İsrafil Qadiri 1295 – nci şəmsi ilində ( milady 1916 – cı il ) Xoşginab kəndində kəndli ailəsində anadan olmuşdur.O, bir müddət kənd mollası yanında oxuduqdan sonra ailənin təsərrüfat işlərilə məşğul olmuş, nəhayət, işləmək üçün Təbrizə köçmüşdür.
Rza xan diktatorluğunun yıxılması ilə azadlıq hərəkatı bütün ölkə miqyasında genişlənir. 20 ilə yaxın bir müddət içərisində demokratik azadlıqlardan məhrum edilmiş zəhmətkeşlər tapdalanmış hüquqlar uğrunda öz qüvvələrini təşkilat halında birləşdirib səfərbər etməyə çalışırlar.Bu zaman Təbriz şəhərində yaranan Azərbaycan zəhmətkeşlər təşkilatının məsul üzvlərindən olan İsrafil fəhlələri, kəndliləri həmin təşkilat ətrafında birləşməyə dəvət edir.Xalqın azadlıq və səadətini hər şeydən üstün tutan İsrafil zəhmətkeşlərin etimadı nəticəsində mərkəzi təşkilat komitəsinin sədrliyinə seçilir və onların hüquqlarının əldə edilib qorunmasına var qüvvə ilə səy göstərir.
Azərbaycan kəndlilərinin maliklərə, jandarm və dövlət məmurlarına qarşı mübarizəsi kütləvi etiraz şəklində gündən – günə genişlənib şiddətlənirdi.Təbrizdə Məhəmməd Rza şahın özbaşına jandarmlarının cinayətlərinə qarşı böyük etiraz nümayişi başlandı.Bu zaman xalq intiqamından qorxuya düşən jandarm rəisi və Azərbaycan valisi nümayişçilərin tələblərini yerinə yetirdilər.Həmin etiraz nümayişinin təşkilində görkəmli rol oynayan İsrafil Qadirinin fəaliyyəti İranın polis orqanlarının diqqətindən kənarda qala bilmədi.1321 – ci ildə (1942) Təbriz nəzmiyyə rəisi sərhəng ( olkovnik) Seyfin biləvasitə iştirakı ilə dosye düzəldirlər və İsrafil Qadiri tutularaq qolu bağlı halda ümumi həbsxanada saxlandıqdan sonra, nəhayət, azad edirlər.
Həbsdən çıxdıqdan sonra İsrafil Qadiri yenə də mübarizəsini davam etdirir. 1324 – cü ildə (1945) Azərbaycan Demokrat Firqəsinin üzvülüyünə keçir.Həmin ildə Təbriz şəhərində təşkil tapan Milli Konqresin iştirakçısı olan İsrafil Qadiri milli azadlıq hərəkatının fəal mübarizlərindən biri olur.O, Azərbaycan Demokrat Firqəsinin Səttarxan bayraqlı Təbriz şəhər komitəsinin plenum üzvü seçilir.
İsrafil Qədiri firqənin əmr və göstərişlərinin icrasında ləyaqətlə çalışdığına, xalq hərəkatının göstərdiyi fədakarlığına görə 21 Azər medalı ilə təltif edilmişdir.Azərbaycan xalqının arzu və istəklərinə, ölkənin tərəqqi və səadətinə müsbət cavab verə bilən milli bir hökumətin yaranması uğrunda var qüvvə ilə mübarizə aparan İsrafil Qadiri onun islahat və quruculuq işlərində də çalışmışdır.
Azərbaycan Milli Hökuməti tərəfindən xalq silahlı qüvvələrinin leytenantı dərəcəsinə layiq görülmüş Qadiri qoşun komitəsinin üzvü olmuş, ömrünün sonuna qədər Azərbaycan Xalq Qoşunlarının firqə təşkilatında məsul vəzifə – lərdə işləmişdir.İ.Qadiri Azərbaycana xaincəsinə basqın edən İran şahənşahı qoşunları tərəfindən faciəli surətdə öldürülmüş- dür. Bütün ömrünü, bacarıq və enerjisini xalqın azadlığına həsr edən alovlu mübariz İsrafil Qadirinin xidmətləri, onun parlaq xatirəsi həmişə hörmətlə yad ediləcəkdir.
Guləddin İsmayilov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü