Xalqımızın azadlıq və səadəti uğrunda öz həyatını qurban vermiş olan mətin və fədakar mübarizlərdən biri də Əmən xan Ağakişi oğlu Bəxşbəyidir.O, 1273 – cü Şəmsi ilində (1894) Ərdəbil ətrafındakı Şişəgəran kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur.Hələ cavan yaşlarında dözülməz feodal istismarı nəticəsində öz doğma yurdunu tərk etməyə məcbur olan Əmən bir dəstə öz həmkəndliləri ilə birlikdə sənaye mərkəzlərindən birinə gedir və orada fəhləliklə məşğul olur.Fəhlələr sırasında inqilabi mübarizə məktəbi keçən Əmən öz kəndlərinə qayıtdıqdan sonra məlik və jandarmaların zülm və özbaşınalığına qarşı kənd zəhmətkeşlərinin şüurunun oyadılmasında və kəndli hərəkatının təşkilində fəal rol oynayır.Onun qızğın inqilabi fəaliyyəti
1321 – ci ildə (1942) Ərdəbildə Hizbe Tudə təşkilatının yaradllması ilə başlanır.Əmən xan Bəxşbəyi yoxsul kəndlilərin partita sıralarına cəlb edilməsində, bu kəndlərdə partiya hövzələrinin yaradılmasında ciddiyyətlə çalışır və altı il müddətində partiyanın və firqənin Şişəgəran hövzəsinin sədri kimi yorulmadan fəaliyyət göstərir.O, firqə təşkilatlarından biri olan Şişəgəran hövzəsinin yaradılmasında mətin inqilabçıya xas olan ləyaqət və cəsarət nümunəsi göstərmişdir.Təşkilatın yaradılacağı xəbərini eşidən mürtəce kənd məliki Hacı Əhməd onu kəndliləri iğtişaşa təhrik etməkdən əl çəkdirməyə və pulla ələ almağa cəhd göstərir və qəti rədd cavabı alan ərbab Əməni ölümlə təhdid edir.Lakin fitnə və təhdidlər onun iradəsini qıra bilmir.Əmən xan öz həmkarlarının köməyi ilə partiyanın tablosunu hövzə üçün ayrılmış evin qapısına vurmaq istəyəndə ərbabın əlaltıları onu döyüb ağır yaralayırlar. Buna baxmayaraq Əmin tablonu əlindən vermir və sinəsinə basıb qoruyur, yaralı – yaralı qalxıb öz əlilə qapıya vurur.Onun bu fədakarlığından ruhlanan kəndlilər ərbabın əlaltılarını sıxışdırıb qovur və Əmənin sədrliyi ilə hövzənin birinci iclası keçirilir.Sonralar yenə də evinin ərbab nökərləri və jandarmaları tərəfindən dağıdılması , işgəncəyə məruz qalması Əməni tutduğu düzgün yoldan döndərə bilmir.
Təşkilatın möhkəmlənməsi və inqilabi işin mütəşəkkilliyinə xidmət edən bu hadisə haqqında danışmağı Əməndən xahiş etdikdə , o, özünə məxsus təvazökarlıqla danışaraq :
“Xalqımızın azadlığı yolunda əlimizdən gələni etmək hamımızın borcudur”- deyib səmimiyyətlə gülümsəyir və başqa məsələ haqqında söhbət etməyə çalışardı.Lakin onun firqəçi yoldaşları və silahdaşları öz mübariz dostlarının fədakarlığından həmişə iftixar hissi ilə danışırdılar.
Əmən xan Bəxşbəyi yoldaş Ərdəbil əyalətində silahlı fədai dəstələrinin yaradılmasında , 1324-
cü il 21 Azər (1945, 12 dekabr) hərəkatının hazırlanması və keçirilməsi işində mühüm təşkilatçılıq işi görmüş və silahlı mübarizlərin qabaq səngərlərində olmuşdur.O, iki oğlu ilə birlikdə Ərdəbil ətrafında jandarmaların və mürtəce feodal qüvvələrin tərksilah edilməsində və Meşkin Şəhrin azad olunması uğrunda gedən qızğın döyüşlərfə fəal iştirak etmişdir.Bu vuruşmalarda onun , öz igidliyilə firqənin böyük oğlu yaralandıqda hətta , o, səngəri tərk etməmiş və jandarmalar təslim olana qədər digər yoldaşları ilə çiyin – çiyinə vuruşmuşdur.Əmən yoldaş övladlarını da özü kimi xalq azadlığı uğrunda fədakar və cəsur tərbiyələndirmişdi.
Əmən xan Bəxşbəyi yoldaş hərəkatın qələbəsindən sonrakı dinc quruculuq dövründə üzvü olduğu və adını iftixarla daşıdığı təşkilatın tapşırıqlarının icrası yolunda fəal firqə kadrı kimi səylə xidmət göstərmişdir.O, firqə təşkilatlarının möhkəmləndirilməsi və genişləndirilməsində , firqə qərarlarının həyata keçirilməsi uğrunda zəhmətkeş kəndli kütlələrini səfərbərliyə almaq işində təcrübəli firqə təlimatçısı kimi qızğın təşviqatçılıq və təşkilatçılıq işi aparırdı.O, əyalət komitəsinin tapşırıqlarına əsasən fədailər üçün ərzaq , paltar, ət tədarük edilməsində kəndlərdə kütləvi iməcilik hərəkatının təşkilində – mədrəsələr tikilməsi, Azərbaycan Milli Hökumətinin islahat tədbirlərinin həyata keçirilməsində, cəbhədə olan fədailərin əkin yerlərinin şumlanması , məhsulun yığılıb döyülməsi və onların ailələrinə yardım göstərilməsi işinin təşkilində çox fəal rol oynamışdı.O, bu xidmətlərinə görə Ərdəbil şəhər və vilayət komitələrinin təşəkkür və təqdirinə layiq görülmüşdür.O, 21 Azər hərəkatının qələbəsindəki xidmətlərinə və xalq işinə sədaqətinə görə Milli Hökumətin təklifi ilə Milli Məclis tərəfindən”21 Azər” medalı ilə təltif edilmişdir.
1325 – ci ilin Azərində (1946, dekabr) xalqımızın dinc və xoşbəxt həyatını pozan şah hökuməti qoşunlarının və cəllad jandarmaların xaincəsinə hücumlarının , vəhşi qətl və qarətlərinin qurbanlarından biri də cəsur və mübariz Əmən xan Bəxşbəyi oldu.Jandarmalar onun evini qarət edib dağıdaraq, ailəsinə olmazın əzab və işgəncələr vermişlər.
Bütün qüvvə və bacarığını xalqımızın azadlığı və səadəti uğrunda mübarizəyə sərf edən , fədakarlıq və inqilabi mətanət nümunəsi olan , həyatını bu müqəddəs yolda qurban verən şəhid Əmən xan Bəxşbəyinin əziz xatirəsini xalqımız heç bir zaman unutmayacaqdır.
Guləddin İsmayilov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü