(1922 – 1946)
Günlər keçdikdə, aylar, illər ötdükcə keçmiş hadisələr tez – tez xatırlanır, yaşıl donlu ormanlar, zirvələri ağ çalmalı dağlar, coşqun çaylar bir daha yada düşür.Bu xatirələr yalnız insanı vətənin təbiəti ilə deyil, həm də onun səadəti və istiqlalı uğrunda çarpışan qəhrəman fədailərimizin həyat və mübarizəsini yada salmağa vadar edir.
Bu mərd və mübarizlərin sırasında olan Həsən Bəxtiyari də özünə məxsus mübarizə yolu və fərdi xüsusiyyətlərə malikdir.Həsən Bəxtiyari qısa , lakin mənalı bir həyat yolu keçmişdir.O, 1301 – ci şəmsi ilində (1922) Urmu şəhərində zəhmətkeş Əli kişinin ailəsində anadan olmuşdur.Uşaqlıqdan zəhmətə və çalışqanlığa adət edən Həsən atasının maddi həyatının çətinliyinə və məhdud imkanlarına baxmayaraq həmin şəhərin orta məktəbində oxumağa başlayır və 1319 – cu ildə (1940) məktəbi müvəffəqiyyətlə başa çatdırır.Onun hərbçiliyə hələ ibtidai məktəbdə oxuduğu illərdə çox həvəsi var idi. O, orta məktəbin axırıncı sinfində ikən hərbi məktəbə getmək istəyirsə də atası buna razılıq vermir.Lakin bir gün Əli kişinin xəbəri olmadan Həsən Tehrana yola düşür. Və orada hərbi məktəbə daxil olur.Ancaq az keçmədən müttəfiq qoşunlarının İrana daxil olması ilə Rza şah diktatorluğu süquta yetir. Hərbi hissələrin çoxu, Tehran hərbi məktəbi də müəyyən müddət dağılır və bu zaman Həsən də öz doğma şəhərinə qayıtmalı olur.
Həsənin Urmiyə şəhərinə qayıtması bütün Azərbaycanda olduğu kimi burada da azadlıq hərəkatının genişləndiyi günlərə təsadüf edir.
Hizbe Tudə İranın yaranması ilə hərəkatın mütəşəkəlləşməsi və mübariz qüvvələrin birləşməsi mümkün olur.Qaynar bir təbiətə malik olan gənc Həsən də Hizbe Tudə İranın Urmiyə təşkilatının fəal təşkilatçılarından biri olur. Urmiyə gənclərini siyasi fəaliyyətə cəlb etməkdə Həsən Bəxtiyari partiyanın alovlu təbliğatçısına çevrilir.O, az bir müddət içərisində şəhər zəhmətkeşlərinin və yoxsul kəndlilərin mənafeyi uğrunda mübarizələrdə bişib bərkiyir.
1321 – ci ildə (1942) Həsən Urmiyə Həmkarlar İttifaqının müdir müavini seçilir.Görkəmli azadixahlardan Azadvətən və Bəhram Nabinin yaxından təsiri ilə Həsən öz ictimai fəaliyyətini Urmiyə gəncləri içərisində daha da gücləndirir.Bu zaman o, Bəhram Nabi ilə birlikdə Urmiyə Həmkarlar İttifaqını partiyanın inadlı və inamlı mübarizə tərbiyə məktəbində, milli hərəkatın ehtiyat qüvvəsinə çevirir.
1324 – cü ildə (1945) Azərbaycan Demokrat Firqəsinin yaranması və Hizbe Tudə İranın Azərbaycan təşkilatının yekdilliklə ona tabe olması bütün Azərbaycan cavanlarının , o cümlədən Həsən Bəxtiyarinin də əlamətdar bir hadisə kimi təsir göstərir. O da öz doğma firqəsinin mübariz çağırışına cavab verən gənclərdən biri olur.O, Urmiyə Həmkarlar İttifaqının üzvləri ilə birlikdə ADF – nin sıralarına daxil olur.Özünün cavanlıq enerjisini, alovlu cavanlıq etirasını, az müddət içərisində topladığı mübarizə və təşkilatçılıq təcrübəsini də firqə sıralarına gətirir.Onun fəaliyyət və xidməti ilə tanış olan Urmiyə zəhmətkeşləri Azərbaycan Demokrat Firqəsinin Urmiyə şəhər Komitəsinin birinci konfransında Həsən Bəxtiyarini şəhər Komitəsinin üzvü seçirlər.Mübariz gənc Həsən Bəxtiyari Urmiyə kimi çoxmillətli bir yerdə məşhur cəllad sərhəng (polkovnik) Zəngənənin mütərəqqi qüvvələrə qarşı düzəltdiyi terror və təzyiqin şiddətləndiyi bir zamanda demokrat firqəsinin qoxmaz və alovlu təşkilatçılarından biri kimi onun məram və məqsədinin, gündəlik şüarlarının izahında ciddi fəaliyyət göstərir. Həsən Bəxtiyarinin ardıcıl və səmərəli fəaliyyətini qiymətləndirən Urmiyə şəhər Komitəsi onu təşkilat şöbəsinin müavini təyin edir.Həsən təşkilat şöbəsində işlədiyi vaxt bütün A,ərbaycanda olduğu kimi Urmiyədə də milli hərəkat, xüsusilə kəndli hərəkatı sürətlə genişlənirdi.Bu hərəkatın zərurətindən doğan 21 Azər hərəkatına səfərbərlik hər yerdə özünü hiss etdirirdi.O, Azərbaycan Demokrat Firqəsinin göstərişi ilə Urmiyə kəndlərində və şəhərdə üsyana hazırlıq üçün gizli iş aparan gənclərdən biri olur. Urmiyədə olan İran ordusu hissələrinin fərmandehi sərhəng Zəngənənin yaratdığı qanlı terrorun ən şiddətli bir şəraitində misilsiz bir fədakarlıqla inqilabi iş aparan gənc Həsən böyük ehtiyatla, qorxu bilmədən Urmiyə fədai dəstələrinin təşkilində firqənin mübariz əsgəri kimi gecə – gündüz çalışır.
Nəhayət, 21 Azər hərəkatı Azərbaycan Demokrat Firqəsinin və ona rəhbərlik edən görkəmli inqilab xadimi Seyid Cəfər Pişəvərinin başçılığı ilə Təbrizdə və bir sıra başqa şəhərlərdə qələbə çaldıqdan sonra Urmiyə şəhərində də milli hərəkat qalib gəlir.Cinayətkar sərhəng Zəngənənin başçılıq etdiyi silahlı qüvvələr, jandarmalar və mürtəcelər tərksilah edilir.21 Azər hərəkatı qələbə çaldıqdan sonra Həsən Bəxtiyarinin xidmətləri yüksək qiymətləndirilərək onun 21 Azər medalı ilə təltif olunması üçün Milli Hökumət tərəfindən Milli Məclisə təklif verilir və qəbul olur.Onun xalq işinə sədaqəti nəzərə alınaraq məsul dövlət vəzifələrinə irəli çəkilir. Həsən Bəxtiyari xalqın ona göstərdiyi etimadı həmin postlarda işlədiyi müddətdə doğruldur və firqə tərəfindən təqdir edilir.
1325 – ci ilin Azər ayında (1946,dekabr) xalqımızın azadlıq və səadəti beynəlxalq imperializm və onların əlaltıları olan qaraguruhçular tərəfindən qan dəryasına qərq edildiyi günlərdə Həsən Bəxtitari də ilk qurbanlardan biri olur.
O, mühakimə edilmədən, son sözünü öz doğma xalqına və vətəninə söyləmədən hətatının yenicə çiçəkləndiyi bir vaxtda Azadvətən, Danil Yuşia, Bəhram Nabi, Abbasxan Fəthi kimi vətənpərvərlərlə birlikdı şəhid olur.
Həsən Bəxtiyari də minlərlə mübariz oğullar kimi canını mərdliklə və şərəflə xalqımızın azadlığı yolunda qurban verənlərdən biridir.Onun mənalı həyatı, azadlıq və və istiqlal uğrunda cöşqun və səmərəli fəaliyyəti xalqımızın mübarizə tarixinin səhifələrində əbədi yaşayacaqdır.
Guləddin İsmayilov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü