Silahlı qüvvələr Rza xan diktatorluğunun hərbi dayağı olduğu üçün burada məmləkətin başqa sahələrinə nisbətən daha şıddətli terror və təqib hökm sürməkdə idi.Ona görə də diktatorluğun yıxılması ilə genişlənməyə başlayan azadlıq hərəkatı qoşun hissələri daxilinə daha tez və güclü təsir etdi.İran xalqlarının yaxşı oğullarından olan bir çox zabitləri bu hərəkata qoşularaq öz qüvvələrini həmin hərəkata rəhbərlik edən Hizbe Tudə İranın bayrağı altında birləşdirdilər.Bu əfsərlərdən (zabitlərdən) biri də orta boylu, iri gözlü, sağlam düşüncəli, mohkəm iradəyə malik Məhəmməd Agahi idi.
Məhəmməd Agahi 1909 – cu ildə Təbrizdə anadan olmuşdur.Məhəmməd hələ kiçik uşaq ikən atası ölmüş və bu onun təhsilinə məhdudiyyətlər və çətinliklər törətmişdi.Lakin o, bütün çətinliklərə üstün gələrək oxuyub savadlana bilmişdir.Orta təhsilini Təbriz şəhərində almışdır.Sonra Tehrana köçmüş, burada ali hərbi təyyarəçilik məktəbinə daxil olmuşdur.O, öz bacarıq və ləyaqəti ilə bütün maneələri aşmış, məharətli bir təyyarəçi kimi İran ordusunda şöhrət qazanmışdır.Məhəmməd Agahi 1936 – cı ildən 1945 – ci ilə qədər İran ordusunun hava qüvvələrində xidmət etmişdir.
Məhəmməd Agahi eyni zamanda ictimai elmlər sahəsində bilikli, İran zəhmətkeşlərinin həyat şəraiti ilə yaxından tanış və mövcud quruluşu dəyişdirub demokratikləşdirmək zərurətinə qətiyyətlə inanan alovlu mübariz idi.O, faşizmı və onun İranda olan tərəfdarlarını ifşa edən məqalələrlə çıxış etmişdir.Onun İkinci Dünya müharibəsi illərində” Mərdom”(xalq) ruznaməsində “Faşizm nə deməkdir?” başlıqlı bir sıra məqalələrlə çıxış etməsi bu cəhətdən diqqətəlayiqdir.
1945 – ci ildə şah ordusu içərisində olan mütərəqqi zabitlərə qarşı təqiblərin artması ilə əlaqədar qoşunu tərk edib gizli fəaliyyətə keçmişdir.Mövcud quruluşa qarşı qəti mübarizə aparmaq məqsədilə Azərbaycana gəlir və burada Azərbaycan Demokrat Firqəsinin sıralarına daxil olmuşdur.Bu zaman Azərbaycanda genişlənən xalq hərəkatı Məhəmməd Agahinin daha artıq fədakarlıqlar göstərməsinə əlverişli imkanlar yaratmışdır.O, öz həmvətənlərinin silaha sarılmalarında, hərbi təlimat almalarında, ilk fədai dəstələrinin formalaşmasında bilik və bacarığını əsirgəmir.
Məhəmməd Agahi Azərbaycanda, xüsusilə Sərab və Qaradağ mahallarında fədai dəstələrinin təşkil olunmasında Sərab mahalının, Təbriz şəhərinin, xüsusilə Qaradağ vilayətinin azad edilməsində yaxından iştirak etmiş və burada özünün hərbi bacarığını göstərmişdir.
Sərhəng Məhəmməd Agahi eyni zamanda firqənin işlərində təşkilatın əmrini hər vasitə ilə yerinə yetirməyə hazır olan intizamlı firqəçi idi.
Məhəmməd Agahinin azadlıq hərəkatına xidməti, xalq işinə sədaqəti , onun hərbi bilik və ləyaqəti nəzərə alınaraq Azərbaycan Milli Məclisi tərəfindən “21 Azər” medalı ilə təltif edilmiş və sərhəng (polkovnik) rütbəsi verilməsi haqqında fərman vermişdir.
Məhəmməd Agahi 1325 – ci ildə (1946- cı il) şahənşah ordusu Azərbaycana xaincəsinə basqın etdikdə Miyana cəbhəsində vuruşarkən sayca və hərbi texnika cəhətdən üstün olan düşmən qüvvələri tərəfindın əsir alınmışdır. Məhəmməd Agahi bütün hiyləgər təklifləri rədd etməklə ölümü mərdliklə qarşılamışdır.O, edam olunarkən gözlərinin bağlanmasına icazə vermir və “Yaşasın azadlıq! Yaşasın vətən!” – deyərək düşmən gülləsinə sinə gərir.
Azərbaycan xalqı öz qəhrəman oğlunun xatirəsini əziz saxlayacaq, onun adı isə mübarizə, cəsarət rəmzi kimi həmişə yaşayacaqdır.
Guləddin İsmayilov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü