməyə məcbur olmuşlar.İti müşahidə qabiliyyətinə, möhkəm iradəyə malik olan gənc Məmmədəlinin doğma yurduna, sevimli vətəninə olan sonsuz sevgisi onu atasının mübarizə yolunu davam etdirməyə, 1941 – ci ildə Cənubda baş verən siyasi cərəyanlarda iştirak etməyə yönəltdi.Elə həmin ildə İran Xalq Partiyasının yaranmasında fəal iştirak edən Seyid Cəfər Pişəvəri ilə tanış olur.
Siyasi fəaliyyətə görə M.Müsəddiq atası ilə birlikdə həbs edilir və bu dəfə də Tehran hökuməti tərəfindən talanır.Bir müddətdən sonra azad olunurlar.Atası yaşlı və xəstə olduğu üçün Məmmədəli siyasi fəaliyyətini onsuz, dostları ilə birgə davam etdirir.1945 – ci il sentyabr ayının 3 – də S.C.Pişəvərinin rəhbərliyi altında Azərbaycan Demokrat Firqəsi yaranır.ABŞ və Böyük Britaniya dövlətinin İran rejiminə, sahlıq üsuli – idarəsinə dəstəyi nəticəsində, Azərbaycan Milli Hökuməti 1946 – cı ilin dekabr ayının 12 – də (21 Azər) süqut etdi.
Bir çoxları kimi Məmmədəli Müsəddiq də 1947 – ci ildə Şimali Azərbaycana mühacirət edir.Sərhədi keçdikdən sonra həbs edilir.Daha sonra azad edilir.M.Müsəddiq Cəncəyə gedir.Cəncə Kənd Təsərrüfatı Texnikumuna daxil olmuş və buranı əla qiymətlərlə bitirmişdir
Ağstafada əmək fəaliyyətinə başlamışdır.
1954 – 1958 – ci illərdə Bakıda Ali Partiya məktəbində oxuyur.
1965 – ci ildən M.F.Axundov adına Milli kitabxanada əmək fəaliyyətinə başlayır.
Azərbaycan Dövlət Pedaqoji İnstitutunda fars dilindən dərs deyir və və “Mirzə Mehdi Şükuhinin həyat və yaradıcılığı ” mövzusunda namizədlik işini müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alır.
“Qobustan” toplusunda,”Mədəni – maarif” işçisi, “Kitablar aləmində”,”Azərbaycan”,”Səhər”, Tehranda nəşr olunan”Varlıq”, “İnqilab yolunda” jurnallarında, “Ədəbiyyat və incəsənət”,”Bakı”, “Azərbaycan Sovet Ensiklopediyası”nda məqalələri dərc olunmuşdur.
M.Müsəddiq həsrət və ayrılıq ifadə edən “Azərbaycan”,”Tənha və tənha qalmışam”, “Yurdumu dağıdanlara”,”Ata”,”Anacan”,”Ana dilim”,”Beş qəhrəman” və s.bu kimi silsilə şeirlərində ənənəvi və milli koloritli poetik detallar özünəməxsus ifadə şəklindədir.
M.Müsəddiq ömrünün sonlarında doğma vətəni İrana gedərək Yengicəni, Təbrizi, Miyananı gəzmişdir.
Görkəmli fədai, alim Məmmədəli Müsəddiq 1997 – ci ildə Bakıda vəfat etmişdir.
TƏBRİZİ GÖRMƏYƏ GÖNDƏRİN MƏNİ
(ixtisarla)
Gəlin, ey elindən ayrı düşənlər,
Təbrizi görməyə göndərin məni.
Evindən, çölündən ayrı düşənlər,
Təbrizi görməyə göndərin məni.
Nə bülbül istərəm, nə gül istərəm,
Nə camal istərəm, nə tel istərəm,
Bir vətən istərəm, bir el istərəm,
Təbrizi görməyə göndərin məni.
Nə dərə istəyib, dağ istəyirəm,
Nə bağça istəyib, bağ istəyirəm,
Elimin gününü ağ istəyirəm,
Təbrizi görməyə göndərin məni.
Nə kaman axtarıb, saz axtarıram,
Nə işvə axtarıb, naz axtarıram,
Elimə şən bahar, yaz axtarıram,
Təbrizi görməyə göndərin məni.
Nə dəniz istəyib, çay istəyirəm,
Nə də ox istəyib, yay istəyirəm,
Dünyadan bir görüş pay istəyirəm,
Təbrizi görməyə göndərin məni…
Budur vəsiyyətim, dostlarım sizə,
Ölümün üstündə gəlməyin sözə,
Ölsəm də göndərin məni Təbrizə,
Təbrizi görməyə göndərin məni.
Müsəddiq istəyir elini görsün,
Şaxtasız, boransız gülünü görsün,
Məktəbdə yazılan dilini görsün,
Təbrizi görməyə göndərin məni.
Məmmədəli Müsəddiq
Guləddin İsmayilov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü