(1900 – 1946)
Xalqımızın azadlıq və səadəti uğrunda şəhid olan qəhrəmanlarımızdan biri də Vətənxah İbrahim Adıgözəl oğludur.Vətənxah İbrahim Adıgözəl oğlu 1279 – cu şəmsi ilində (1900) Biləsuvarda kəndli ailəsində anadan olmuşdur.İbrahim ilk təhsilini kənd mollasından almış, lakin oxumaq istəyini davam etdirməyə imkanı olmamışdır.O, hələ çox kiçik ikən atası vəfat etmişdir.İbrahim ailəsini dolandırmaq məqsədilə əvvəllər əkinçilik və sonralar isə kasıbkarlıqla məşğul olmuşdur.O, kasıbkarlıq işi ilə əlaqədar olaraq kəndləri və əyaləti gəzir.Geniş xalq kütlələrinin, o cümlədən, kəndlilərin ağır həyatı ilə tanış olur.O, dövlət məmurlarının, jandarmların və acgöz bəylərin əhalinin başına gətirdiyi zülmü gözü ilə görür və bu vəziyyət onda mövcud quruluşa qarşı kin və nifrət oyadır.
Muğanda dolana bilməyən Vətənxah bir müddət sonra başqa şəhərlərə getməyə məcbur olur.O, işlədiyi yerlərdə fəhlə və kəndlilərin həyatı ilə tanış olur və onda mübarizə ruhu güclənir.Fəhlə mühitində olmaq onun dünyagörüşünu genişləndirir. Bu zaman o , qəti surətdə başa düşür ki, ancaq mübarizə yolu ilə zülmə son qoymaq olar.
Vətənxah, vətəni ürəkdən sevən bir mübariz idi.O yenidən Biləsuvara qayıtdıqdan sonra kəndlilər arasında təbliğat aparmaq işinə başlayır.1322 – ci ildə (1943) Hizbe Tudə İrana daxil olur.Zülm və ədalətsizliyə qarşı mübarizə aparanlara qoşulur.O, hizbin məramnamə və nizamnaməsinin həyata keçirilməsi uğrunda var qüvvə ilə mübarizə aparır, zəhmətkeşləri həmişə sıx birləşməyə dəvət edir.O, partiyanın göstərişi ilə kəndlərdə və köçəri tayfalar arasında təbliğat və izahat işi aparır.Xalq hərəkatının məqsədini sadə dil ilə kəndlilərə başa salmağa çalışır.Zəhmətkeşlərə incə tərzdə yanaşmağı bacaran, gözəl əxlaqa malik olan İbrahim Vətənxahı kəndlilər sevir və ona böyük hörmət edirlər.
1324 – cü ildə (1945) Azərbaycan Demokrat Firqəsi yarandıqdan sonra İbrahim Vətənxah da firqə sıralarına daxil olur və ona tapşırılan vəzifələri ləyaqətlə icra etməyə başlayır.O, firqə təşkilatlarının kəndlərdə yaranıb inkişaf etməsi uğrunda var qüvvə ilə fəaliyyət edir.Vətənxah Araz sahilində Pərəvatlı kəndində məhəlli komitənin nümayəndəsi və başqa vəzifələri məharətlə yerinə yetirir.
Azərbaycanda milli hərəkat başlanan zaman yüzlərlə fəhlə və kəndli kimi İbrahim Vətənxah da fədai dəstələrinə daxil olmuş,xanlara, bəylərə və zalım məmurlara qarşı əldə silah mübarizə aparmış , döyüşlərdə bərkimiş və xalq azadlığı uğrunda mərdliklə vuruşmuşdur.Nəhzətdə göstərdiyi xidmətinə görə Milli Məclis onu ” 21 Azər ” medalı ilə təltif etmişdir.
Şah qoşunları Azərbaycana quldurcasına soxulan zaman İbrahim Vətənxah da Araz çayı qırağındakı kəndlərdə yenidən baş qaldırmış zalım bəylərə və onları müdafiə edən dövlət məmurlarına qarşı vuruşurmuş, nəhayət, Azər ayının 28 – də o, Pərəvatlı kəndində Havar xan və onların adamları tərəfindən tutularaq güllələnmişdir.
Verilən firqəvi vəzifələrin yerinə yetirilməsi uğrunda canından keçən,, mübarizə meydanlarında igidlik göstərən bu cəsur fədai ölüm ayağında belə öz mərdlik və mətanətini itirməmiş, cəlladlar qarşısında başı uca, vüqarla dayanmışdır.O, ölüm ayağında, hətta Azərbaycan Milli hətəkatının haqq olduğunu müdafiə etmişdir.O demişdir ki,” cəlladlar mən İran xalqlarının azadlığı uğrunda ölürəm, lakin zaman gələcəkdir ki, İran xalqlarının mübarizəsi sizi və sizin müdafiə etdiyiniz irtica quruluşunu məhv edəcək və beləliklə bizim qanımızı alacaq.Yaşasın İran xalqlatının azadlığı!” Cəllad Havar xanın gülləsi cəsur fədai İbrahim Vətənxahın alovlu qəlbini dayandırsa da, başqa şəhid yoldaşları kimi onun da əziz xatirəsi fədai yoldaşlarının ürəyində yaşayacaqdır.
Guləddin İsmayilov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü