آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

XALQIMIZIN QƏHRƏMAN FƏDAİSİ VƏ ŞƏHİDİ ABBAS FƏTHİ

Abbas Fəthi 1276 – cı şəmsi ilində( miladi1897- ci il) Urmu şəhərində xırda malik (sahibkar, mülkədar) ailəsində anadan olmuşdur.Təhsilini doğma şəhərdə almışdır.Abbas əvvəl molla yanında, sonralar isə yeni üsul mədrəsələrində oxumaqla bərabər, mütaliə yolu ilə də öz biliyini artırmağa nail olmuşdur.Zehni cəhətdən nisbətən inkişaf etmiş və zəngin olan Abbasın simasındakı təbəssüm onun uca boyuna xüsusi yaraşıq verirdi.O, uzun müddət Urmu şəhərində, atasından qalmış üzüm bağlarında işlədiyi üçün həm zəhmət barədə, həm də bağçılığın texniki və iqtisadi cəhətlərinə aid biliklərə malik idi.

Abbas Fəthi 1315 – ci il şəmsi ilində ( miladi1936- cı il) ailəsi ilə birlikdə Zəncan şəhərinə köçərək orada yol çəkməklə məşğul olmuşdur.O zaman bu şəhərdə sürgün halında olan mütərəqqi fikirli adamlarla , xüsusilə Abbas Fəthinin həmyerlisi olan görkəmli inqilabçı Məhəmməd Əmin Azadvətənlə görüşmək, həmsöhbət olmaq onun azadlıq fikirlərinin formalaşmasına kömək etmişdir. Ümumiyyətlə, onun bir azadixah kimi yetişib möhkımlənməsində Azadvətənin böyük təsiri olmuş, gələcək mübarizələr , vətən uğrunda çarpışmalar onların taleyini həyatın sonuna qədər bir – birinə bağlamışdır.

1320 – ci ildə ( miladi 1941 – ci il) Urmu şəhərinə qayıdan Abbas Fəthinin xalq hərəkatı dalğaları öz ağuşuna alırsa, 1322 -nci ildə ( 1943 – cü il ) Azadvətənin bu şəhərə gəlməsi ilə o, hərəkatın görkəmli iştirakçılarından birinə çevrilir. Hizbe Tudə İranın Urmu təşkilatı yaranarkən onun sıralarına ilk dəfə qoşulanlardan biri də Abbas Fəthi olur.Partiyanın məramnaməsinin izahı, mütəşəkkilliyin əhəmiyyətini kütlələrə başa salmaq o zaman həm bilikli, həm kütlələr arasında hörmət və nüfuza malik olan ,həm də xalq işinə sədaqətlə fərqlənən təbliğatçılar tələb edirdi.Məhəmməd Əmin Azadvətən Abbas Fəthini bu işlərə cəlb edəndə deyirdi: “Nəzərə alın ki, gələcək işimizin müvəffəqiyyəti də, möhkəmliyi də bu izahatdan asılıdır.Çünki bununla biz tikiləcək binanın binövrəsini qoyuruq.” Abbas Fəthi isə firqə təşkilatının tapşırıqlarını ləyaqətlə yerinə yetirməklə bu ümidi doğrulda bildi.O, şanlı 21 Azər nəhzətinin (hərəkatının) iştirakçısı kimi əldə silah fədai sıralarına daxil olur.Urmu şəhərindəki İran silahlı qüvvələrinin başçısı məşhur cinayətkar sərhəng ( polkovnik) Zəngənə burada xalq hərəkatına qarşı ciddi müqavimət göstərmək fikrində idi.Lakin Azərbaycanın başqa şəhərlərindən göndərilmiş fədai dəstələrinin və görkəmli fədai başçılarının fədakarlıqları nəticəsində o buna nail ola bilmədi.Mərhum Azadvətənin sədrlik etdiyi Urmu hərbi şurasının üzvü olan Abbas Fəthi də Urmu şəhərinin azad edilməsində öz xidmətini göstərə bildi.Onun bu xidmətləri nəzərə alınaraq Azərbaycan Milli Hökumətinin təklifi əsasında Milli Məclis tərəfindən “21 Azər” medalı ilə təltif edildi.

21 Azər nəhzətinin ( hərəkatının) qələbəsindən sonra Abbas Fəthi Urmiyə ticarət və iqtisad idarəsinin rəisi vəzifəsinə irəli çəkilmiş, ən mühüm vəzifələrdən biri – Urmiyə təbliğat komissiyasının rəhbərliyi də ona tapşırılmışdır.Milli Hökumətin islahat tədbirlərinin həyata keçirilməsində var qüvvə ilə çalışmış Abbas Fəthi Urmu zəhmətkeşlərinin iqtisadi vəziyyətinin yaxşılaşmasında görkəmli xidmətlər etmişdir.Tütün əkininin, bağçılığın yaxşılaşdırılması , kişmiş qurudulması və ticarətinin nizama salınması , kəndlilərə kömək haqqında tədbirlər və s. bu kimi xidmətlərdən bir nümunədir.

Məlum olduğu kimi Urmu Azərbaycanın çoxmillətli məntəqələrindən biridir.Bundan əlavə başqa şəhərlər kimi burada da vaxtilə güclü irtica qüvvələri olmuş və faşist təbliğatı kök salmışdı.Bütün bunlara baxmayaraq Abbas Fəthi Azərbaycan Demokrat Firqəsinin milli siyasətini kütlələrə çatdırmaqda, irtica təbliğatının izlərinin aeadan qaldırılması işində yorulmadan çalışmışdı. Urmiya ADF vilayət təşkilatının 28 bəhmən (17 fevral) 1325 (1946) tarixli konfransının təbliğat işlərinə aid qəbul etdiyi qərarda deyilirdi:” Urmiya Vilayət komitəsinin təbliğat qismətini canlandırmaq lazımdır.Onun müxtəlif şöbələri öz işini genişləndirilməlidur. Ruznamə (qəzet), teatr, qiraətxana və ayrı təbliğat dairələrini genişləndirmək və ümumi iclaslar çağırmaq lazımdır.”

Firqə təşkilatının bu mühüm qərarının icrası gərgin və çoxcəhətli fəaliyyət tələb edirdi.Abbas Fəthi bu işin öhdəsindən gələ bildi.O, inqilabi hərəkat iştirakçısı, ictimai xadim olmaqla bərabər , ədəbiyyat və incəsənətdən başı çıxan, bunlardan ən gözəl, təsirli təbliğat vasitəsi kimi istifadə etməyi bacaran bir kadr idi.O, eyni zamanda jurnalust, nasir və yaxşı tərcüməçi kimi yetişmişdi. Xalq hərəkatının təfəkkür tərzini, yazılarına demokratik məzmun vermişdisə, sinəsi qaynar bulaqlı Sir dağı, münbit torpaqlı yaşıl bağlar, Şəhər çayının həzin şırıltısı, Urmu gölünün füsunkar sahilləri bu yazılara bədii gözəllik , təbiət lirikası bəxş etmişdi.Vaxtilə ” Urmiyə” ruznaməsində (qəzetində) çıxmış birinci hekayənin müəllifi olsa da Abbas Fəthi demokratik nəsrimizin bir nümayəndəsi kimi tanınmış və bütün bədii yaradıcılığını da xalq işinə, xalqlar dostluğuna, hərəkatın irəliləməsinə həsr etmişdir.

Abbas Fəthinin topladığı atalar sözləri də xalqımızın mənəvi irsinə daxildir.İstər dövlət vəzifəsində, istərsə təşkilati işlərdə o həmişə urmiyəlilərin bu məsəlini işlədirdi:” Bu gün iki sabahdan yaxşldır.”

O, atalar sözlərinə aid yazılarının birini belə başlamışdı:” Vətənin satan, namusun satar.”

1325 – ci ildə (1946) şahənşah ordusunun Azərbaycana xaincəsinə basqını zamanı düşmən əlinə keçmiş Fəthi bu müqəddəs atalar sözünə sadiq qalaraq son nəfəsinə qədər cəlladlara baş əymədi. Vətən və azadlığın ləyaqətli təbliğatçısı Urmiyə şəhərində faciəli şəkidə şəhid oldu. Onun xatirəsi həmişə hörmət və izzətlə yad ediləcəkdir.Sir dağı ətəyindən ötən kəndlilər, Şəhər çayı sahilində gəzən urmiyəlilər bir daha onu görməyəcəklər.O, ən çox sevdiyi bu yerlərdə olmayacaq.Şeir səsi, kamança səsi eşitməyəcək.Lakin ona məxsus xatirələr ən əziz bir yadigar kimi həm bu yerlərdə, həm də səadəti uğrunda canını qurban verdiyi xalqın ürəyində yaşayacaqdır.

Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Facebook
Telegram
Twitter
Email