(1927 – 2015)
Doktor Seyid Məhəmmədhüseyn Mübəyyin
1306 – ci ildə (1927)Təbrizin qədim məhəllələrindən olan Çərəndabda anadan olmuşdur.O, orta təhsilini Təbrizin ” Mərifət ” məktəbində almış, Kirmanın “Pəhləvi” məktəbində davam etdirmiş,1328- ci ildə (1949) Təbriz Tibb Universitetində oxumuş və 1334 -cü ildə (1955) ali məktəbi tamamlamışdır. Hərbi vəzifəsini yerinə yetirdikdən sonra doktor Mübəyyin 1962 – ci ildə “Azərbaycan məntəqəsində cüzam” elmi – tədqiqat işini təkmilləşdirmək üçün Dünya Gigiyena Təşkilatının yadımı ilə İspaniya, Portuqaliya, Nigeriyaya gedir.O, İrana qayıtdıqdan sonra ” Bababağı” cüzamlılar evinin müdiriyyətini öhdəsinə götürür.1968 – ci ildə dermatologiya sahəsi üzrə Təbriz Tibb Universitetinin elmi heyətinə qəbul olur.
1974 – cü ildə Dr.Mübəyyin cüzamın müalicəsi sahəsində göstərdiyi xidmətlərinə görə, İran Cüzamlılara Yardım Əncüməninin fəxri üzvü seçilmiş və ölkədə “cüzamlıların atası” adını qazanmışdır.
1999 – cu ildə o, İran Səhiyyə Nazirliyi tərəfindən ölkənin 10 tibb xadimindən biri seçilmiş, İbn Sinanın büstü və fərman lövhəsi ilə təltif edilmişdir.O, 1998 – ci ildə təqaüdə çıxmasına baxmayaraq, Cüzamlılara Yardım Əncüməninin dəvəti ilə 2001 – ci ildə öz tibbi xidmətlərinə davam etmişdir.
Doktor Mübəyyin ədəbiyyat sahəsində də özünəməxsus yeri olan təbib fars və türk dillərində olan şeirləri ilə, xüsusilə uşaq ədəbiyyatına bağışladığı əsərləri ilə mədəni xəzinəmizi zənginləşdirmişdir.
O, fars şeirlərinə”Şəhab”, Azərbaycan dilində olan şeirlərinə ” Şimşək” təxəllüsü ilə imza atmışdır.Şairin tanınmış əsərlərindən “Şəhriyar şeirində şeytan”, ” Qanlı çiçəklər”,” Açıl çətirim açıl”, ” Quş yuvası”, ” Lay-lay, maralım, lay – lay”, “Gəl baharım, gəl”,”Ay balam bağda nə var?” və s.göstərmək olar.
Doktor Məhəmmədhüseyn Mübəyyin Mehr ayının 6 – da (sentyabrın 28 – də) 88 yaşında
1393 – cü ildə (2015) Təbrizdə vəfat etmişdir.
DOST QAPISI
Qəlbimdə səni ömür üzünə bəsləmişəm mən,
Canan deyibən sən gözəli səsləmişəm mən.
Tarac edəli bade- xəzan xərməne – zülfün,
Bir tarinə həsrətlə baxıb, dəyməmişəm mən.
Qasları kaman tək eləyib sevməli yarım,
Səd şükr ki namərdə boyun əyməmişəm mən.
Hicran dağına sel kimi qəltan yağış olsan,
Həsrət bulağında dayanan birləmişəm mən.
Cənnət bağının sən təzə açmış gülü olsan,
Nalan ürəyi qanla dolu bir qəmişəm mən.
Bülbül gülə tutmuş üzünü nalə edərsə,
Mən ayə baxıb dərdlərimi söyləmişəm mən.
Pərvanə əgər şam oduna yansa nə əfsus,
Biganə odunda ürəyi pöşləmişəm mən.
Vəslə çatan əyyamda çox olsa da olsun,
Bir ömür sənin vəslini mən gözləmişəm, mən!
Şimşək, başını sən uca tut dövre zamanda,
Dostun qapısından savayı döyməmişəm mən.
MƏHƏMMƏDHÜSEYN MÜBƏYYİN
Guləddin İsmayilov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü