(1925 – 1987)
Əbülfəzl Əmiraslan oğlu Hüseyni 1925 – ci ildə Təbrizdə anadan olmuşdur.O, ilk və orta təhsilini doğma şəhərində almışdır.
Ə.Hüseyni İkinci Dünya müharibəsi dövründə İranda azadlıq hərəkatının yaxından iştirakçısı olmuşdur.O, Cənubi Azərbaycanda partizan dəstəsinə başçılıq etmişdir.Azərbaycan Milli Hökumətinin yaranması və möhkəmləndirilmə – sində fədakarcasına çalışmışdır.Azərbaycan Milli Hökumətinin süqutundan, şah ordusunun təcavüzündən sonra təqib olunduğuna görə 1946 – cı ilin sonlarında Şimali Azərbaycana mühacirət etmişdir.
Ə.Hüseyni əvvəlcə Bakı Tibb texnikumunun stomotologiya ixtisasını bitirmiş və işləmişdir.
Lakin ədəbiyyata həvəs göstərən və şeirlər yazan Əbülfəzl Hüseyni Azərbaycan Dövlət Univesitetinin filologiya fakültəsinə daxil olmuş və oranı bitirmişdir(1949 – 1954).Universiteti bitirdikdən sonra bir müddət orta məktəblərdə müəllim işləmişdir.Daha sonra jurnalistlik fəaliyyətinə başlayır.Şeir, hekayə, məqalələrini dövri mətbuatda çap etdirir.Onun ilk şeirlər kitabı 1961 – cı ildə ” Məhəbbət alovları” adı ilə nəşr edilir.Şairin yaradıcılığında qəzəl xüsusi yer tutur.Ə.Hüseyni qəzəllərini” Həsrət” təxəllüsü ilə yazır.
Ə.Hüseyni tərcümə sahəsində də fəaliyyət göstərir.O, Nizami, Xaqani, Qətran, Fələki, Baba Tahir Üryan, İrəc Mirzə, Arif Ərdəbili, Pərvin Etesami, Şəhriyar , Dehxuda və başqalarından tərcümələr etmişdir.
Ə.Hüseyni Azərbaycan ədəbiyyatını fars oxucularına tanıtdırmaqda da xidmətləri təqdirəlayiqdir.Onun tərcüməsində Vaqifin qəzəlləri, Səməd Vurğun və Rəsul Rzanın bir sıra şeirləri Tacikistanda nəşr edilmişdir.Onun tərcümə etdiyi Hüseyn Cavidin “Xəyyam” pyesi Tacikistan Dövlət Dram Teatrında tamaşaya hazırlanmışdır.
Ə.Hüseyni 1961 – ci ildən Azərbaycan SSR Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda elmi fəaliyyətə başlamışdır.O, 1968 – ci ildə “Mirzə Ağa Təbrizinin həyat və yaradıcılığı” mövzusunda dissertasiya müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.O, “Nizami irsinin Şərqdə nəşri tarixi” monoqrafiyasını da yazıb bitirmişdir. Ə.Hüseyninin qədim Azərbaycan mədəniyyətinə- Azərbaycan dilinə, musiqisinə, rəssamlıq və memarlığına dair bir sıra tədqiqatları vardır.
Şair və alim Nəsimi, Xətai, Şükuhi, Xalxali, Nəbati və b.klassiklərin əsərlərinin çapa hazırlanmasında yaxından iştirak etmişdir.
Əbülfəzl Hüseyni şair, nasir, tərcüməçi, ədəbiyyatşünas – alim və mətnşünas kimi Azərbaycan ədəbiyyatının tədqiqi, nəşri və təbliği sahəsində fəal çalışmışdır.
Ə.Hüseyni 1987 – ci ildə Bakıda vəfat etmişdir.
BİZİM VƏTƏN
Bizim ellər Cavanşirlər yetirib,
Babəkləri böyütmüşdür bu diyar.
Qızıl güllər, bənövşələr bitirib,
Tarix boyu qazanmışdır iftixar.
Səttarxanın, Bağırxanın cürəti
Yer üzündə olub böyük bir dastan.
Xiyabani – böyük alim şöhrəti
Yaşayacaq bu ölkədə hər zaman.
Aslan kimi əsir düşüb düşmənə,
Düyünlənib qaşlarının arası.
Baş əymərəm deyir yoldan ötənə!
Sağalacaq bu sinəmin yarası.
Heç bir zaman övladını unutmaz,
Bu igidlər, qəhrəmanlar ölkəsi.
Tufanlardan ehtişamı pozulmaz,
Çiçəklənər yaylaqları çölgəsi.
İndi borcdur hər qocaya, cavana,
Qurban verə öz canını yurduna.
İftixardır hər vicdanlı insana,
Azadlıqçün tökə qanın yurduna.
Silahlanaq sənətilə, elmilə,
Qurtuluşun gələcəyi bundadır,
Göz dikibdir ellərinə bu vətən,
Bizlərin də ümidimiz ondadır…
Əbülfəzl Hüseyni
Guləddin İsmayilov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü