آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

MƏHƏMMƏDƏMİN AZADVƏTƏN İSMAYIL İQBAL

(1913 – 1946)

İsmayıl İqbal 1292 – ci şəmsi ilində (1913) Xoy şəhərində anadan olmuşdur.İsmayıl uşaq ikən mədrəsəyə getməyə başlasa da ictimai,iqtisadi məhrumiyyətlər onun da dərs oxumasına mane olur.O, hələ gənc ikən böyük bir ailəni maddi yaşayış vəsaitlə təmin etmək üçün işləməyə başlayır.İsmayıl həyata göz açar – açmaz onun min cürə çətinlikləri ilə, maddi və mənəvi məhrumiyyətlərlə üz – üzə gəlir.Lakin bu məhrumiyyətlər onu əminsizliyə, məyusluğa deyil, bunları doğuran səbəblərə qarşı böyük ümid və arzu ilə vuruşmağa dəvət edir.

Rza xan diktatorluğunun dağılmasından sonra İsmayıl da milyonlarla azadixahların mübarizə sırasına qoşulur.

1322 – ci ildə (1943) Xoyda Hizbe Tudə təşkilatı yaranarkən, o bu təşkilatı böyük sevinclə qarşılayaraq onun fəal üzvlərindən biri olur.

İsmayıl İqbal Azərbaycan fəhlələr ittifaqının Xoy təşkilatının yaranmasında çoxlu zəhmətlər çəkir və bir müddət fəaliyyət göstərdiyindən sonra həmin təşkilatın sədrliyinə rəhbərlik edir.O, Xoy zəhmətkeşlərinin illərdən bəri tapdalanan hüququnu müdafiə etməklə ittihadiyə təşkilatının azadlıq cəbhəsinin sarsılmaz bir səngərinə çevirir.

Nəhayət, 1324 – cü ildə (1945) Azərbaycan Demokrat Firqəsi təşkil tapdıqda o da firqə üzvülüyünə keçir və özünün təşkili fəaliyyətini daha da genişləndirməli olur.O, firqənin məramnaməsinin, təlim və göstərişlərinin Xoy zəhmətkeşlərinə çatdırılmasında böyük rol oynayır.

Azərbaycan xalqının tarixi hərəkatı başlanarkən İsmayıl da silaha sarılaraq bir müddət Xoy fədailərinə başçılıq edir.O, Xoy, Səlmas və Urmiyənin azad edilməsində, İran ordusu əsgərlərinin, jandarmaların tərksilah edilməsində öz fədailəri ilə birlikdə iştirak edir.Onun azadlıq yolunda fəaliyyəti, xalq hərəkatında xidməti nəzərə alınaraq Milli Məclis tərəfindən şanlı “21 Azər” medalı ilə təltif olunur.

Xoy zəhmətkeşlərinin mübariz oğlu İsmayıl İqbal dəfələrlə Xoy təşkilatları tərəfindən Həmkarlar İttifaqı qurultaylarının nümayəndəliyinə, ettehadiyənin sədrliyinə seçilmişdir.O, zəhmətlə böyümüş, bütün şüurlu həyatını da zəhmətkeşlərin azadlıq və səadəti yolunda mübarizəyə həsr etmişdir.

İran hökumətinin ikiüzlü və xain siyasəti nəticəsində ordu hissələri Azərbaycana basqın edərkən irticanın qara əlləri İsmayıl İqbalın da üzərinə uzandı.İsmayılı son dərəcə vəhşiliklə öldürdülər.Dövlət silahlı qüvvələri tərəfindən himayə olunan dərbar nökərləri onu tikə – tikə doğrayaraq ət və sümük parçalarını bir arabaya yığıb şəhərin küçələrində gəzdirdilər.Onlar bu vəhşiliklə səltənət rejiminin Əhməd Qəvam hökumətinin Azərbaycan xalqına, onun nəhzətinə qarşı quduz düşmənçilik münasibətlərini bir daha nümayiş etdirmiş oldular.Öz həyatını Azərbaycan xalqının azadlıq və səadəti uğrunda qurban vermiş İsmayıl İqbalın xatirəsi həmişə səltənət rejiminə və onun imperialist hamilərinə qarşı dərin nifrət və qəzəblə qeyd ediləcəkdir.

Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

“ŞƏHİDLƏRİN QANI İLƏ SUVARILAN AZADLIQ AGACI GƏLƏCƏKDƏ DAHA ÇOX BAR VERƏCƏKDİR.”

Facebook
Telegram
Twitter
Email