آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

Seyid Cəfər Pişəvərinin bəzi məqalələri

1945 – ci il sentyabr ayının 3 – də Azərbaycan Demokrat Firqəsinin yaranması münasibətilə 3 sentyabr müraciətnaməsi nəşr edilmişdir.Bu müraciətnamə xalqımız tərəfindən geniş və böyük rəğbətlə qarşılandı.Minlərlə azərbaycanlı Azərbaycan şəhərlərində müraciətnamə yapışdırılmış divarların qarşısında toplanıb onu ürək döyüntüsü ilə axıra qədər oxuyurdular. Onlar düşündü, alqışlandı, bu vasitə ilə səadət və azadlığı üçün yol açıldığını hiss etdi.

Bu istiqlal və hərarətli diqqət göstərdi ki, tutduğumuz yol düz və seçdiyimiz hədəf doğrudur.

Bizim başqa firqələr kimi xalqı cəlb etməkdən ötrü ali sözlər ilə deyil, həqiqi yol göstərmək məqsədilə əməli tədbirlər vasitəsilə işə başladığımızı xalq özü çox gözəl bir surətdə dərk etdiyi üçündür ki, müraciətnaməmiz ümumxalq tərəfindən bu qədər həvəs və rəğbətlə qarşılanmağa səbəb oldu.

Müraciətnaməmizun dili olduqca aydın və rəvan idi.Burada xalqın istəkləri, arzuları, ehtiyacları açıq – aydın bir surətdə göstərilmişdi.

Biz İranın istiqlalına əlaqəmənd olduğumuz ilə bərabər Azərbaycan xalqının fərhəngi, ixtiyaratı və öz müqəddaratını öz gücü ilə təyin edilməsini arzu edirik.

Biz öz dilimizi də fərhəng , behdaşt və dövlət idarəsi tələb edirik.Öz dilimizdə kitabımız , ruznaməmiz və ədəbiyyatımız azad bir surətdə

yaranmaqla xalqımızın mütərəqqi bir xalq olmasına imkan verilməlidir.

Biz birinci növbədə öz evimiz olan Azərbaycandan başlayıb tərəqqisinu təmin etməyə çalışırıq.Bunun üçün çox sadə və təbii bir təşkilat vücuda gətirməyi ciddi tələb edirik. Bu təşkilat İran qanun əsasının payəsini təşkil edən əyalət və vilayət əncümənləridir.

Əyalət və vilayət əncümənləri yeni bir təşkilat deyildir.Onun böyük və tarixi keçmişi vardır.İran xalqları Məşrutə almaqda Azərbaycan xalqının əyalət əncüməninin fəaliyyətinə və fədakarlığına borcludur.Ona görə də müstəbidlər və azadlıq düşmənləri birinci növbədə bu təşkilatı aradan çıxarmağa müvəffəq olmuşdur.

Firqəmuz xalqın iradə və gücünə dayanaraq bu haqqı alacaq.Onun vasitəsilə xalqın azadlığını və ölkənin tərəqqisini təmin edəcəkdir.

Firqımiz milli firqə olduğu üçün sinif və təbəqə nəzərdə tutmayıb ümumi camaatı öz bayrağı altına çağırır, bu vasitə ilə mərkəzi hökumət və yerli məmurların ləyaqətsizliyi nəticəsində meydana çıxan nifaq və bəzi yaramaz ünsürlərin düzgün olmayan hərəkətləri sayəsində yaranan hərc – mərc və şuluqluğa xitam verəcəkdir.

Qəzetimiz firqənin rəsmi naşir əfkarı olduğu üçün müraciətnamənin əsaslarını unutmayıb, yeri gəldikcə onun təbir və təsvirinə çalışacaq və xalqı milli azadlıq üçün mübarizəyə hazırlayacaqdır.

Biz bilirik ki, Azərbaycan xalqının daxili və xarici düşmənləri firqəmizin meydana çıxması ilə yarasalar günəşdən qorxduğu kimi qorxuya düşüb ziddimizə qalxacaqdır.Qəzetimiz bu xain ünsürlər ilə ciddi mübarizə etdiyinə görə oxucular üçün fövqəladə bir surətdə təsirli olacaqdır.

Bu şanlı vuruşmalarda biz qətiyyən qalib çıxmalıyıq.Çünki yolumuz doğru və məqsadimiz müqəddəsdir.Biz rəşadətli bir millətin haqq və ixtiyarı üçün mübarizə edirik.

Azərbsycan xalqı öz azadlığını almaqla bütün İran xalqlarını da əsarərdən xilas edəcəkdir.

Seyid Cəfər Pişəvəri

“Azərbaycan” ruznaməsi,1- ci sayı, 1945 – ci il

FİRQƏMİZ

Konqrenin ikinci günü başdan – başa firqə məramnaməsinin ətrafında keçdi. Nümayəndələr əsas maddələr üzərində çox şədid əlaqə ilə bəhs etdilər.48 maddədən ibarət olan bu böyük məramnamədə ictimai, siyasi, maarif və mədəni həyatımızın yenidən qurulması, ölkəmizin ən mütərəqqi və inkişaf etmiş bir ölkə halına salınması üçün əsas və əməli tədbirlər göstərilmişdir.Qurultay onu ciddi müzakirədən sonra az əlavələrlə, əksəriyyət rəylə qəbul etdi.

Milli muxtariyyət, dil azadlığı və bir də torpaq məsələsi çox hərarətlə müzakirə edildi. Nümayəndələr bu məsələlərin tamamilə açılıb aydınlaşdırılmasını öz sualları və çıxışları ilə ortaya sürüb, nəhayət bir çox dəyişikliklər etdikdən sonra qəbul etdilər.

Nümayəndələrimiz məramnaməmizin təkmili üçün 50 – dən artıq təklif yazmışdılar.Bunların bəzilərindən istifadə olundu.Bəzisi isə kafi qədər izah edildikdən sonra rədd edildi.

Konqremiz məramnamə kimi əsas və mühüm məsələni öz ana dilimizdə müzakirə etdi və göstərdi ki, dilimiz şeir və ədəbi dil olduğu kimi, siyasi, ictimai və dövləti məsələlər həll etməkdə də artıq dərəcədə yaralı bir dildir.

Məramnaməmizin rəsmi surətdə qəbul edilməsi ilə firqə özünün yolunu tapdı, dedi – qodulara xitam verdi.Əgər ki, məramnaməmiz bu vaxta qədər məramnamə yerində işlənilir, yeni üzvlər onun əsasını qəbul etməklə firqə sıralarına daxil ola bilər.Lakin bu kafi deyildir.

Məramnaməmiz firqə ola bilməzdi.Bundan sonra bu nöqsan tamamilə aradan qalxır, kim firqəyə girmək istəyirsə əvvəkcə məramnaməmizi qəbul edir, sonra ərizə verib üzv olur.

Biz dəfələrlə yazmışıq, kim iftixar edirsə, gəlib firqəmuzə yazıla bilər.Mürtəd və ikiüzlü qorxaq və bir ayağı müstəbidlər yanında, o biri ayağı azadixahlar ətrafında olan süst ünsür adamlara bizim heç bir surətdə ehtiyacımız yoxdur.

Mərkəzdə və şəhərlərdə təşkilat işi ilə məşğul olanların vəzifəsi bu gündən sonra asanlaşır. Onlar bir kimsə ilə bəhs etməyəcək, ikiüzlü adamların nazını çəkmək ilə vaxtlarını itirməyəcəklər.Kim məramnaməmizi qəbul edirsə, buyursun gözümüz üstə yeri vardır.Kim özünün şəxsi səliqəsini bizə təhmil etmək fikrindədirsə, buyurub gedə bilər – deyib təşkilat işlərini aparacaq hədəf və məqsədimizə yetişməkdən ötrü başladığı böyük işi təqib edəcəkdir.

S.C.Pişəvəri

“Azərbaycan” ruznaməsi, 21 – ci say, 1945

MİLLİ MƏCLİSİN TƏŞKİLİ MÜNASİBƏTİLƏ

İntixabat müvəffəqiyyətlə başa çatıb.Milli Məclis nümayəndələrinin bir – birinin ardınca mərkəzdə toplanmaqdadırlar.Bu böyük iş firqəmiz üçün böyük bir sıçrayış idi. Firqə seçki təbliğatını çox böyük müvəffəqiyyətlə başa çatdırdı.Seçkilərin özü xalqı cəlb etmək, camaata firqə və milli heyətin məqsəd və məramını başa salmaq üçün geniş təbliğat vasitəsi oldu.

Doğrudur, millətimiz çox uzun müddətdən bəri öz milliyyətini hiss edir, aşkar və qeyri – aşkar, zaman və məkana görə özünün azadlıq və muxtariyyəti yolunda mübarizə aparmışdır.Lakin bunların hamısı bu üç ay müddətində aparılan mübarizəyə qətiyyən bərabər tuta bilməz.İndi azərbaycanlı aydın bir surətdə aparılan seçkilər və onlarda müzakirə edilən məsələlər vasitəsilə həqiqi bir xalq və tam mənası ilə mədəni və həssas bir millət səviyyəsinə yetişmişdir.

Min illərlə tarixə malik olan İran dövlətinin arxasında bu gün on min nəfər tapmaq olmaz.Cavan dövlətimiz isə başını ucaldıb , iftixar ilə deyə bilər ki, bu gün onun arxasında milyonlarla kişi və qadınlar qan töküb, ölüb – öldürməyə fəxrlə hazırdırlar.Bu iş millətin qəlbindən çıxmışsa da, firqəmizin, onu təşkil etməkdə böyük xidməti olmuşdur.

Xalqımız həqiqətsevər və saf ürəkli bir xalq olduğu üçün əslən özünün mərdliyini göstərməklə firqənin şüarlarını alqışlayıb, onun göstərdiyi namizədlərə rəy vermək və onun istədiyi tədbirləri can – başla həyata keçirmək yolunda böyük qədəmlər götürdü.

Bütün Azərbaycanda firqənin göstərdiyi namizədlərin seçilməsi xalqın firqəyə olan etimadını və inamını sübut etməkdədir.Artıq xalq şəxsiyyətlərə deyil, firqəyə inanır və onun adına rəy verir.Bu isə yeni və cavan bir firqə üçün böyük müvəffəqiyyətdir.

Çox yerdə kəndlilər sadə bir surətdə :” Biz demokrat firqəsi göstərən namizədlərdən başqasına rəy verə bilmərik; Firqə namizədləri imtahandan çıxmış adamlar olmaqla bərabər firqə qarşısında məsul olduqları üçün bizə xəyanət edə bilməzlər”- deyib öz rəylərini sandıqlara tökmüşlər.

Kütlənin məntiqi tamamilə doğru və düşünülmüş bir məntiqdir.Millətinə rəhbərlik etmək uddiasında olan bir firqə belə olmamalıdır.

Tək kəndli deyildir, şəhərdə də bitərəf camaat , xüsusilə sənətkar və tacir də sadə bir surətdə kəndlilərin məntiqi üzrə rəftar edib firqənin göstərdiyi namizədlərə rəy vermişdir.

Bu vaxta qədər İranda bu görünməmiş bir iş olduğu üçün biz millətin gələcəyi üçün bunu doğru hesab edirik.Millət nə qədər müntəzəm, nə qədər özünün firqəsinə və başçılarına artıq inana bilərsə, yüz o qədər tez bir surətdə öz arzularına çatmağa müvəffəq olar.

Milli məclisimiz yeni bir müəssisə olduğu üçün onda cürbəcür nöqsanlar ola bilər.Bunu biz heç cürə unuda bilmərik.Lakin bu məclis bütün xalqa dayanıb yeni bir dövlət yaratmaq və milli muxtariyyətimizin binasını qoymaq kimi ağır və mühüm vəzifə daşıdığına görə olduqca cazibədar, olduqca böyük bir məclisdir.Orada danışılan sözlər və çıxarılan qərarların xalqa yetirilməsinə artıq dərəcədə əhəmiyyət vermək lazım gəlir.Gərək mütərəqqi adamlar və ziyalı cavanlarımız, xüsusilə yazı və mətbuat ilə məşğul olanlar bu yolda böyük fədakarlıq göstərsinlər.

Biz gərək özümüzü millətimizə və bütün dünya millətlərinə tanıdıb ölkəmizi idarə etməyə layiq olduğumuzu sübut edək.Bunu da milli məclisimizdən gözləyirik.

S.C.PİŞƏVƏRİ

“Azərbaycan” ruznaməsi, 74 – cü sayı, 1945

AZƏRBAYCAN MİLLİ DÖVLƏTİNUN

ELAMİYYƏSİ

Azərbaycan Məclisi Millisinin intixab etdiyi Azərbaycan Milli dövləti İranın istiqlal və tamamiyyətini hifz etməklə bərabər işə başladığını bu vasitə ilə bütün xalqa elan edir.Bu elamiyyə müntəşir olan gündən etibarən malikiyyə xüsusi hifz olmaq şərtilə bütün Azərbaycanda olan dövlət idarələri təzə hökumətin təhdi ixtiyarına keçdiyindən ümumdövlət məmurlarına öz vəzifələrini düzgünlük və sədaqət ilə əncam vermələri tapşırılır.Təzə dövlətin əmrinə itaət edib onun dəsturu ilə rəftar edən işçilər üçün münasib iş şəraiti vücuda gətiriləcək.İşləməkdən imtina edənlər isə kəmale – ehtiramla istədikləri yerlərə göndərilicəkdir.Azərbaycan Milli Hökuməti xalqın səadət və xoşbəxtliyindən ötrü qurulduğu üçün ümumxalqı fəaliyyətə, düzgünlüyə, asayiş və əmniyyəti hifz etməklə bir – birilə qardaşvarı yaşamağa dəvət edir.Əmniyyəti ixlal edən və xalqın mal və can , namus və heysiyyətinə təcavüz edənlər, həmçinin dövlət malına xəyanət əli uzadıb dövlət idarələrindən sui – istifadə edənlər və ya dövlət idarələrində xərabkarlıq, müsamuhə və öz vəzifəsində tənbəllik etmək kimi xainanə təşəbbüslər büruzə verənlər isə xalqın düşməni hesab olunub millət və dövlət yanında nifrət və inzicar qazanmaqla qanuni məhkəmə vasitəsilə mücazat ediləcəkdir.Hamıdan xalqa və ölkəyə xidmət və Azərbaycanın gələcəyi yolunda ciddiyyər gözlənilir.Dövlət isə onun şəraitini vücuda gətirməyə çalışacaqdır.Azərbaycan Milli Nazirlər Heyəti eyni zamanda Azərbaycanda məmuriyyətləri olan xarici dövlətlərin diplomatik nümayəndələrinə məlumat verir ki, keçmişdəki kimi onların yeni beynəlmiləl qanunlar şəraitində olan haqq və ixtiyarları kəmalu – diqqət və etiramla müraat olunacaqdır.Həmçinin demokratik dövlətlərin nümayəndələrinin asayiş və əmniyyətini hifz etmək yolunda milli dövlət heç bir fədakarlıqdan imtina etməyəcəkdir.Bu gündən etibarən dövlətə mütəəlliq olan mənqul və qeyri – mənqul əmval, həmçinin nəqd və cins və etibar milli dövlətin ixtiyarına keçdiyindən onların saxlamağına müəzzəf olan dövlət məmurları keçmişdə verdikləri təəhhüd və qəluk etdikləri məşğuliyyət üzrə onları hifz və hərasət etməyə məcburdurlar.Bu əmvalı heyf – meyl edənlər ağır cəzalandırılacaqlar.Artıq Azərbaycan Milli Hökuməti təhəqqüq tapmış, xalqın iradəsi ilə daxili milli dövlətimiz vücudə gəlib,rəsmi surətdə xalqımızın arzu və amalını izhar etməyə başlamışdır.Xalq isə öz milli hökumətinə var qüvvəsi ilə müsaidət göstərib onun fəaliyyəti üçün münasib şərait vücudə gətirməlidir.

Yuxarıda qeyd edildiyi kimi dövlət var qüvvəsi ilə əmniyyəti hifz etməyə çalışır.Ona görə xalq üçün nigaran olmağa heç bir dəlil yoxdur Hər kəs öz işi ilə məçğul olmalı, öz istədiyi kimi yaşamalıdır.Bazarı bağlamaq, mədrəsələri tətil edib, vəhşət və iztirab yaratmağım mənası yoxdur.Hökumət öz bərnaməsini xalqın ehtiyacı üzündə qurmuşdur Ona görə xalqı narahat edən hadisələrə yol verilməyəcəkdir.Təsadüfi hadisələrə isə çox tez bir zamanda xitəmə veriləcək, macəracular, asayişi ixtilal edənlər saleh məhkəmə tərəfindən mühakimə və şədid bir surətdə mücazat olunacaqlar.Heç bir pis ittifaq düşməyəcək, heç kəsin hüququna toxunulmayacaqdır.Milli Hökumət nəzmiyyə idarəsini təzə qüvvələr, geniş ixtiyaratla gücləndirmişdir.Hərc – mərcliyə artıq meydan verilməyəcəkdir.Xüsusən mədrəsələrimiz həmin keçmiş proqramlarını təqib etməli, tələbələrimiz var qüvvələri ilə imtahanlara hazırlaşmalıdırlar.Kəndlər və şəhərlərdə isə ciddi surətdə işə başlaylb adi hal vücudə gələcək və dövlət məmurları fədailərin və qeyri – məsul şəxslərin dəxaləti olmadan öz vəzifələrini əncam verməyə qadir olacaqdır. Fədai dəstələri untizam altında alınıb müəyyən mərkəzə tabe olacaq.Bu vasitə ilə hər bir sui – hadisə etimalının qabağı alınacaqdır.

Gedin çalışın, asudə olun.Millətimizin gələcəyi və səadətini təmin etmək üçün qəbul etdiyiniz vəzifəni sədaqət və iman ilə əncam verin.Dövlət ümum həmvətənlərdən bunu tələb edir.

S.C.PİŞƏVƏRİ

“Azərbaycan” ruznamısi, 79 – cu sayı,1945

Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Facebook
Telegram
Twitter
Email