آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

ŞƏHİDLİK ZİRVƏSİNƏ YÜKSƏLƏN DOKTOR NÜSRƏT BAĞERİ

Təbriz şəhərində “Kərim xan meydanı” yaxınlığından keçənlər doktor Nüsrət Bağerinin həkimxana tablosuna cəlb olardı.Şəhərin birinci və ikinci nahiyələrində yaşayan ailələrin əksəri onunla daha yaxından tanış idilər.Hamı onu nəcib insan, məharətli həkim kimi tərifləyirdi. Ona görə də onun həkimxanasına müraciət edənlərin sayı nisbətən çox idi.Rza xan diktatorluğu dağıldıqdan sonra bu həkimxanaya gət – gel edənlərin sayı daha da çoxalmışdı. Həmin nahiyələrin mütərəqqi fikirli adamları, mövcud quruluşdan narazı olanlar, xüsusilə faşizmə qarşı mübarizə aparanlar doktor Bağerinin həkimxanasında görüşər,danışar, daha səmərəli və mütəşəkkil mübarizələr üçün fikir mübadiləsi edərdilər.O zaman bütün məmləkətdə , o cümlədən Azərbaycanın hər tərəfindən yüksələn belə bir əhval – ruhiyyə azadixah qüvvələrin sürətlə birləşməsilə nəticələnirdi.Hizbe Tudə İranın yaranması ilə doktor Nüsrət Bağeri də onun sıralarına daxil olaraq, irtica əleyhinə mütəşəkkil mübarizəyə qoşulur.

Azərbaycan Demokrat Firqəsi təşkil olarkən doktor Bağeri firqə üzvülüyünə keçir və onun fəal təbliğatçılarından biri kimi çalışır.Bu işdə kütlə arasında olan nüfuz və hörmətindən , bilik və bacarığından məharətlə istifadə edir.

Azərbaycan xalqının inqilabi əzm və iradəsilə qalib gəlmiş 21 Azər nəhzətində (hərəkatında) fəal surətdə iştirak etdiyinə görə doktor Bağeri Azərbaycan Milli Məclisi tərəfindən ” 21 Azər” medalı ilə təltif edilir.

Azərbaycan Demokrat Firqəsinin Təbriz şəhər komitəsi onun fəal işlərini dəfələrlə qiymətləndirmişlər.Doktor Bağeri artıq dərəcədə sadiq və təşkilati adam idi.O, firqənin bütün əmrlərini həyata keçirmək , onun bütün göstərişlərini kütləyə çatdırmaq uğrunda gecə – gündüz fəaliyyət edirdi.

Doktor Nüsrət Bağeri 1283 – cü şəmsi ilində (1904) Qaraçəmən mahalının Qızılca kəndində anadan olmuş, sonralar oxuyub savadlanmış və nəhayət, Tibb universitetini qurtararaq , həkim olmuşdu.Özünün həkimlik məharəti ilə hörmət qazanmış doktor Nüsrət Bağeri xalq azadlığı uğrunda apardığı siyasi fəaliyyətinə görə, öz əqidəsində möhkəm və xalq işinə sadiq olduğu üçün ictimai xadim kimi şöhrət tapmışdır.

Məhəmməd Rza şahın işğalçı və qarətkar qoşunları Azərbaycana xaincəsinə basqın etdikləri zaman doktor Bağerinin evinə soxularaq onu qarət etdikdən sonra özünü də vəhşicəsinə sürüyə – sürüyə küçəyə çəkib daş və bıçaq vasitəsilə öldürmüşlər.Biləvasitə şah və dərbar tərəfindən maddi vəsaitlə təmin olunan bu alçaq cəlladların vəhşilikləri, doktor Nüsrət Bağerinin bütün ailə üzvlərinin gözləri qarşısında küçənin ortasında işgəncələrlə öldürülməsi onun məslək yoldaşlarının xatirəsindən silinməyəcəkdir.Onun tutulduğu vaxt işgəncə altında cəlladlara xitabən

dediyi:” Məhv olsun zülm və istismar, yaşasın azadlıq və səadət!” sözləri indi də Azərbaycan xalqının ürək sözü kimi səslənməkdədir.

Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Facebook
Telegram
Twitter
Email