آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

FƏDAİ MƏHƏRRƏM İNŞAİ

21 Azər hərəkatı xalq hərəkatı kimi əsas hərəkətverici qüvvə olan fəhlə və kəndli təbəqələrindən əlavə bir çox zümrələri də əhatə etmişdir.Ona görə də hərəkat iştirakçıları içərisində müxtəlif peşə sahibləri vardır. Məhərrəm İnşayi kəndli təbəqəsinə mənsub təcrübəli neft və kimya mühəndisi idi.Müasir texnikadan başı çıxan neft elmi üsrə ixtisaslı olan Məhərrəm 1288 – ci ildə (1909, miladi) Ərdəbil vilayətinin Zərənas kəndində Mehdi kişinin yoxsul ailəsində anadan olmuşdur.O, həyat şəraitinin ağırlığı üzündən kəndi tərk etməyə məcbur olaraq gənc yaşlarından sənaye şəhərlərinə getməli və fabrikalarda işləməli olursa da oxuyub savadlanmağı yaddan çıxarmır.O, gündüzlər toxuculuq fabrikində işləməklə bərabər gecə məktəbində təhsil alır.Beləliklə, Məhərrəm İnşayi 1306 – cı ildə(1927) orta təhsilini başa vuraraq aliməktəbdə oxumağa başlayır və 1311 – ci ildə (1932) neft və kimya sənayesi ixtisası üzrə mühəndis olur.

Vətənimizin ictimai quruluşunun,mürtəce mülkədarların və jandarmaların özbaşınalıqların nəticəsi olan ağır və məşəqqətli kənd həyatı Məhərrəmdə hələ gənc yaşlarından hakim təbəqəyə qarşı nifrət və qisas hissi oyadır.O, gecə – gündüz yorulmadan işləyir, oxuyur və savadlandıqdan sonra ölkənin müxtəlif vilayətlərində, fabrikalarında işləyir.Eyni zamanda zəhmətkeşlərin ağır həyatı ilə tanış olur.Bu ağır həyat özü də onu azadlıq hərəkatına cəlb edir.

1320 – ci ildə (1941) azadlıq hərəkatının genişləndiyi bir dövrdə Hizbe Tudeye İran təşkil olunduqda Məhərrəm İnşayi də onun sıralarına daxil olur və göstərdiyi fəaliyyətə görə partiyanın Ərdəbil əyaləti təşkilatında məsul vəzifəyə irəli çəkilir.

1324 – nci ildə (1945) Azərbaycan Demokrat Firqəsi təşkil olunduqdan sonra Məhərrəm İnşayi də firqənin çağırışına səmimi qəlbdən qoşulur, onun alovlu təbliğatçılarından və bacarıqlı təşkilatçılarından biri kimi fəaliyyət göstərir.O, 12 şəhrivər müraciətnaməsinin (3 sentyabr), Azərbaycan Demokrat Firqəsinin məram və məqsədinin kütlələr arasında yayılmasında, mübariz qüvvələri firqə ətrafında səfərbər etmək işində mühüm rol oynayır.O, firqə kütləsinin rəğbətini qazanır və Azərbaycan Demokrat Firqəsinin Ərdəbil Vilayət komitəsinin təşkilat şöbəsi müdirliyi kimi məsul bir vəzifə ona tapşırılır.Məhərrəm İnşayi bu vəzifədə də özünün bilik və bacarığını, enerjisini sərf edir.

Eyni zamanda fədakar bir üzv kimi firqənin əmr və göstərişlərinin icrasında səylə çalışır. Nəhayət, milli hərəkatın ən qızğın mübarizə günləri, məsul dəqiqələr və imtahan çağları gəlib çatır.Məlik və jandarm zülmündən təngə gəlmiş xalq silaha əl atdıqda Məhərrəm İnşayi də silahlanaraq vətən və azadlıq uğrunda vuruşur.O, 21 Azər hərəkatının qələbəsi uğrunda ləyaqətlə, səmimiyyətlə mübarizə aparır və göstərdiyi fədakarlığına görə Milli Hökumətin təklifi ilə Milli Məclis tərəfindən “21 Azər” medalı ilə təltif olunur.

Məhərrəm İnşayi Milli Hökumətin müvəffəqiyyətlərini qorumaq uğrunda da fəal çalışır.O, Milli Hökumətin islahat tədbirlərinin həyata keçirilməsində həm özünün siyasi yetginliyindən , həm təşkilati bacarığından, həm də bilik və ixtisasından səmərəli surətdə istifadə edir.Yenidənqurma işlərində bacarığını göstərən Məhərrəm İnşayi bir sıra layihələrin texniki hazırlanmasında, abadlıq işlərinin iştirakçısı olur.

Azərbaycan xalqının mübariz oğlu, yaxşı mütəxəssis , fədakar firqəçi, sədaqətli dövlət kadrı olan Məhərrəm İnşayi 1325 – ci ildə (1946) Azərbaycana basqın edən İran şahənşah qoşunlarının əlinə düşmüş və faciəli surətdə öldürülmüşdür.O, Urmu şəhərindı həbsxanada, sifarişli məhkəmədə, hətta ölüm ayağında belə sözünü irtica və imperializmin barışmaz düşməni kimi, adı ilə iftixar efdiyi firqənin və xalqın cəsarətli oğlu kimi göstərmişdir.

Məhərrəm İnşayi istər təhsildə, istərsə də ictimai mübarizə meydanında şərəfli həyat yolu keçmişdir.Onun həyatı ləyaqət və rəşadət nümunələri ilə dolu olmuşdur.Məhərrəm İnşayi özünün gözəl insani xasiyyətləri ilə yoldaşlarının məhəbbətini qazanmışdır.

Bütün şüurlu həyatını xalq azadlığı uğrunda mübarizəyə həsr etmiş olan Məhərrəm Mehdi oğlu İnşayinin xatirəsi həmişə əziz qalacaqdır.

Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Facebook
Telegram
Twitter
Email