آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

ƏLİ QƏHRƏMANİ (1904 – 1946)

Təbriz fəhlələrinin irtica əleyhinə apardıqları mübarizənin birinci sıralarında həmişə orta boylu, xoş qiyafə və qorxmaz bir fəhlənin siması hamının nəzərini özünə cəlb edərdi.Bu şəxs Təbriz zəhmətkeşləri içərisində öz qızğın mübarizəsilə məşhur olmuş, hamının tanıdığı Əli Qəhrəmani idi.

Əli Qəhrəmani 1283 – cü (1904) şəmsi ilində Təbriz şəhərində anadan olmuşdur.Onun atası yoxsul olduğu üçün oğlunu oxutdura bilməmişdir. Ona görə də Əli Qəhrəmani uşaq vaxtından öz əməyi ilə işləyib ata və anasına kömək etmişdir. Beləliklə də Əli Qəhrəmani hələ kiçik ikən, istismara əsaslanan feodal – burjua quruluşunun zülm, işgəncə və əzabverici çətinlikləri ilə üz – üzə gələrək mühitin acınacaqlı şəraiti və məhrumiyyətləri içərisində yaşamışdır.

Əli Qəhrəmani 18 yaşında ikən Təbrizdə Lahuti hərəkatında iştirak etmişdir.O, bu hərəkatda Maralan səngərlərində irtica dəstələri əleyhinə müvəffəqiyyətlə vuruşmuşdur.Lahuti hərəkatında nəhayət, iş axtarmaq və polis təqibindən xilas olmaq üçün Tehrana və başqa şəhərlərə müsafirət etmişdir.Qəhrəmani Rza xan diktatorluğunun ən gərgin vaxtlarında belə mübarizədən əl götürməmişdir.O, dəfələrlə Rza xan polisləri tərəfindən təqib və həbs edilmişdir.

İkinci Dünya müharibəsinin əvvəllərində Əli Qəhrəmani Tehranda siman karxanasında işlərkən, təzəcə yaranmış Hizbe Tudə İrana üzv olur.Qocaman azadixah , şahlıq üsulunun barışmaz düşməni Əli Qəhrəmani həmin karxanada çalışarkən irtica əleyhinə apardığı ədalətli mübarizələr nəticəsində fəhlə yoldaşlarının etimadını qazanmış və onların tərəfindən inqilabi şura üzvülüyünə seçilmişdir.

Qəhrəmani Tehranda olduğu zaman şəhərin azərbaycanlı çox olan məntəqələrində həmişə mitinqlər təşkil etməklə zəhmətkeşlərin Hizbe Tudə İranın bayrağı altında birləşmələrinə çalışardı.

1320 – 1323 – cü illərdə Azərbaycanda inqilabi hərəkat başlandığı zaman Əli Qəhrəmani də öz vətəni Azərbaycana gələrək irtica və imperializmə qarşı mübarizəsini davam etdirir.

Təbriz zəhmətkeşlərinin etimadını qazanmış Qəhrəmani fəhlələr tərəfindən Azərbaycan şurayi müttəhidəsinin də üzvü seçilmişdi.

Əli Qəhrəmani Təbrizdə Azərbaycan Demokrat Firqəsinin üzvülüyünə keçdikdən sonra firqənin müraciətnamə və məramnaməsinin , şüarlarının yayılmasında səylə çalışır.O, 21 Azər nəhzətində əlində silah iştirak edir, irtica qüvvələrinin əzilməsində, xalq düşmənlərinin müqavimətinin dağıdılmasında görkəmli fəaliyyət göstərir.

Təbriz zəhmətkeşlərinin sevimlisi, mübariz kargər Əli Qəhrəmaninin xidmətləri nəzərə alınaraq , o, Milli Məclis tərəfindən şanlı ” 21 Azər” medalı ilə təltif olunur.

Milli Hökumət zamanı Əli Qəhrəmani Təbriz nəqliyyat idarəsinin rəisi vəzifəsində işləyirdi.O, eyni zamanda Səttarxan adına atlı fədai dəstələrindən birinin başçısı idi.Şahənşah ordusu Amerika imperialistlərinin dəstəyi ilə Azərbaycana basqın etdikdə Əli Qəhrəmani döyüşə hazır olaraq öz fədai dəstəsilə birlikdə cəbhəyə gedir.Cəbhəyə gedərkən, o, Bostanabad ətrafındakı kəndlərdə dövlətin təşkil etdiyi quldur dəstələri ilə vuruşur, düşmən qüvvələr üstün gəldikdə öz əmisinin evinə pənah aparır.Bir neçə gün gizlində qaldıqdan sonra , nəhayət, Əli Qəhrəmani satqınların xəyanəti nəticəsində tutulur və faciəli surərdə öldürülür.

Hələ gənc yaşlarından başlayaraq irtica və imperializm əleyhinə mübarizə aparan qocaman azadixah Əli Qəhrəmaninin xalq nəhzətinə, (hərəkatına) xalqın haqq və ədalət işinə sədaqəti unudulmazdır.

Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Facebook
Telegram
Twitter
Email