Heydər Əli Bağer oğlu 1298 – ci şəmsi ilində (1919) Məmeqan kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur.O, doğulduğu kənddə köhnə üsulda bir müddət təhsil almış, sonralar isə yoxsul ailəsinə kömək etmək üçün əkinçiliklə məşğul olmuşdur.
Heydər Əli də başqa Azərbaycan kəndliləri kimi il uzunu işlədiyi halda əkin ili başa çatdıqda necə deyərlər; əli xəmir qarnı ac qalırdı.Başqa kəndlilər kimi o da yerli mülkədarlar tərəfindən rəhmsizcəsinə istismar olunduğu üçün, dövlət məmurlarının zülm və soyğunçuluğuna məruz qaldığına görə mövcud quruluşa qarşı nifrət bəsləyirdi.O, boy atdıqca, Təbrizə gəlib getdikcə mövcud ictimai quruluşun irtica mahiyyətini daha dərin başa düşür.Hər şeydən əvvəl ruhanilərin, müftə yeməkdən başqa hünəri olmayan tüfeylilərin irtica quruluşu üçün etdikləri xidmət onun diqqətini cəlb edir.Yeri gəkdikdə , ərbab və dövlət məmurlarının “Qara rəiyyət” əleyhinə ruhanilərin saziş etmələri Heydər Əlinin etirazına səbəb olur.O, həm ruhanilər, həm də qan içən jandarmalar əleyhinə kin və nifrət bəsləyir, gizli və aşkar surətdə öz kəndli yoldaşlarını da bu mübarizədə iştirak etməyə çağırır.
Heydər Əli Bağeri 1321 – ci ildə (1942)Hizbe Tudə İrana üzv olur və özünün kortəbii mübarizəsini başqa yoldaşlarının mübarizəsilə, bütün İran xalqlarının hərəkatı ilə birləşdirmiş olur.
Hizbe Tudə İranın sıralarında ləyaqərt və səmimiyyətlə çalışan Heydər Əli Bağeri, nəhayət, 1324 – cü ildə (1945) Azərbaycan Demokrat Firqəsinin çağırışına müsbət cavab verərək onun üzvülüyünə keçir.O, 21 Azər nəhzətində (hərəkatına) əlində silah iştirak etməklə şərəfli fədailik adı almağa nail olmuşdur.Heydər Əli Bağeri bir çox jandarm postlarının tərksilah edilməsində iştirak etmiş və bu yolda fədakarlıqlar göstərdiyinə görə “21 Azər” medalı ilə təltif edilmişdir.Bağeri firqə kütləsinin , xalqın etimadını cəlb edərək Məmeqan komitəsinə üzv seçilmişdir.
Şahənşah ordusu Azərbaycana xaincəsinə basqın etdikdə minlərlə firqə üzvü kimi Heydər Əli Bağeri də vəhşicəsinə balta ilə şaqqalandı.
O, mərdliklə, rəşadətlə vuruşduğu kimi, ölümü də mərdliklə qarşılamışdır.
Heydər Əli Bağeri saf bir məhəbbətlə öz vətənini, xalqını sevmiş, təmiz bir niyyətlə xalq hərəkatında iştirak edərək, adını azadlıq yolunun mübarizləri lövhəsinə əbədi yazdırmışdır.
Guləddin İsmayilov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü